Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2702/2025 29.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh onun əvəzinə Tovuz Kredit İttifaqı MMC-yə ödədiyi 2575 manatın və dövlət rüsumu hesabına ödənilən 46 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə eyni hərbi hissədə qulluq etmiş və həmin vaxtdan aralarında yaxın münasibət yaranmışdır. Hazırda o xəstəliyi ilə əlaqədar hərbi xidmətdən tərxis edilmişdir ,cavabdeh də hərbi xidmətdən tərxis edilmişdir. Lakin aralarındakı etibarlı münasibət davam etmişdir. Cavabdeh ilə yaxın münasibət zəminində onun "xxxx" MMC-dən kredit götürdüyünü bilmişdir. 2024-cü ildə Cavabdeh qısa müddətdə borcunu qaytaracağına inandıraraq kredit borcunu ödəməkdə ona maddi kömək etməsini xahiş etmişdir. O, dost olduqlarına görə Məhəmmədin xahişini nəzərə alaraq Tovuz Kredit İttifaqı MMC-yə olan borcunu 2575 (iki min beş yüz yetmiş beş) manatı nağd olaraq həmin təşkilata ödəmişdir. Cavabdeh onun əvəzinə ödədiyi 2575 manatı qısa müddətdə ona qaytaracağını vəd etmişdir. Lakin aradan bir müddət keçdikdən sonra Cavabdeh onun pulunu qaytarmamış və dəfələrlə ondan pulunu tələb etməsinə baxmayaraq o, pulu qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh onun əvəzinə ödədiyi 2575 manat borcunu könüllü surətdə ona qaytarmadığına görə həmin pul ondan məhkəmə qətnaməsi əsasında alınmalıdır. Tərəflərin izahatları İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, iddiaçıya 5000 manat borc vermiş, həmin məbləğin cəmi 2000 manatının qaytarılmışdır. İddiaçı ilə aralarında borc müqaviləsi vardır. "xxxx" MMC-yə iddiaçı tərəfindən onun əvəzinə ödənilmiş vəsait iddiaçıya deyil ona məxsus olmuş, iddiaçı onun xahişi ona verdiyi pulla banka ödəniş etmişdir. İş materialına əlavə edilmiş sənədlər "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Cavabdeh kreditindən 2575.06 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli, ******* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı "xxxx" MMC-yə 2575.06 manat məbləğində ödəniş etmişdir. Ödənişin təyinatı “Cavabdeh kreditinin ödənilməsi” göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışın surətindən müəyyən olunur ki, İddiaçı aşkar edilmiş ümumi xəstəliyə (üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi dissosiativ pozğunluq, kəskin ifadəli dissosiativ konversion pozğunluq, baş beynin digər zədələnmələri, postravmatik ensefalopatiya) uyğun olaraq xx.xx.2021-ci il tarixdə üçüncü dərəcə əllilik təyin edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 46 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 431. Öhdəliyin üçüncü şəxs tərəfindən icrası 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi İş materiallarından müəyyən edilir ki, Cavabdeh "xxxx" MMC qarşısında kredit müqaviləsi üzrə pul öhdəliyinə malik olmuşdur. İddiaçı 2575.06 (iki min beş yüz yetmiş beş manat altı qəpik) məbləğində vəsaiti kreditorun hesabına ödəməklə cavabdehin öhdəliyini icra etmişdir. Bu hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xx.xx.2024-cü il tarixli, ******* nömrəli mədaxil qəbzi ilə təsdiq olunur. Cavabdeh məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, iddiaçıya 5000 manat borc vermiş, həmin məbləğin cəmi 2000 manatının qaytarılmışdır. İddiaçı ilə aralarında borc müqaviləsi vardır. "xxxx" MMC-yə iddiaçı tərəfindən onun əvəzinə ödənilmiş vəsait iddiaçıya deyil ona məxsus olmuş, iddiaçı onun xahişi ona verdiyi pulla banka ödəniş etmişdir. Lakin məhkəmə tərəfindən prosessual hüquq və vəzifələrinin izah edilib, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə xəbərdar edilməsinə, sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi və sübutların təqdim edilməsi qaydasının izah edilməsinə baxmayaraq cavabdeh Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən məhkəməyə bu etirazının əsası kimi istinad etdiyi halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431-ci maddəsində nəzərdə tutulan “öhdəliyin üçüncü şəxs tərəfindən icrası” hüquqi institutuna uyğun gəlir. Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. İş üzrə müəyyən edildiyi kimi, cavabdehin bank qarşısında olan öhdəliyi şəxsi xarakter daşımadığından, bu borcun İddiaçı tərəfindən icrası qanuna tam uyğun hesab edilməlidir. Mülki Məcəllənin 431.3-cü maddəsində qeyd olunur ki, “Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir”. Bu o deməkdir ki, üçüncü şəxs borclunun əvəzinə kreditor qarşısında öhdəliyi yerinə yetirdikdə, həmin şəxs kreditorun yerinə keçir və borcluya qarşı tələb irəli sürmək hüququ qazanır. Bu halda, İddiaçı cavabdehin banka olan borcunu ödəməklə kreditorun tələbi üzrə icranı təmin etmiş, nəticədə bank qarşısında olan borc öhdəliyi tam başa çatmış, lakin eyni zamanda İddiaçı Cavabdeh qarşı regress (geri tələb) hüququ yaranmışdır. Buna görə də iddia tələbi tam şəkildə əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 191, 214, 216-220, 233, 357 və 1280-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2575 (iki min beş yüz yetmiş beş) manat məbləğdə pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 46 (qırx altı) manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-2702/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2702/2025
29.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver