Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2767/2023 31.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan, kirayə haqqı və kommunal xidmətlərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «maddi ziyan, kirayə haqqı və kommunal xidmətlərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 400 manat məbləğdə maddi ziyanın, 395 manat ödənilməmiş kirayə haqqı və kommunal xidmətlərin əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə Cavabdeh internetdən onun mobil telefonunu əldə edib zəng edib bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov 99 ünvanında yerləşən 2 otaqdan ibarət fərdi yaşayış evini müvəqqəti kirayəyə götürmək istəyir. Buna etiraz etməmiş və ilkin olaraq onu evlə tanış olmağa dəvət etmiş, nəticədə aralarında razılıq olmuşdur. xx.xx.2022-ci il tarixdən etibarən onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqdan ibarət olan fərdi yaşayış evini ona aylıq 230 manat olmaq şərti ilə kirayəyə vermiş və eyni zamanda bildirmişdir ki, hazırda bu məhəllə plana (söküntüyə) düşməlidir. Buna baxmayaraq Cavabdeh onunla razılaşmışdır. Sonradan mənzildə paltar yuyanın olmadığını bildirmiş, o da, öz təşəbbüsü ilə mənzilə “Beko” markalı istismara yararlı paltaryuyan maşını almışdır. xx.xx.2022-ci il tarixdə Tovuz rayonundan Cavabdeh uşaqları oğlu və qızı Bakıya, yəni atasının kirayəyə tutduğu evə gəlmiş və evdə olan məişət əşyalarını onların iştirakı ilə ataları Cavabdeh təhvil vermişdir. Evdə olan qaz plitəsi, “Nova star” markalı su qızdırıcısı, əl-üz yuyan hamam dəsti, “Beko” markalı paltaryuyan, “Polyus” markalı soyuducu, qonaq otaqğında 1 ədəd servant, stol-stul dəsti, 2 ədəd divan və çarpayı, 2 ədəd əlavə çarpayı, 3 gözlü şifoner, 2 ədəd alman istehsallı palaz və ayaqqabı dolabından ibarət əşyaları Cavabdeh təhvil vermişdir. Cavabdeh tərəfindən 230 manat 1 aylıq kirayə haqqı ödənilmiş və hər ay sabit formada aylıq ödənişlərin həyata keçirəcəyini bildirmişdir. Lakin 2-ci ayın 230 manat məbləğində ödənişini 2 dəfəyə yəni, birinci dəfə 150 manat sonradan isə 80 manat olmaqla həyata keçirmişdir. Oktyabr ayının ödənişi tamamlanmışdır. Ödənişlər hər ay bu formada aparılırmış. Nəticə etibarı ilə, 2023-cü ilin 15 iyun tarixinə 130 manat kirayə borcları qalmış, Ramin isə söz vermişdir ki, iyul ayında hər iki ayın ödənişini birlikdə həyata keçirəcəkdir. Buna etiraz etməmişdir. 2023-cü ilin iyul ayının 15-i tarixinə 360 manat ev kirayə borcu və 35 manat kommunal (internet, su və işıq borc) ödənilməmiş qalmışdır. Ümumilikdə 395 manat X1 tərəfindən ödəniş edilmədən xx.xx.2023-cü il tarixdə kirayə qaldıqları evi tərk etmişlər və mənzilin açarlarını özləri ilə aparmışlar. Sonradan Raminə və oğlu İlqarın mobil telefonlarına zəng etmiş, lakin onlar zəngə cavab verməmişlər. Səhəri gün özündə olan evin ikinci açarı vasitəsilə evin qapısını açmış və evə daxil olmuşdur. Evə daxil olan zaman görmüşdür ki, İlqar və bacısı ilə evdə olan öz şəxsi əşyalarını yığaraq evi tərk etmişlər. Yenə Ramin və İlqarın mobil telefonuna zəng etsə də, onlar onun zənginə cavab verməmişlər. Evdə ona məxsus olan əşyalara baxış keçirən zaman su qızdırıcısının üst tərəfdən yanması, paltar yuyanın üst qapaq yerinin sınması, paltar yuyanın ön qapağının bağlanmaması və yerindən qırıldığı, habelə, yataq otağında şifonerin qapısının sındığını görmüşdür. Evin vəziyyəti də evi təhvil verdiyi şəkildə olmamışdır. Bununla bağlı xx.xx.2023-cü il tarixdə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102 qaynar xətti”nə Cavabdehlə bağlı şikayətlə müraciət etmişdir. Müraciəti qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal RPİnin 27-ci Polis Bölməsinə dəvət edilmiş və onun yazılı ərizəsini qəbul edib, hadisə ilə bağlı izahatını da almışlar. Sonradan Cavabdeh dəfələrlə zəng edilmişdir ki, şikayət ərəzisində göstərilən kirayə haqqı müqabilində yaranmış borcunun ödənilməsini təmin etsin. Lakin onun tərəfindən söz verilmiş olsa belə sözünə əməl edilməmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB tərəfindən 3-13-53-2/2Ə9454/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla aidiyyəti məhkəmə instansiyasına müraciət etməyi tövsiyyə edilmişdir. Bu səbəbdən ona dəymiş maddi ziyanla bağlı "xxxx" MMC-dən evdə əşyalara dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün mütəxəssis hesabatı almışdır. Aparılmış hesabatla ümumilikdə məişət əşyalarına 400 manat məbləğində dəymiş ziyan müəyyən edilmiş və 40 manat məbləğində xidmət haqqı ödənilmişdir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, evin əşyaları cavabdehə təhvil verilən zaman istifadəyə tam yararlı vəziyyətdə olmuşdur. Lakin cavabdeh evi ondan təhvil aldığı kimi ona qaytarmamış və evi bağlayaraq evdən çıxıb getmişlər. Hətta onun zənglərinə belə cavabdeh cavab verməmişdir. Cavabdeh özü də əşyaların yararsız olduğunu bildiyi, habelə kirayə haqqını verməmək üçün bu addımı atmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, həqiqətən də iddiaçının ünvan 2 ünvanında yerləşən 2 otaqdan ibarət olan fərdi yaşayış evini aylıq 230 manat ödəmək şərti ilə xx.xx.2022-ci il tarixdən kirayəyə götürmüşdür. Həmin ev onun və uşaqlarının istifadəsində 2023-cü ilin iyul ayına kimi olmuşdur. Həmin ayın 15-də evi tərk etmişlər. Lakin bu zaman iddiaçıya hər hansı məlumat verməmiş və evi ona təhvil verməmişlər. İddiaçı sonradan onunla əlaqə saxlamış, habelə ondan polisə belə şikayət etmişdir. Onun iddiaçıya cəmi kirayə haqqından 130 manat verəcəyi qalmışdır. Kommunal xidmətlərdən istifadəyə görə isə 35 manat borcu qalmışdır. Yəni ümumilikdə iddiaçıya 165 manat verəcək pulu qalmışdır. Onu da qısa zamanda ödəyəcəkdir. Əşyalara dəymiş maddi ziyanla bağlı qeyd edir ki, həmin əşyalar evdə mövcud olmuşdur. Lakin onun tərəfindən əşyalar zədələnməmişdir. Ümumiyyətlə paltaryuyan maşın elə evi kirayəyə götürən andan xarab olmuşdur. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən **********54-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı və digərlərinə məxsusdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti mülki xarakterli olduğu üçün bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş QR E/369 saylı rəydən görünür ki, “Beko” markalı paltaryuyan maşına yerində baxış keçirilən zaman, onun platasının və digər əsas elementlərinin nasaz olduğu aşkar edilmişdir. Belə ki, paltaryuyana dəymiş ziyanın məbləği 225.00 manat (iki yüz iyirmi beş) müəyyən edilmişdir. “Novastar” markalı su qızdırıcısına baxış keçirilən zaman onun qeyri-işlək olduğu və təmirinə çəkiləcək xərcin məbləği usta pulu ilə birgə 75.00 manat müəyyən edilmişdir. 3. Dolaba (şkaf) baxış keçirilən zaman bir çox hissəsində cızıqlar və boyaya ehtiyacı olduğu məlum olmuşdur. Dolaba dəymiş ziyanın məbləği 100.00 (bir yüz) manat müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair tərəflərin izahatlarını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlillərinə görə tərəflər yaranmış mübahisə kirayə haqqının, kommunal xidmətlərin və maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və aşağıdakı hüquq normaları əsasında təhlil edilməlidir. Birinci növbədə məhkəmə kirayə haqqının və yaranmış kommunal borcun ödənilməsi ilə bağlı göstərir ki, Mülki Məcəllənin 675-ci maddəsinə görə əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 684.1-ci maddəsində qeyd olunmuşdur ki, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. (Mülki Məcəllənin 697.1 və 697.2-ci maddələri) İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov 99 ünvanında yerləşən fərdi yaşayış evini aylıq 230 manat olmaqla xx.xx.2022-ci il tarixdən kirayəyə götürmüş, həmin evdən cavabdeh 2023-cü ilin iyul ayının 15-nə kimi istifadə etmişdir. Cavabdeh evi tərk edən zaman iddiaçıya məlumat verməmiş və evdən çıxıb getmişdir. Bu işin hallarını tərəflər mübahisələndirmir, lakin aylıq kirayə haqqı ilə bağlı fikir ayrılığı vardır. Belə ki, iddiaçı cavabdehin ona 360 manat kirayə borcunun olmasını, cavabdeh isə yalnız 130 manat kirayə borcunun olmasını bildirir. Kommunal xidmətlərdən istifadəyə görə cavabdeh 35 manat borc olmasını etiraf edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının kirayə haqqı ilə bağlı izahatı daha inandırıcıdır. Belə ki, cavabdeh evdən çıxan zaman ona məlumat verməmiş, evi özbaşına tərk etmiş, hətta evin açarlarını belə özü ilə aparmışdır. Məhz bunların nəticəsidir ki, iddiaçı cavabdeh barəsində polisə şikayət etmişdir. Ona görə də, məhkəmə cavabdehin iddiaçıya 360 manat kirayə borcunun olması qənaətinə gəlir. Məhkəmənin qənaətinə görə mövcud durumda iddiaçının davranışı daha dürüst və səmimidir. Nəzərə almaq lazımdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. İddia tələbinin maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, mülki dövriyyənin normal inkişafı və və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirmələrindən ibarətdir. Müəyyən hallarda mülki hüquq subyektləri müqavilə və ya digər öhdəlikləri yerinə yetirmirlər, ya da lazımınca yerinə yetirmirlər. Bununla da onlar mülki hüquq pozuntuları törətmiş olurlar. Bu cür pozuntuların qarşısının alınması üçün isə mülki qanunvericilik mülki hüquq məsuliyyəti müəyyən edir. Hansı ki, mülki hüquq məsuliyyəti törədilmiş hüquq pozuntusuna görə tətbiq edilən mülki hüquq sanksiyası rolunda çıxış edir. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus evi kirayəyə götürən zaman evin əşyaları ona istifadəyə yararlı vəziyyətdə təhvil verilmiş, lakin cavabdeh evdən çıxan zaman həmin əşyaları iddiaçıya həmin formada təhvil verməmişdir. Hansı ki, cavabdeh evi tərk edəndə hətta kirayə haqqını verməmiş, eyni zamanda kommunal xidmətlərdən istifadə pulunu da ödəməmişdir. Bu barədə yuxarıda qeyd olunmuşdur. İddiaçı evə baxış keçirən zaman müəyyən etmişdir ki, əşyalardan bəzilərinin təmirə ehtiyacı vardır. Hansı ki, onlar yararlı halda təhvil verilmişdir. Bu barədə sübüt kimi iddiaçı tərəfindən "xxxx" MMC tərəfindən verilmiş QR E/369 saylı rəy təqdim edilmişdir. Həmin rəydə göstərilir ki, “Beko” markalı paltaryuyan maşına yerində baxış keçirilən zaman, onun platasının və digər əsas elementlərinin nasaz olduğu aşkar edilmişdir. Belə ki, paltaryuyana dəymiş ziyanın məbləği 225.00 manat (iki yüz iyirmi beş) müəyyən edilmişdir. “Novastar” markalı su qızdırıcısına baxış keçirilən zaman onun qeyri-işlək olduğu və təmirinə çəkiləcək xərcin məbləği usta pulu ilə birgə 75.00 manat müəyyən edilmişdir. 3. Dolaba (şkaf) baxış keçirilən zaman bir çox hissəsində cızıqlar və boyaya ehtiyacı olduğu məlum olmuşdur. Dolaba dəymiş ziyanın məbləği 100.00 (bir yüz) manat müəyyən edilmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə hesab edir ki, qeyd olunan əşyalar cavabdehin istifadəsinə ev kirayə verilən zaman işlək və yararlı halda verilmiş, lakin cavabdeh tərəfindən evdən çıxan zaman iddiaçıya məlumat verilərək həmin əşyalar iddiaçıya təhvil verilməmişdir, bu zaman onların istifadə zamanı cavabdeh tərəfindən zədələnərək yararsız hala salınması ağlabatandır. Cavabdeh əşyaların ona təhvil verilən zaman yararsız olmasını bildirsə də, bu barədə sübutlar təqdim etməmişdir. Ona görə də məhkəmə maddi ziyanın əvəzi kimi 400 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməli olması nəticəsinə gəlir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 400 manat, ödənilməmiş kirayə haqqı və kommunal xidmətlərdən istifadəyə görə 395 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq dövlət büdcəsinə ödənilmiş 30 manat pulun əvəzinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 400 manat, ödənilməmiş kirayə haqqı və kommunal xidmətlərdən istifadəyə görə 395 manat olmaqla cəmi 795 (yeddi yüz doxsan beş) manat pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-2767/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2767/2023
31.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver