Məhkəmə qərarları › İş №2(062)-2624/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2624/2024

02.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2624/2024 02.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (atası) X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən dəymiş maddi ziyana görə 15000 manat pulun, vurulmuş mənəvi ziyana görə 15000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 180 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cavabdeh Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 il 03 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Belə ki, cavabdeh Vaz 21214 markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili aşırmış və həmin avtomobildə sərnişin qismində əyləşmiş oğlu X1 bud sümüyünün 1/3 hissəsinin yerdəyişməli sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Həmin tarixdə oğlunu Tovuz rayon Farm Qafur tibb mərkəzinə aparmışdır. Oğluna ayağının sınığı diaqnozu qoyulmuş və onun ayağına gips qoyularaq yataq rejimində olması müəyyən olunmuşdur. Bunun üçün həkimə 2500 manat pul vermişdir. Təqribən 35-40 gün onun ayağı gipsdə qaldıqdan sonra həkim onu açmış və məlum olmuşdur ki, ayaq düzgün bağlanmamış və nəticədə əyri bitmişdir. Məcbur olub oğlunu yenidən şəhər xəstəxanasına aparmalı olmuş, orada oğlunun ayağını sındırıb yenidən gips qoymalı olmuşlar. Bütün bunlar üçün 10000 manat pul ödəmişdir. Ümumilikdə bu müddət ərzində oğlunun müalicəsinə 15000 min manat xərc çəkmişdir. Hesab edir ki, həmin pul qarşı tərəfdən tutularaq ona ödənilməlidir. Bundan başqa fiziki iztirab yaşamışdır. Oğlunun yataqda qalması və bir il ərzində tədrisdə işitrak edə bilməməsi ona mənəvi zərər vurmuşdur. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, maddi ziyan ilə bağlı çəkdiyi xərclərə dair qəbzlər təqdim etmişdir. Həmin qəbzlərdən başqa ödəniş qəbzi yoxdur. Cavabdeh tərəf ona hər hansı pul ödəməmişdir. Təkcə Firdovsi həkimə 1600 manat pul vermişdir. Əməliyyat isə tibbi sığorta hesabına edilmişdir. Bundan başqa yol xərcləri də həmin pula daxildir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (atası) X6 iddia tələbi ilə bağlı göstərdi ki, iddia əsassızdır. Belə ki, yol-nəqliyyat hadisəsi baş verən zamandan daimi olaraq bütün xərclər onlar tərəfindən qarşılanmışdır. Hətta iddiaçının oğlunun müalicə üçün aparılması belə onlar tərəfindən maşın tutulmaqla həyata keçirilmişdir. İddiaçıya hər hansı əlavə maddi yardım etməyə gücləri çatmır. İddiaçı oğlunun müalicəsi üçün həqiqətən də iddia ərizəsində göstərilən məbləğdə pul xərcləmişsə bunun qəbzlərini təqdim etməlidir. Lakin yalan danışdığı üçün sübut təqdim edə bilmir. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 (bir) il 03 (üç) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 373/2024 saylı qərarından görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmışdır. Modern Hospital tərəfindən verilmiş hesab-fakturadan görünür ki, X2 müayinəsi üçün xx.xx.2024-cü il tarixdə 86 manat pul ödənilmişdir. West Hospital tərəfindən verilmiş hesab-fakturadan görünür ki, X2 müayinəsi üçün xx.xx.2024-cü il tarixdə 40 manat pul ödənilmişdir. Sab Aptek N1 tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, X2 müalicəsi üçün xx.xx.2024-cü ildə 38 manat dəyərində dərman preparatı alınmışdır. Vita Aptekləri MMC tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, X2 müalicəsi üçün xx.xx.2024-cü ildə 95,08 manat dəyərində dərman preparatı alınmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatlarını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlillərinə görə tərəflər yaranmış mübahisə cinayət hadisəsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə, əlaqəli normalar əsasında həll edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.36-cı maddəsinə əsasən zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır. Cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır (CPM-nin 12.2-ci və 87.1-ci maddəsi) Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş materiallarında olan qanuni qüvvəsini almış hökm üzrə təsdiq edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü ildə, sahiblik hüququ X3 məxsus olan Vaz 21214 markalı, **-DF- *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan Tovuz-Böyük Qışlaq avtomobil yolunun Tovuz rayonu, Böyük Qışlaq kəndi ərazisindən keçən hissəsi ilə üzü Tovuz rayonu, Çatax kəndi istiqamətində idarə edərkən idarəetməni itirərək avtomobili aşırmış, nəticədə ehtiyatsızlıqdan həmin avtomobildə sərnişin qismində əyləşmiş X1 bud sümüyünün 1/3 hissəsinin yerdəyişməli sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının oğlunun sağlamlığını pozması təsdiqin tapmışdır. Doğrudur ki, iddiaçı oğlunun müalicəsi üçün xərc çəkmişdir. Lakin bu zaman çəkilmiş xərcin həqiqətən də 15000 manat olması sübuta yetirilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır İddiaçı tərəfindən sübut kimi ödəniş qəbzləri təqdim edilmişdir. Təqdim olunan qəbzlərə məhkəmə tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı tərəfindən oğlunun müayinəsi üçün Modern Hospitala xx.xx.2024-cü ildə 86 manat, West Hospitala xx.xx.2024-cü il tarixdə 40 manat pul ödənilmişdir. Həmçinin iddiaçı tərəfindən oğlunun müalicəsi üçün yazılmış dərman preparatlarının alınması üçün xx.xx.2024-cü ildə Vita Aptekləri MMC-yə 95,08 manat, xx.xx.2024-cü ildə isə Sab Aptek N1-ə 38 manat ödəniş edilmişdir. Göründüyü kimi ümumilikdə iddiaçı 259,08 manat xərc çəkilmişdir. Ona görə sübut olunan hissəyə uyğun olaraq cavabdehdən yuxarıda göstərilən məbləğdə pul alınaraq iddiaçıya verilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. İddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə göstərir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarınının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.» Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun». Göstərilən hüquq normalarını işin faktik halları ilə birlikdə təhlil edərək məhkəmə o qənaətə gəlmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. Həmçinin qeyd olunmalıdır ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarın 2-ci bəndində verilən tərifə görə, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bu baxımdan işin halları təhlil olunduqda görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi üzrə iddiaçının oğlunun ayağının sınması nəticəsində onun hərəkətinin məhdudluğu iddiaçını bir ata kimi sarsıtmışdır. Onun gözü qarşısında oğlunun yataqda olması, tədris prosesindən ayrılması, həmyaşıdlarından geri qalması mənəvi iztirab yaşamasına səbəb olmuşdur. Bu halda iddiaçının mənəvi zərərin ödənilməsini tələb etməsi əsaslıdır. Lakin bununla yanaşı iddiaçı iddia ərizəsində ona dəymiş mənəvi ziyanın hansı səbəblərdən məhz 15000 manat məbləğində müəyyən olunmasını əsaslandırmamışdır. Məhkəmə mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 500 manat pulun tutularaq iddiaçıya verilməsini işin hallarına uyğun və ədalətli hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Məhkəmə xərcləri ilə bağlı göstərilir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 30 manat məbləğdə pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 259,08 (iki yüz əlli doqquz manat səkkiz qəpik) manat, mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib Cavabdeh 30 (otuz) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar