Məhkəmə qərarları › İş №2(062)-2525/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2525/2023

27.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2525/2023 27.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 100000 manat pulun və 370 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi uzun illərdir ki, tanıyır. Belə ki, onlar arasında ticarət əlaqələri olmuş və zaman-zaman bir-birilərinə borcları yaranmışdır. Həmin borclar üzləşmə aparılaraq təsdiqlənmişdir. Sonuncu üzləşmə xx.xx.2020-ci ildə aparılmışdır. Bu barədə qəbz Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən ona məxsus ofisdə cavabdehin oğlu Əbülfət və qardaşı oğlu Elnurun iştirakı ilə tərtib edilmişdir. Həmin gün cavabdeh 93000 manat borcunun olmasına dair iltizam vermişdir. Həqiqətdə isə cavabdehin ona 93000 ABŞ dolları borcu olmuş, lakin ona 65100 manatı güzəşt etmiş və borcunu 93000 manata endirmişdir. Cavabdeh də öz təşəkkürünü bildirib ondan razı qalmışdır. Cavabdeh borcu üç il müddətinə qaytarmağı öhdəsinə götürsə də, borcu qaytarmamışdır. Əksinə Tovuz şəhəri Eldəniz Quliyev küçəsində yerləşən və qeyri-rəsmi ona məxsus tikilini 14000 manata sataraq ona cəmi 7000 manat vermişdir. Nəticədə cavabdehin ona 100000 manat borcu yaranmışdır. Dəfələrlə cavabdehdən pulu tələb etsə də, cavabdeh onu müxtəlif bəhanələrlə aldatmışdır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onlar arasında ticarət əlaqələri olmuşdur. Belə ki, cavabdehə mütəmadi olaraq borca pul vermiş, cavabdeh isə ölkənin müxtəlif yerlərindən əlvan metal məlumatları alıb gətirib, daha sonra isə satırlarmış. Həmin puldan cavabdeh borcu qaytarırmış, əldə edilmiş gəlirdən isə cavabdehə də verirmiş. Bu pullar illər ərzində cavabdehin ondan aldığı borc pullarıdır. Hansı ki, həqiqətdə daha çox olsa da cavabdehlə aralarında olan münasibətə görə ona 65100 manatı güzəşt etmişdir. Aralarında tərtib edilmiş qəbz cavabdeh tərəfindən könüllü olaraq imzalanmış, habelə cavabdehin oğlu və qardaşı oğlu da orada iştirak etmişdir. Bundan başqa ona məxsus Tovuz rayonunda olan torpaq sahəsi və tikilini cavabdehin istəyi üzrə ona etibarnamə verərək satdırmışdır. Həmin yeri 2012-ci ildə 26000 ABŞ dollarına tanışı Firudin adlı şəxsin adına almışdır. Cavabdeh hətta ona bildirmişdir ki, başqa şəxsə 2000 manat borcu vardır. Elə oradan həmin pulu ona köməklik edər. Cavabdeh ilə razılaşmışdır. Cavabdeh həmin yeri özünün dediyinə görə 16000 manata satmışdır. Həmin puldan 2000 manat özü götürməli və 14000 manatı ona verməli imiş. Lakin həmin puldan 7000 manat vermiş, qalan pulu isə qaytarmamışdır. Ümumilikdə cavabdehin ona 100000 manat verəcəyi vardır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ilə bağlı göstərdi ki, iddia tələbini qəbul etmir və əsassız sayır. Belə ki, iddiaçı ilə aralarında həm iş, həm də dostluq münasibətləri olmuşdur. İddiaçıdan 2007-ci ildə zavod almaq üçün 60000 manat borc pul almışdır. Həmin pulun qarşılığında isə iddiaçıya ümumi 90000 manat qaytarmışdır. Yəni aldığı puldan əlavə 30000 manat qazanc kimi iddiaçıya vermişdir. İddiaçı ona demişdir ki, həmin pulu sələmə Elman adlı şəxsdən almışdır. İddiaçıya bildirmişdir ki, Tovuz rayonu 6 saylı şərab emalı məntəqəsinin torpağı bahalı ərazidə yerləşir və oranı özəlləşdirmək istəyir. İddiaçı ona pul verməsə də, oranı pul taparaq 25000 manata özəlləşdirərək adına keçirmişdir. Bununla da Etibar ilə şərik olmuşdur. İddiaçı ona 3 ildən bir daimi qəbz yazdırırmış ki, Elman adlı şəxsə göstərsin ki, pulunu ala bilmədiyi üçün ondan aldığı sələmi qaytara bilmir. Şərik olduqları üçün saxta əlyazmalar yazaraq Etibara vermişdir. 2011-ci ilin mart ayında avtoqəza keçirmiş və vəziyyəti ağır olmuşdur. Etibar ona bildirmişdir ki, əməliyyatdan çıxma ehtimalı azdır və torpaq sahəsini onun adına keçirsin. Etibar ilə razılaşmış və alqı-satqı əsasında 30000 manat müqabilində zavodun ərazisini iddiaçıya satmışdır. Hansı ki, alqı-satqıda qeyd olunan pul ona verilməmişdir. Bundan sonra başından “Modern Hospitalda” əməliyyat olunmuş və səhhəti yaxşılaşdıqdan sonra iddiaçı ilə biznes münasibətlərini davam etdirmişlər. İddiaçı ilə şərikli olduğu torpaq sahəsinin 1 hektar 34 sot hissəsini 134000 manata, binanı 7000 manata, transformatoru 3000 manata sataraq pulların ona vermişdir. Şərik olduğundan özünə çatacaq torpaq sahəsinin qalan hissəsini tələb edəndə, iddiaçı ondan hazırki pulu tələb etməyə başlamışdır. Doğrudur ki, həmin qəbzii özü könüllü imzalamışdır. Lakin pul vəsaiti ona realda verilməmişdir. Bundan başqa tələb edilən 7000 manat pul ilə bağlı göstərdi ki, Tovuz şəhəri Eldəniz Quliyev küçəsində yerləşən tikilini 14000 manata satmış, 7000 manatını iddiaçıya vermiş, qalanını isə verməmişdir. Çünki qalan pul onun özünə məxsus olmuşdur. Həmin tikilinin sahibi özü olmuşdur. Sadəcə olaraq Firudin adlı şəxsin adına rəsmiləşdirilmişdir. Bu isə iddiaçının istəyi üzrə olmuşdur. İddiaçıya verdiyi pul isə ondan aldığı materiallara görə borclu olduğu 8400 manata görə olmuşdur. Həmin puldan 1400 manat borclu qalmışdır. Tikili iddiaçının tanışı Firudin adlı şəxsin adına olduğundan həmin şəxsdən aldığı etibarnamə əsasında tikilini satmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tərəflər arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 93000 manat məbləğdə borcunun olmasını etiraf edərək, həmin məbləği 3 il müddətinə qaytaracağı barədə öhdəlik götürmüşdür. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri borcla və əsassız varlanma üzrə yaranmış mülki münasibətlərdir. Ona görə də bu mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc və əsassız varlanma bağlı, habelə əlaqəli olan aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin 93000 manat pulun tələb edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qeyd olunmuşdur ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (Mülki Məcəllənin 329.2 və 329.3-cü maddələri). İddia tələbinin həmin hissəsi üzrə hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 742.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş və Cavabdeh İddiaçı ümumilikdə 93000 manat borc pul almış və xx.xx.2020-ci il tarixdə bu barədə qəbz yazaraq borcunu etiraf etmişdir. Həmin pulu isə cavabdeh 3 il müddətinə qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh verdiyi vədə əməl etməmişdir. Eyni zamanda borcundan hər hansı iddiaçıya pul qaytarmamışdır. İşin qeyd olunan halı cavabdeh tərəfindən imzalanmış sadə formalı qəbz ilə təsdiqin tapır. Həmçinin göstərilənlərin əksi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh məhkəmə iclasında pulun verilmədiyini, sadəcə olaraq aralarında iş və dostluq münasibətləri olduğu üçün həmin qəbzə imza etdiyini bildirsə də, onun bu izahatına məhkəmə tənqidi yanaşmışdır. Çünki, işdə olan və cavabdehin özü tərəfindən könüllü olaraq imza edilmiş qəbzdə göstərilmişdir ki, cavabdeh bu pul vəsaitini oğlunun xeyir işinə və evinin təmirinə görə götürmüşdür. Göründüyü kimi cavabdehin izahatı hər hansı başqa sübut ilə təsdiq edilmədiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin 93000 manat borc pulun tələb edilməsi ilə bağlı hissəsi əsaslıdır. İddia tələbinin tikili satışından əldə olunan 7000 manat pulun verilməməsi hissəsi ilə bağlı məhkəmə göstərir ki, Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (Mülki Məcəllənin 1091.1 və 1091.2-ci maddələri). Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İş naterialları ilə müəyyən edilir ki, Tovuz şəhəri Eldəniz Quliyev küçəsində yerləşən tikili iddiaçıya məxsus olmuş və onun istəyi üzrə Tovuz rayon sakini Firudin adlı şəxsin adına rəsmiləşdirilmişdir. İddiaçı həmin tikilini satmaq qərarına gəlmiş və onun göstərişi əsasında Firudin adlı şəxs cavabdehə etibarnamə vermişdir. Cavabdeh isə həmin tikilini 14000 manata satmış, həmin puldan 7000 manatını iddiaçıya vermişdir. Qalan pulu isə ona verməmişdir. Bu barədə cavabdeh izahatında göstərilənləri təsdiq etmiş, bununla belə qeyd etmişdir ki, tikili ona məxsus olmuşdur, ona görə də geri qalan 7000 manatı iddiaçıya verməmişdir. İddiaçıya verdiyi 7000 manat isə ondan aldığı 8400 manatlıq materialın dəyərindən ödəmə üzrə olmuşdur. Hazırda həmin puldan 1400 manat verəcəyi qalmışdır. İddiaçı isə bu halları inkar etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu barədə izahatına tənqidi yanaşılmalıdır. Çünki, tikilinin cavabdehin özünə məxsus ola-ola Firudin adlı şəxsdən alınan etibarnamə üzrə satılması, həmin etibarnaməni iddiaçının adıçəkilən şəxsə göstərişi üzrə verməsi, habelə tikilinin iddiaçının istəyi üzrə Firudin adlı şəxsin adına rəsmiləşdirilməsi tikilinin cavabdehə məxsus olması barədə dəlillərinin ağlabatan olmamasına dəlalət edir. Digər tərəfdən cavabdeh alqı-satqıdan əldə edilmiş 7000 manat pulu iddiaçıdan aldığı 8400 manat məbləğdə materiallara görə verməsinə dair sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair xx.xx.2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus tikilini 14000 manata sataraq yarısını özündə saxlayıb iddiaçıya verməməklə əsassız varlanmışdır. Odur ki, iddianın cavabdehdən 7000 manat alınması hissəsi də əsaslıdır. Cavabdehin vəkilinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə iddia müddətinin tətbiqi yolverilməzdir. Çünki, hər hansı müddətin ötürülməsi iş materialları ilə müəyyən edilməmişdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 100000 manat pul alınaraq İddiaçı verilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 370 manat pulun əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 100000 (bir yüz min) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 370 (üç yüz yetmiş) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar