Məhkəmə qərarları › İş №2(062)-2782/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2782/2025

17.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2782/2025 17.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 1000 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə mülki işi ilə əlaqədar Cavabdeh ona vəkil olmağını və məhkəmədə baxılacaq mülki işinə kömək edəcəyini bildirib, ondan 1000 manat pul almışdır. Məhkəmədə isə onun mülki işinə baxılarkən onun tərəfindən heç bir köməklik göstərilməmişdir. O, cavabdehdən pulunu geri qaytarılmasını tələb etsə də pulunu qaytarmamışdır. Onun bu dələduzluq əməlinə görə Tovuz Rayon Polis şöbəsinə rəsmi olaraq ərizə ilə müraciət etmişdir. 25 noyabr 2024-cü il tarixdə Tovuz rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı Məhərrəm Məmmədov tərəfindən Cavabdeh əməlində cinayət əməlinin tərkibi olmadığına görə onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu səbəbdən də o, məhkəməyə iddia ərizəsi müraciət etməli olmuşdur. İddia tələbinə etirazın əsaslandırıldığı hallar Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, o, iddiaçının iddia tələbi ilə razı deyil. Belə ki, onların arasında olan razılaşmaya əsasən, iddiaçı ona 1000 manat pulu ödəniş pulu olaraq 2022-ci il 15 aprel tarixində vermişdir (vəkil xərci, daşınmaz əmlaka keçirilmiş rüsumlar, məhkəmə rüsumu və digər xərclər). İddiaçının Tovuz Rayon Məhkəməsində və Gəncə Apellyasiya Məhkəməsində gedən iddiaları üzrə o, ona lazım olan hüquqi sənədlərin tərtibində, sorğuların yazılmasında, cavab alınmasında köməklik etmişdir. Aradan uzun müddət keçməsinə baxmayaraq, hazırda iddiaçı ona qarşı belə bir iddia tələbi ilə məhkəməyə müraciət edir. O, hesab edir ki, o, ona lazımi köməkliyi etmişdir, onun ona verdiyi 1000 manat pulu alıb demək olar ki, hamısını onun sənədləri üçün istifadə etmişdir. O, heç iddiaçıdan zəhmət haqqı almamışdır. Onların razılaşmasına əsasən, iddiaçı ona iş bitdiyi zaman ödəniş edəcəkdi. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı izahatında iddia ərizəsində göstərilənləri təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh onun torpaq sahəsinə yolun açılması ilə bağlı onun əvəzindən bütütn hərəkətləri etməyi, yəni müvafiq müraciətləri hazırlamağı, məhkəməyə və dövlət orqanlarına çatdırmağı, nümayəndə kimi onu həmin orqanlarda təmsil etməyi, rüsum ödənişləri həyata keçirməyi və iddianın təmin edilməsinə yönələn başqa hərəkətləri etməyi öhdəsinə götürmüş, lakin cavabdeh bununla bağlı heç bir şey etməmiş, məhkəmə proseslərini uduzmuşdur. Bütün rüsumları cavabdeh yox özü ödəmişdir. Hüquqları cavabdeh tərəfindən deyil, vəkil X1 tərəfindən müdafiə edilmişdir. Cavabdehdən verdiyi pulu geri tələb etdikdə isə bundan imtina etmiş, onunla kobud davranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialına əlavə edilmiş sənədlər Cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı və X3 Cavabdeh qarşı şikayət ərizələri əsasında Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X2 tərəfindən araşdırma aparılaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasının bütün idarə, müəssisə və təşkilatlarında, icra şöbələrində, qeydiyyat orqanlarında, təhqiqat, polis və prokurorluq orqanlarında onu müdafiə etməyi yox ancaq təmsil etməyi, sənədləri toplamağı, bütün dövlət idarələrində, мüəssisələrdə, təşkilatlarda, İcraçılarda, İcra və Probasiya Şöbələrində, Polisdə və digər hüquq mühafizə orqanlarında, İcra Hakimiyyətlərində, İcra Nümayəndəliklərində, Bələdiyyələrdə, DTX, Prezident Aparatında, Arxiv İdarələrində, ASAN Xidmət Mərkəzlərində, bütün dövlət, idarə və təşkilatlarında nümayəndəsi olmağı, bütün növ arayış və sənədləri toplamağı, sənədləri təqdim etməyi, adından ərizə verməyi, lazımlı sənədlərə imza etməyi, mənə çatası rəyləri, digər sənədləri almağı, notariat qaydasında rəsmiləşdirilən sənədləri imzalamaq, adından imza etməyi, rüsumları ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi Cavabdeh etibar edilmişdir. Həmçinin cavabdeh tərəfindən müxtəlif dövlət orqanlarına özünün və İddiaçı adından ünvanlanmış müraciətlərin surəti təqdim edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında şifahi formada əvəzli tapşırıq müqaviləsi bağlanmışdır. Razılaşmaya əsasən cavabdeh (vəkalət alan) iddiaçının (vəkalət verən) torpaq sahəsinə yolun açılması ilə bağlı mülki hüquqi mübahisənin iddiaçının xeyrinə həll olunmasına kömək edəcəyini öhdəsinə götürmüş, iddiaçı tərəfindən cavabdehə 1000 manat məbləğində şərtləşdirilmiş muzd ödənilmişdir. Hazırki mübahisə tapşırıqdan irəli gələn öhdəliyin icra edilməməsi ilə bağlıdır. Cavabdeh iddiaçının torpaq sahəsinə yolun açılması ilə bağlı mülki mübahisənin həllinə kömək üçün, yəni işlə bağlı vəkil xərci və rüsumların ödənilməsi, Tovuz Rayon Məhkəməsində və Gəncə Apellyasiya Məhkəməsində gedən iddialar üzrə lazımi sənədlərin tərtibi, sorğuların yazılması, cavab alınması müqabilində iddiaçıdan 1000 manat vəsait aldığını qəbul etdiyindən məhkəmə bunları işin mübahisəsiz halları kimi nəzərə alır. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etdiyini bildirərək iddiaya etiraz bildirmiş, öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək üçün müxtəlif dövlət orqanlarına özünün və İddiaçı adından ünvanlanmış müraciətlərin surətini təqdim etmişdir. Təqdim edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, müxtəlif dövlət qurumlarına ünvanlanmış həmin müraciətlər məzmunca işin mahiyyətinə uyğun gəlsə də kserosurət olmaqla onların tərtib edildiyi vaxtı (tapşırığın icrası zamanı, yoxsa sonradan hazırki iş üzrə məhkəməyə sübut qismində təqdim edilməsi məqsədilə tərtib edildiyini) müəyyən etməyə imkan vermir. Həmçinin həmin müraciətlərin müvafiq ünvanlara çatdırılıb-çatdırılmaması da naməlum qalmışdır. Bundan başqa cavabdeh tərəfindən hər hansı rüsum ödənilməsi, vəkilə ödəniş edilməsi, Tovuz Rayon Məhkəməsində və Gəncə Apellyasiya Məhkəməsində gedən proseslər üzrə lazımi sənədlərin tərtibi, sorğuların yazılması ilə bağlı da heç bir sübut təqdim edilməmişdir. Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinə ünvanlanmış apellyasiya şikayəti sənədinin kserosurətini təqdim etsə də həmin sənəd natamamdır və həqiqiliyini müəyyən etməyə imkan vermir. Həmçinin İddiaçı və X3 Cavabdeh qarşı şikayət ərizələri əsasında Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, təhqiqat araşdırması zamanı Tovuz rayon vəkil bürosunun vəkili X1 izahatında bildirmişdir ki, Tovuz rayon Məhkəməsində olan zaman Məleykə Cəlal qızı ona yaxınlaşaraq hüquqi yardım göstərməyini xahiş etmiş, ona Tovuz Rayon Məhkəməsində və Gəncə Apellyasiya Məhkəməsində mülki iddiasına görə hüquqi yardım göstərmiş, Cavabdeh Məleykə Cəlal qızının hüquqlarının müdafiəsi üçün pul almamışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini icra etməsi ilə bağlı öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia təmin edilməli, Cavabdeh 1000 (min) manat məbləğdə pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 191, 214, 216-220, 233, 357 və 1280-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 (min) manat məbləğdə pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar