Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2921/2023 27.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı, vəkili X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 1829 manat pulun və ödənilmiş 40 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə həmkəndli olmaqla həm də yaxın qonşudurlar. Cavabdeh 2023-cü ilin əvvəlində onun bir neçə şəxsə borclu olmasını bildirmiş və borcun qaytarılmasına köməklik göstərməsini xahiş etmişdir. Cavabdehin xahişinə müsbət cavab vermiş və razılığa gəlmişlər ki, cavabdehin borclarını o qaytarsın, cavabdeh də birgə gördükləri işdən əldə olunan gəlirdən ona olan borcunu qaytarar, ya da 2023-cü ilin sentyabr ayına kimi borcu nağd qaytarar. Beləliklə, xx.xx.2023-cü il tarixdə cavabdehin Hunanlar kənd sakini X1 olan 530 manat, xx.xx.2023-cü il tarixdə Aşağı Öysüzlü kənd sakini X5 olan 110 manat, xx.xx.2023-cü il tarixdə Hunanlar kənd sakini X6 olan 64 manat, xx.xx.2023-cü il tarixdə Şəmkir rayon, Zəyəm Cırdaxan kənd sakini X4 olan 250 manat, xx.xx.2023-cü il tarixdə Hunanlar kənd sakini X2 olan 35 manat borcunu ödəmişdir. Bundan əlavə cavabdeh ondan bir dəfə 700 manat və təkrar olaraq 140 manat olmaqla cəmi 840 manat borc almışdır. Ümumilikdə cavabdehin ona 1829 manat borcu vardır. Lakin cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh verdiyi pulların onun özünə məxsus olmasını iddia etsə də, bu tamamilə yalandır. Cavabdeh ilə şərikli balıq məhsullarının satşı üzrə iş görsələr də, əldə olunan qazanc dərhal sonra bölünmüşdür. Cavabdeh heç vaxt özünə çatacaq pulu onda saxlamamışdır. Pulları cavabdehin əvəzindən verməkdə məqsədi cavabdehlə şərikliyini davam etdirməsindən ibarət olmuşdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə bağlı göstərdi ki, onun həqiqətən də X1 olan 530 manat, X5 100 manat, X6 64 manat, X4 250 manat, X2 35 manat borcu olmuşdur. Həmin pulları da iddiaçı adıçəkilən şəxslərə onun əvəzindən vermişdir. Lakin iddiaçıda olan pul elə onun özünə məxsus pul olmuşdur. Çünki şərikli işləmişlər və əldə olunan gəlirdən ona çatacaq pulları iddiaçıya bildirmişdir ki, borclu olduğu şəxslərə versin. Bundan başqa iddiaçının ona verdiyi 700 manat da, onun özünə çatacaq puldur. Borc kimi almamışdır. Tələb olunan 140 manat ilə bağlı göstərdi ki, həmin pul motor yığılması üzrə təmir pulu olmuşdur və yenə də özünə məxsus pul olmuşdur. İddiaçı sadaladığı bütün pulları versə də, həmin pullar şərikli işdən onun özünə çatacaq pul olmuşdur. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri tərəflər arasında yaranmış hüquq münasibətləri öhdəliyin üçüncü şəxs tərəfindən icrası, habelə borcla bağlı yaranan mülki münasibətlərdir. Odur ki, bu mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borcla bağlı və əlaqəli olan aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İlk növbədə iddia tələbinin cavabdehin borclu olduğu şəxslərə verməli olduğu pulların iddiaçı tərəfindən ödənilməsi və hazırda cavabdehdən tələb edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, işin mübahisə olunmayan hallarıdır ki, cavabdehin X1 olan 530 manat, X5 100 manat, X6 64 manat, X4 250 manat, X2 35 manat borcu iddiaçı tərəfindən cavabdehin istəyi üzrə onlara ödənilmişdir. Lakin cavabdeh iddia edir ki, həmin pullar onun özünə çatası pullar olmuşdur. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir (Mülki Məcəllənin 427.2 və 430.1-ci maddələri). Mülki Məcəllənin 431.1-ci maddəsində qeyd olunmuşdur ki, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Məhkəmə hesab edir ki, həmin pullar iddiaçı tərəfindən cavabdehin borclu olduğu şəxslərə ödənildiyindən, cavabdeh bunu inkar etmədiyindən, habelə cavabdeh verilən pulların onun özünə məxsus olmasını sübut edə bilmədiyindən yuxarıda adları çəkilən şəxslərə verilən ümumilikdə 979 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Öhdəliklərin icrası zamanı vicdanlılıqdan bəhs edən Mülki Məcəllənin 425.1-ci maddəsində göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İddia tələbinin borc olaraq verilmiş 700 və 140 manat olmaqla ümumi 840 manat pulun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (Mülki Məcəllənin 329.2 və 329.3-cü maddələri). İddia tələbinin göstərilən hissəsinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 742.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş və Cavabdeh İddiaçı 700 manat və 140 manat olmaqla ümumilikdə 840 manat borc pul almışdır. Cavabdeh məhkəmə iclasında həmin pulun yenə də onun özünə məxsus olması, yəni şərikli işlərindən ona çatacaq pay olmasını bildirsə də, bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Ona görə də məhkəmə cavabdehin iddiaçıdan 840 manat borc pul alması nəticəsinə gəlmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1819 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 40 manat pulun əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1819 (bir min səkkiz yüz on doqquz) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 40 (qırx) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı oğluna verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-2921/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2921/2023
27.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver