Məhkəmə qərarları › İş №2(062)-29/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-29/2025

09.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-29/2025 09.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000(dörd min) manat pul və 60 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə qonşudur. 2023-cü ilin aprel ayında Cavabdeh ilə birlikdə hazırda yaşadığı evin hörük hissəsinin bir neçə yerindən və əsasən yan qonşu tərəfdən yuxandan aşağıya doğru çatların olduğuna görə dam örtüyünü dəyişdirməklə (təkrar istifadəyə yaramayacağına görə) hörüyün belinə karkas beton (kəmər) tökülməsi barədə birlikdə baxış keçirmişdir. Töküləcək beton evin bütün çöl və arakəsmələr hissəsinə olmaqla zəhmət haqqını 600 manata (gündəlik yemək-içmək xərcləri onun tərəfindən olmaqla) razılaşmışlar. Ona alınmalı tikinti materiallarının siyahısını yazıb vermişdir. Beton tökülən günü işi ilə əlaqədar şəxsən evdə ola bilməmişdir. İş qurtardıqdan sonra baxış keçirdikdə məlum oldu ki, toxunulmuş ümumi 70 metrə armatur karkasın 2 ədəd 20*20 santimetrlik arakəsmə üçün 6 metrlik və bir neçə ədəd 40*20 santimetrlik evin kənarları üçün müxtəlif uzunluqda ümumiyyətlə kəmər üçün istifadə olunmayaraq yerdə qalmış, istifadə olunmuş sement beton isə yarı karkassız hörüyə tökülüb, qalan hissəsi isə lazımsız yerlərə İstifadə ediblər. Qeyd etdiyi istifadə olunmamış armatur karkaslar, evin üstündən sökülmüş şiferlər, istifadə olunmamış karkas üçün xamıtlar, artıq aldırılmış sement və sair kimi sübutlar hazırda da evindədir. Qeyd edir ki, beton karkas tökdürməkdə məqsədi evin bütün çöl və arakəsmələr hissəsini karkasla bağlayıb evin çatlarını dayandırmaqdan ibarət idi. Nəticədə isə o evdə olmadığından və şəxsən gördükləri işə nəzarət edə bilmədiyindən sui istifadə edib bir növ dələduzluq etməklə ona qarşı maddi ziyan vurmuşlar. Alınmış materilalların və bundan sonra xərcləniləcək digər vəsaitlərin ümumi məbləği 4000 manat civarındadır. Ona görə də, Cavabdeh 4000 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, cavabdeh onun qonşusudur. O başqa ustalarla gəlib iş görmüşdür. Evin divarları çat vermiş, onlar işi keyfiyətsiz görmüşlər. Belə ki, materiallların yarısı yerdə qalmışdır. O dəfələrlə işin sonacan kimi davam etməsini bildirmişdir. Ona görə də, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o təkçə dam örtüyünün vurulması sifarişini qəbul etmişdir. O beton işlətinə baxmır. Evin çat olmasında o cavabdeh deyil. Belə ki, evi də əvvəlcədən o tikməmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər qonşu olmaqla, onlardan biri-iddiaçı sifariş vermiş şəxs, digəri-cavabdeh isə sifarişi qəbul etmiş şəxsdir. İddiaçı özü iddia edir ki, o digər ustaları tanımamış, onları cavabdeh gətirmişdir. Cavabdeh isə işi verilmiş sifariş daxilində görmüş, yəni, evin təkcə dam örtüyünü inşa etmişdir. Yəni, iddiaçı özü də etiraf edir ki, görülən digər işlər başqa ustalarla birlikdə görülmüşdür. Məhkəmə tərəflər arasında yaranmış münasibətlərə tapşırıq müqaviləsindən irəli gələn maddi hüquq normalarının tətbiqini zəruri hesab edir. Mülki Məcəllənin 785.1-ci maddəsinəəsasən əgər tapşırığı bir neçə şəxs birlikdə vermişsə, vəkalət alan qarşısında onlar birgə borclular kimi məsuliyyət daşıyırlar. Qeyd edilən Məcəllənin 785.2-ci maddəsinə əsasən əgər tapşırığı icraya bir neçə şəxs birlikdə qəbul etmişsə, onlar birgə borclular kimi məsuliyyət daşıyır və vəkalət verəni yalnız birgə hərəkətlərlə mükəlləfiyyətli edə bilərlər, bu şərtlə ki, onlar tapşırığın icrasını üçüncü şəxslərə verməyə vəkil edilməsinlər. İddiaçı digər şəxslərin-ustaların kimlərdən ibarət olması barədə sübutlarını məhkəməyə təqdim edə bilməmidir. Mülki Məcəllənin 779.1-ci maddəsinəəsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Ekspert tərəfindən mübahisə ilə bağlı Tovuz rayonu, Qovlar şəhəri, Əhməd Cavad küçəsində yerləşən 44 saylı fərdi yaşayış evi üzrə tədqiqat aparılarkən müəyyən edilmişdir ki, tədqiq olunan fərdi yaşayış evi bir mərtəbəli olub, divarları mişarlanmış əhəng daşları ilə hörülərək suvanmış, dam hissəsi ağac konstruksiyalarla çardaq şəklində quraşdırılaraq metal şiferlərlə örtülmüşdür. Yaşayış evinin daxili hissəsinə baxış zamanı, küçə tərəfə olan otaqda tavanla divarların birləşmə yerlərinə vurulmuş penaplast materialdan olan paduqaların bir neçə yerdən çatladığı, eləcə də evin küçə tərəfdəki fasad divarında suvaq qatının üzərində şaquli istiqamətdə çat izləri əmələ gəldiyi müəyyən olunmuşdur. Eyni zamanda baxış zamanı həyətyanı sahədə 2 ədəd 6,0 metr uzunluğunda (20x20)sm ölçüdə, 3 ədəd 4,0 metr uzunluğunda (40x40)sm ölçüdə armatur karkasların, 9 ədəd sement kisəsinin və işlənmiş vəziyyətdə olan metal şiferlərin olduğu müəyyən edilmişdir. Yaşayış evinin fasad divarındakı suvaq qatının və penaplast materialdan olan paduqaların üzərində yaranmış çatlar dəmir-beton kəmər və yaşayış evinin dam konstruksiyası quraşdırıldıqdan sonra əmələ gəldiyindən, bu qüsurların həmin işi görən ustalar tərəfindən tikinti prosesinin gedişində aradan qaldırılması mümkün deyildir. Yaşayış evinin fsad divarındakı suvaq qatının və penaplast materialdan olan paduqların üzərində yaranmış çatlar dəmir-beton kəmər və yaşayış evinin dam konstruksiyası quraşdırıldıqdan sonra əmələ gəldiyindən, bu qüsurların həmin işi görən ustalar tərəfindən tikintio prosesisinin gedişində aradan qaldırılması mümkün deyildir.Lakin aparılmış hesablamalara əsasən həmin qüsurların aradan qaldırılmasıüçün yerinə yetirilməli təmir işlərinin ümumi dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının ustaların gördüyü kimi işə bəyənmədiyi halda işi dayandırmaq, təhvil almamaq kimi imkanları olduğu halda bunu etməmişdir. Yəni, cavbabdeh tərəfindən görülmüş iş onun tərəfindən bəyənilmiş və bun dna sonra onun haqqı verilmişdir. Əgər bəyənilməsə idi o cavabdehə gördüyü işə görə haqq verməzdi.Eyni zamanda usta iddiaçının qonşusu olmaqla onun naşı usta olduğu halda bundan xəbərdar olmamaq kimi imkanları istisna edilir. Buna baxmayaraq tədqiqat zamanı müəyyən edilmişdir ki, dəymiş ziyan 100 manatdır. Burada da cavabdehin bir başa təqsiri müəyəyn edilməsə də beləŞ həmin qüsur dam quraşdırıldıqdan sonra yarandığından məhkəmə hesab edir ki, qeyd edilən məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan100 manat məbləğində pul da cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdeh 100 manat və ödənilmiş dövlət rüsumunun 30 manatı, cəmi 130 manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar