Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2500/2025 04.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və vəkili Nümayəndə iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10500 manat pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2024-cü ilin oktyabr ayında “Azərsun” holdinqin əməkdaşı olmuş və orada Abdullayev Rəvanla iş yoldaşı olmuşdur. Aralarında münasibət yaxşı olduğundan öz yaxın dostu olan Cavabdeh ilə onu tanış etmişdir. Rəvan Abdullayev ona dostu Cavabdeh problemləri olduğunu və dost kimi ona kömək etməyini xahiş etmişdir. xx.xx.2024-cü ildə Elçin ona borc verməyini və lotoreya oynadığını, xx.xx.2025-ci il tarixdə borcunun hamısını qaytaracağını söz vermişdir. Bu zaman yaxın olduğu üçün ona inanmış və “Leo Bank” kartından 6000 manat onun kartına pul köçürmüşdür. xx.xx.2024-cü ildə Cavabdeh ona yenə pul lazım olduğunu bildirmiş və 3500 manat pul verməsini xahiş etmişdir. O, öz növbəsində əvvəl verdiyi 6000 manat pulu tələb etdikdə 20 yanvar günü qaytaracağını bildirmişdir. Həmin gün 21 saylı notariusda borc müqaviləsi bağlamışlar, ona 3500 manat yenidən borc vermişdir. Cavabdeh taksi fəaliyyəti ilə məşğul olduğunu, qısa zamanda borcunu bağlayacağını bildirmişdir. Bundan sonra cavabeh yenə ona zəng edərək usta yanında olduğunu ona 1000 manat pul göndərməyini xahiş etmişdir. Cavabdeh ona avtomobili düzəlməsə borcunu qaytara bilməyəcəyini bildirmiş, o da məcbur qalıb yenidən cavabdehə 2 dəfə 500 manat olmaqla, cəmi 1000 manat kartına pul göndərmişdir. Cavabdeh yanvar ayında borclu olduğu 10500 manat pulun hamısını qaytaracağını bildirmişdir. Cavabdeh borcu qaytarmadığı üçün dəfələrlə onunla əlaqə saxlamış, sonda polisə müraciət etmişdir. Polisdə izahatında cavabdeh borcu olduğunu, hər ay 500 manat ödəniş edəyəcəyi barədə izahat vermişdir. Həmin hadisədən sonra 2025-ci ilin sonuna kimi cavabdeh hissə-hissə olmaqla cəmi 1492 manat borcundan ödəniş etmişdir. Ona verdiyi 6000 manat kredit olduğuna görə 598 manat faiz borcuna çıxılmışdır. Bu barədə cavabdehin özünün məlumatı var və söhbət əsnasında ona bildiyini demişdir. Hazırda cavabdeh tərəfindən ona heç bir ödəniş olunmur, ümumi olaraq cavabdehin ona 10500 manat borcu vardır. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin artırılmasına dair ərizə verərək, borcun ödənilməsi ilə bağlı əlavə olaraq yaranmış 60 manat yol xərci, 330 manat vəkil xərci və 6000 manat kreditə görə hesablanmış 1418 manat borcun da cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. İddiaçı əlavə olaraq bildirdi ki, Cavabdeh 6000 manat kredit kartından pul göndərmişdir. 3500 manat borca dair isə aralarında notarial qaydada borc müqaviləsi olmuşdur. 1000 manat pulu isə sonradan kartına göndərmişdir. Ümumi borcdan təxminən 1492 manat ödəniş etmişdir. Cavabdehə 6000 manat pulu kredit kartından verdiyini pulu verəndə demişdir. Həmin pula 2 ay faiz hesablanmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçıdan hissə-hissə olmaqla, ümumilikdə 10500 manat borc pul almışdır. Həmin borcundan 1500 manat ödəniş etmişdir. Hazırda iddiaçıya 9000 manat borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı iddiaçı ilə dəfələrlə görüşsələr də, aralarında razılığa gələ bilməmişlər. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, Paşayev X1 Elçin Elşən oğluna 3500 manat məbləğində borc pul vermişdir. “Leobank” kartına dair hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən Elçin Bayramovun hesabına 6000 manat göndərilmiş, 5880.00 manat hesaba daxil olmuş, 117.60 manat komissiya haqqı hesablanmışdır. xx.xx.2024-cü il tarixli, ********* nömrəli və xx.xx.2024-cü il tarixli, ********* nömrəli qəbzlərdən görünür ki, **9053 nömrəli kartdan **5975 nömrəli karta ayrı-ayrılıqda 500 manat pul vəsaiti göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanılmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır... Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 3500 manat məbləğində borc pul vermişdir. “Leobank” kartına dair hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən cavabdeh Elçin Bayramovun kart hesabına 6000 manat pul göndərilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli, ********* nömrəli və xx.xx.2024-cü il tarixli, ********* nömrəli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus **5975 nömrəli karta ayrı-ayrılıqda 500 manat olmaqla, cəmi 1000 manat pul göndərilmişdir. Göründüyü kimi, tərəflər arasında borc münasibətləri ayrı-ayrı məbləğlərə görə yaranmışdır (6000 manat, 3500 manat və 1000 manat) Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləğindən asılı olaraq qanunverici onun etibarlı əqd olması üçün forması ilə bağlı qaydalar müəyyənləşdirmişdir. Belə ki, borc müqaviləsi tərəflərin razılaşması ilə əlaqədar şifahi və yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır Məhkəmə 3500 manat və 1000 manat məbləğində borca münasibətdə qeyd edir ki, tərəflər həmin pul məbləğlərinin verilməsi ilə bağlı müqavilənin etibarlılıq şərtlərinə riayət etmişlər. Belə ki, 3500 manat pulun verilməsi ilə bağlı tərəflər arasında notarial qaydada borc müqaviləsi bağlanmış, 1000 manat pulun verilməsi ilə bağlı isə tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmışdır. Bu cavabdehin etirafı və iş materiallarına əlavə edilmiş qəbzlər ilə də sübut olunur. Lakin cavabdeh həmin məbləğləri geri qaytarmayaraq üzərinə düşən öhdəliyi icra etməmişdir. Cavadehin bu davranışı ilə MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Məhkəmə tələb olunan 6000 manat məbləğində pula münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə qeyd edir ki, tərəflər 6000 manata münasibətdə borc müqaviləsinin bağlanmasında qanunvericiliklə tələb olunan formaya riayət etməmişdirlər ( predmet üç min manatdan çox olduğu üçün yazılı forma mütləq hesab edilmişdir). Belə halda iddiaçının etibarlı əqd üzrə tələb hüququ mövcud deyildir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Məhkəmə qeyd edir ki, borc müqaviləsi etibarsız hesab edilsə də, İddiaçı əhəmiyyətsiz əqd əsasında əsassız varlanmaya görə cavabdehdən həmin məbləğin qaytarılmasını tələb etmək hüququ vardır. Belə ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçı tərəfindən ona verilən pul vəsaiti hesabına əsassız varlanmışdır. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş materialında olan cavabdehin polis bölməsində verdiyi izahatı ilə, həmçinin məhkəmənin hazırlıq iclasında verdiyi izahatı ilə iddiaçının qeyd olunan məbləğdə pulu cavabdehə verməsi sübut olunmuşdur. Cavabdeh ümumi borcunun 10500 manat olduğunu, həmin borcundan iddiaçıya 1500 manat qaytardığını, hazırda 9000 manat borcu qaldığını bildirmişdir. İddiaçının məhkəmə iclasında verdiyi izahatı və iddia ərizəsinin məzmumu ilə cavabdehin borcundan 1492 manat ödəniş etdiyini müəyyən edilmişdir. Belə olan halda, cavabdehin hazırda iddiaçıya olan ümumi borcu 9008 manat (10500-1492) təşkil edir. İddiaçı “Leobank” kartından Cavabdeh verdiyi 6000 manat pula görə yaranmış faiz borcunun ödənilməsini də tələb etsə də, iş materialları ilə tərəflər arasında əvvəlcədən belə bir razılığın olması müəyyən edilmir. İşin qeyd olunan halı ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, tərəflər arasında 6000 manat məbləğində borcun verilməsi ilə bağlı müqavilə etibarsız hesab edildiyindən, onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, digər hüquqi nəticələrə səbəb olmur. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, ödənilmiş 110.08 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin vəkil xərci olaraq 330 manat tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, vəkil xərcinin əvəzi kimi cavabdehdən 330 manat pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə yol xərci ilə bağlı hissədə iddia tələbini əsassız hesab edir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9008 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 110.08 manat məbləğində pul vəsaiti və 330 manat vəkil xərci tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9008 (doqquz min səkkiz) manat pul, dövlət rüsumu kimi ödənilmiş 110.08 (bir yüz on manat səkkiz qəpik) manat məbləğində pul və 330 (üç yüz otuz) manat vəkil xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə İsaqlı
Məhkəmə qərarları › İş №2(062)-2500/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2500/2025
04.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver