Məhkəmə qərarları › İş №2(062)-2908/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2908/2023

28.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2908/2023 28.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maneənin aradan qaldırılması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək mərhum əri X1 ona miras qalmış Tovuz rayonu, Əyyublu kəndində yerləşən reyestr nömrəsi **********83-10301, qeydiyyat nömrəsi ********** olan 0,252 ha torpaq sahəsindəki ümumi sahəsi 92,9 kv.m. olan fərdi yaşayış evinə dair vərəsəlik qaydasında onun adına sənədlərin və texniki pasportun hazırlanmasına cavabdehin daşınmaz əmlakın dövlət reyestri xidmətinin nümayəndələrinə, ona və digər şəxslərə qarşı qanunsuz müdaxilələrinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu Yadigar ilə cavabdeh ailə qurmuş, onların birgə yaşayışlarından bir uşaqları doğulmuşdur. Hazırda aralarında olan narazılığa görə ayrılmışlar. Ona məxsus Tovuz rayonu, Əyyublu kəndində yerləşən reyestr nömrəsi **********83-10301, qeydiyyat nömrəsi ********** olan 0,252 ha torpaq sahəsindəki ümumi sahəsi 92,9 kv.m. olan fərdi yaşayış evi vardır. Həmin evdə 1983-cü ildən yaşayır. Cavabdeh də mübahisəli evdə yaşayır. Cavabdeh evdən çıxmır və evə dair sənədləşmə işləri üçün gələn əməkdaşları qovur. Evin qapısı bağlı olduğu üçün evə qonşunun həyətindən daxil olur. Cavabdehin evdən çıxarılması barədə məhkəmədə iddia qaldırmış, lakin evin sənədləri olmadığı üçün iddiası geri qaytarılmışdır. Evə çıxarış almaq üçün dövlət rüsumu ödəmiş, ancaq daşınmaz əmlakın dövlət reyestri xidmətinin nümayəndələri evə gələn zaman cavabdeh onlara ölçmə işləri aparmağa imkan vermir. Bu barədə inzibati orqan ona imtina məktubu vermişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq izahatında göstərdi ki, mübahisəli fərdi yaşayış evi onun mərhum əri X2 mülkiyyətində olmuşdur. Əri öldükdən sonra həmin evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan sonra evə çıxarış almaq üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmiş və həmin orqandan evə ölçmə işlərinin aparılması üçün nümayəndələr gəlmişdir. Lakin cavabdeh səs-küy salaraq onları evdən qovmuşdur. Bu səbəbdən çıxarışın verilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qanunamüvafiq hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,252 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 92,9 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydə alınmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında 2V-1182 saylı şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi arvadə İddiaçıdır. Miras əmlak Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,252 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 92,9 kv.m. olan fərdi yaşayış evindən ibarətdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı ərizəsinin icrasından imtina edilmişdir. Əsas kimi fərdi yaşayış evi üzərində mübahisənin olması göstərilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətə yaradılan maneənin aradan qaldırılması ilə bağlıdır və qanunvericiliyin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İlk növbədə məhkəmə iddianın qaldırılması ilə bağlı iddiaçının subyektv hüququnun olub-olmamasına dair diqqətə çatdırır ki, miras əmlak qanun üzrə iddiaçı tərəfindən qəbul edilmişdir və Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1255-ci maddəsində qeyd olunmuşdur ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Odur ki, iddianın qaldırılması barədə İddiaçı subyektiv hüquqa malikdir. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddia tələbinin mərkəz hüquq norması Mülki Məcəllənin 157.4-cü maddəsidir. Həmin normada təsbit edilmişdir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materialları ilə müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının mərhum əri Yaqub Mirzəyevin mülkiyyəndə olmuş, onun ölümündən sonra iddiaçı birinci növbə vərəsə kimi həmin evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında iddiaçı evi adına keçirmək üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmiş, həmin orqanın əməkdaşları ölçmə işləri üçün evə baxış keçirmək istəsə də, cavabdeh buna imkan verməmişdir. Nəticədə miras qalmış evin iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Mülki Məcəllənin 164.1-ci maddəsində deyilir ki, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı adına sənədləşməsini tələb etdiyi ev üzrə titul sahibliyə malikdir. Lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində o mərhum ərindən qalmış fərdi yaşayış evini adına rəsmiləşdirə bilmir. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulur. Ona görə də, cavabdehin daşınmaz əmlakın dövlət reyestri xidmətinin nümayəndələrinə etdiyi qanunsuz müdaxilələrinə son qoyulmalıdır. İddia tələbinin qalan hissələri isə qeyri-müəyyən olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən Tovuz rayonu, Əyyublu kəndində yerləşən reyestr nömrəsi **********83-10301, qeydiyyat nömrəsi ********** olan 0,252 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 92,9 kv.m. olan fərdi yaşayış evinə dair vərəsəlik qaydasında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən İddiaçı adına sənədlərin tərtib edilməsi zamanı daşınmaz əmlakın dövlət reyestri xidmətinin nümayəndələrinə edilən qanunsuz müdaxilələrə son qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar