Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2585/2025 06.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «tikilinin sökülməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən, Tovuz rayonunun Düz Cırdaxan kəndi ərazisindən keçən, "Tovuz QPS qaz kəməri qolu" magistral qaz kəmərinin 0.9-ci km-də, qaz kəməri ilə 05 (beş) metr məsafədə, inşa edilmiş yaşayış evinin cavabdehlərin öz vəsaiti hesabına tam sökülərək 50-metrlik mühafizə zonasından kənarlaşdırılması və ödənilmiş 100 manat dövlət rüsumunun, mütəxəssis rəyi üçün ödənilmiş 95 manat vəsaitin cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonunun Düz Cırdaxan kəndi ərazisində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq, həmin ərazidən keçən diametiri Dş 219 mm-lik yüksək təzyiqli Tovuz QPS qaz kəməri qolu" magistral qaz kəmərinin 09-cu km-də, qaz kəmərinin mühafizə zonasında, kəmərlə 5 (beç) metr məsafədə yaşayış inşa edilmişdir. Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23. bəndinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7. bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göstərilən magistral qaz kəmərinin 50-metr məsafəsində hər hansı bir tikinti qurğu işlərinin aparılması qadağandır. Cavabdeh tətəfindən inşa edilmiş tikili yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahatında iddia ərizəsində göstərilənləri təsdiq etmiş və idianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, sökülməsi tələb olunan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi onun atasının, yəni digər cavabdehin xüsusi mülkiyyətindədir və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin ev tikilərkən ona qaz kəmərinin yaxınlıqdan keçməsi ilə bağlı heç bir xəbərdarlıq edilməmiş, bundan məlumatı olmamış, tikintiyə heç kim mane olmamışdır. Həmin evə texniki pasport verilmiş, rəsmi sənədlər əsasında işıq, qaz və su xətləri çəkilmişdir. Həmin evdə ailəsi ilə birlikdə yaşayır. Hesab edir ki, iddia tələbi əsassızdır. Yalnız qanunla müəyyən olunmuş məbləğdə kompensasiya veriləcəyi təqdirdə evin sökülməsinə razı olar. Məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh1 izahatında digər cavabdehin dediklərini bir daha təsdiqləmiş və iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar X1 Kəmərləri Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli akta əsasən Tovuz rayonu Düz Cırdaxan kəndində yaşayan Cavabdeh1 Şəmil oğlu tərəfindən Tovuz QPS qaz kəməri qolu Ds219 mm p10kq\sm2 magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 5 metr məsafədə yaşayış evi inşa olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Tovuz rayonu Düz Cırdaxan kənd sakini Cavabdeh1 Şəmil oğlu tərəfindən inşa edilmiş fərdi yaşayış evi magistral qaz kəmərinin 6.2 metr məsafəsində yerləşir. ********** nömrəli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən 100 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hesabına 95 manat vəsait ödənilmişdir. Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Toovuz rayonu Süz Cırdaxan kəndində yerləşən ümumi sahəsi 126 m2 olan fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi Cavabdeh1 Şəmil oğlunun xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın reyestr nömrəsi **********83-10301, qeydiyyat nömrəlsi **********, qeydiyyat tarixi xx.xx.2025 göstərilmişdir. xx.xx.2025-ci il tarixdə əmin fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. AK-02694/03-25 nömrəli xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 və “Azəriqaz” İB arasında qaz satışı ilə bağlı razılığa gəlinmişdir. ATS**********14131 nömrəli müqaviləyə əsasən Cavabdeh1 və "xxxx" ASC arasında elektrik enerjisinin satışı ilə bağlı razılığa gəlinmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək onu satmaq, bağışlamaq, icarəyə vermək, digər eqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti apanımış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanunu Maddə 19 (2-ci hissə) Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına. xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilmelidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə müəyyən etmişdir ki, Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu Düz Cırdaxan kəndində yerləşən ümumi sahəsi 126 m2 olan fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi Cavabdeh1 Şəmil oğlunun xüsusi mülkiyyətindədir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi **********83-10301, qeydiyyat nömrəlsi **********, qeydiyyat tarixi xx.xx.2025 göstərilmişdir. xx.xx.2025-ci il tarixdə əmin fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. Texniki pasporta əsasən fərdi yaşayış evi 2023-cü il tarixdə inşa edilmişdir. Beləliklə cavabdehlərin sahibliyində və istifadəsində olan yaşayış evi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və həmin evin Mülki Məcəllənin 180.1-ci maddəsində nəzərdə tutulmuş özbaşına tikintiyə aid edilməsi üçün əsaslar mövcud deyildir. Hal-hazıra kimi cavabdehlər yaşayış evindən davamlı olaraq təyinatı üzrə istifadə edir. Evin tikintisi zamanı tikinti normalarının və qaydalarının ciddi surətdə pozulması halına dəlalət edən heç bir hal müəyyən edilməmişdir. Cavabdeh tərəfindən inşa olunmuş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən daim təhlükə mənbəyi olması, qaz xəttinin zədələnməsi və ya qaz sızmasının baş verməsinin partlayışa, yanğına və digər ağır nəticəli bədbəxt hadisələrə səbəb ola bilməsinə dair iddiaçının dəlillərinə münasibət bildirərək məhkəmə qeyd edir ki, bu kimi hadisələrin baş verməsi ehtimal ediləndir. Lakin bədbəxt hadisənin qarşısının alınması vətəndaşın mülkiyyət hüququnun pozulması ilə nəticələnməməli, əksinə mülkiyyətə müdaxilə ağlabatan və mütənasib olmalıdır. Belə ki, bədbəxt hadisənin baş verməsinin qarşısının alınması iddiaçının pozitiv öhdəliyidir. Həmin öhdəliyin mahiyyəti isə sözügedən hadisələrin vətəndaşın mülkiyyət hüququnu pozmadan (kompensasiya verilməkla sökülmə, qaz boru xəttinin yerinin dəyişdirilməsi və s.) qarşısının alınmasını ehtiva edir. Göründüyü kimi, iddiaçının iddia tələbi cavabdehin yaşayış sahəsi üzərində qanunla qorunan mülkiyyət hüququnu poza bilər. Halbuki, yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə, hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst, öz iradəsinə uyğun olaraq sahiblik, istifadə etmək və sərəncam vermək hüququna malikdir və mülkiyyət hüququna hər cür müdaxilə qanunla qadağan edilir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13, 29-cu maddələri). Yuxarıda qeyd edilən hallara və maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-2585/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2585/2025
06.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver