Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2529/2023 31.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyaları» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyaları» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona məxsus olan adları iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının özlərinin, naturada mövcud olmadıqda isə dəyəri kimi 3100 manat pulun, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 51 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi zərgər kimi tanımışdır. Onunla aralarında olan razılaşmaya əsasən özünə məxsus adlarını qeyd etdiyi qızıl-zinət əşyalarından biri olan boyunbağının ölçüsünü cavabdeh 10 sm uzatmalı idi. Bu məqsədlə istifadə olunan qızılın qiymətini və zəhmət haqqını işin sonunda ona verməli idi. Hətta cavabdeh ondan boyunbağının dəstində olan klon və qolbağı da götürmüşdür ki, boyunbağının rənginə uyğun həmin qızılları da qızıl suyuna salsın və onlar bir-birilərindən seçilməsinlər. Cavabdeh qızılları 2023-cü ilin fevral ayında ondan götürməsinə baxmayaraq bu günə kimi qaytarmamışdır. Dəfələrlə onunla əlaqə saxlayıb qızıllarını tələb etsə də, cavabdeh qızılları Bakı şəhərinə göndərdiyini bəhanə gətirərək qızılları qaytarmamışdır. Cavabdehə verdiyi qızıllar 1800 manat dəyərində 20 qram çəkisi olan 583 əyarlı Rusiya istehsalı mafyoz formalı sepdən, 1000 dəyərində 11 qram çəkisi olan 585 əyarlı Rusiya istehsalı mafyoz formalı qolbağdan və 300 manat dəyərində 3 qram çəkisi olan 583 əyarlı Rusiya istehsalı damla formalı klondan ibarətdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, qızılların cavabdehdə olması barədə onda whatsapp sms mətnləri vardır. Hansı ki, həmin smslərdə cavabdeh qızılların təmir üçün ona verilməsini və tez bir zamanda qaytaracağını bildirir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz rayon Kooperativ Cəmiyyətləri İttifaqı RKC-nin mütəxəssisi tərəfindən verilmiş rəydən görünür ki, 20 qram çəkisi olan 583 əyarlı Rusiya istehsalı mafyoz formalı sepin dəyəri 1800 manat, 11 qram çəkisi olan 585 əyarlı Rusiya istehsalı mafyoz formalı qolbağın dəyəri 1000 manat, 3 qram çəkisi olan 583 əyarlı Rusiya istehsalı damla formalı klonun dəyəri 300 manatdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə əmlak xarakterli olmaqla iddiaçıya məxsus qızıl-zinət əşyalarının qaytarılmaması ilə bağlıdır. Məhkəmə bununla bağlı işin hallarının qanunvericiliyin aşağıda qeyd olunan normaları əsasında təhlil olunmasını zəruri hesab edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülki Məcəllənin 152.1-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.2, 152.3 və 152.4-cü maddələri). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbi vindikasiya iddia növünə aiddir. Yəni vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktik sahibliyi itirən mülkiyyətçi həmin əşyanı naturada özgəsinin (başqa şəxslərin) qanunsuz sahibliyindən geri tələb edir. Bu növ iddianın təyinatı və məqsədi mülkiyyətçinin əşyası üzərində itirilmiş sahibliyinin bərpa edilməsidir. Sahiblik hüququ çox vaxt əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətləri ilə bağlı olduğuna görə vindikasiya iddiası eyni zamanda həmin səlahiyyətləri də müdafiə edir. Beləliklə, vindikasiya iddiası ilə mülkiyyətçinin üçlük (sahiblik, istifadə, sərəncam) səlahiyyətlərinin hamısı müdafiə edilir. İddia tələbinin hazırda mərkəz hüquqi norması Mülki Məcəllənin 157.2-ci maddəsidir, həmin normada təsbit edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. İşin halları Mülki Məcəllənin qeyd olunan norması üztə təhlil edilən zaman müəyyən edilir ki, iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarının həqiqətən mövcud olması, habelə iddiaçıya məxsus olması təsdiqin tapır. Yəni Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiyasının birinci şərti iddiaçıya münasibətdə mövcuddur. İddiaçı da öz növbəsində ona məxsus qızılların cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı aralarında baş tutan whatsapp sms yazışmalarını təqdim etmişdir. Həmin sms yazışmalarından aydın olur ki, cavabdeh həqiqətən iddiaçıdan iddia ərizəsində göstərilən 3 adda qızıl-zinət əşyalarını təmir üçün götürməsini, həmin əşyaların hazırda onda olmasını və qısa bir zamanda qaytaracağını bildirmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki prosessual hüquq doktrinasında qanunsuzsübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi whatsapp sms yazışmaları sübut kimi qəbul edilməli və cavabdehin iddiaçıya həqiqətən də ona məxsus qızılları qaytarmaması nəticəsinə gəlinməlidir. Məhkəmə hesab edir ki, artıq Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiyasının ikinci və üçüncü şərtləri də hazırki mübahisə üzrə mövcudur. Belə ki, mübahisəli qızıl-zinət əşyalarının mülkiyyətçisi olmayan şəxsin yəni faktiki olaraq cavabdehin sahibliyində olması, habelə onun əşyaya sahibliyinin hüquqi əsasının olmaması iş materialları ilə təsdiqin tapdı. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı tərəfindən tələb etdiyi əşyaların mövcudluğu barədə məhkəməyə sübutlar təqdim edilmiş, cavabdeh tərəfindən bu hal mübahisələndirilməmiş, buna görə də iddiaçının həmin əşyalar üzrə mülkiyyətçi olmasına nəticəsinə gəlinmiş, habelə cavabdehin əşyalar üzərində sahibliyinin hüquqi əsası olmamış, ona görə də mübahisəli qızıl-zinət əşyalarının özləri, naturada mövcud olmadıqda isə dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 1800 manat dəyərində 20 qram çəkisi olan 583 əyarlı Rusiya istehsalı mafyoz formalı sepdən, 1000 dəyərində 11 qram çəkisi olan 585 əyarlı Rusiya istehsalı mafyoz formalı qolbağdan və 300 manat dəyərində 3 qram çəkisi olan 583 əyarlı Rusiya istehsalı damla formalı klondan ibarət qızıl-zinət əşyalarının özləri, naturada verilməsi mümkün olmadıqda həmin əşyaların dəyəri alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa məhkəmə onu da diqqətə çatdırır ki, iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumunun əvəzi Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 1800 manat dəyərində 20 qram çəkisi olan 583 əyarlı Rusiya istehsalı mafyoz formalı sepdən, 1000 dəyərində 11 qram çəkisi olan 585 əyarlı Rusiya istehsalı mafyoz formalı qolbağdan və 300 manat dəyərində 3 qram çəkisi olan 583 əyarlı Rusiya istehsalı damla formalı klondan ibarət qızıl-zinət əşyalarının özləri, naturada verilməsi mümkün olmadıqda həmin əşyaların dəyəri alınıb İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 51 (əlli bir) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-2529/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2529/2023
31.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver