Məhkəmə qərarları › İş №2(062)-2939/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2939/2024

02.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2939/2024 02.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və digərinə qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 2250 manat pulun və dövlət rüsumu kimi ödənilmiş pulun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər ilə aralarında olan qarşlıqlı razılıq üzrə Ceyrançöl adlanan ərazidə şərik qarğıdalı əkib becərməli idilər. Bu səbəbdən Əlişad adlı şəxsdən 6500 manat dəyərində qarğıdalı toxumu almışlar. Pulun ilkin olaraq 1500 manat hissəsini o, 1000 manat hissəsini isə cavabdehlər vermişlər. Aldıqları toxumu Azərin maşını ilə Ceyrançölə gətirmişlər. Razılaşmaları belə olmuşdur ki, məhsulu yığıb satdıqdan sonra pulun geri qalanını ödəyəcəklər. Lakin cavabdehlər üzərinə düşən öhdəlikləri icra etməmiş, onlara aid hissəni Əlişada ödəməmişlər. Nəticədə pulun hamısı onun tərəfindən ödənilmişdir. Hazırda cavabdehlərin ona 2250 manat borcu vardır. Pulunu ala bilmədiyi üçün məcbur qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq izahatında göstərdi ki, Əlişad adlı şəxsdən ümumi 6500 manat dəyərində nisyə olaraq qarğıdalı toxumu almışlar. Məhsulun yarısı yəni 3250 manat dəyərində hissəsi ona, digər yarısı isə cavabdehlərə məxsus olmuşdur. Məhsulu cavabdehlər özü Əlişad adlı şəxsdən şəxsən götürmüşlər. Pulun isə 1000 manatını onlar vermişdir. Geri qalan 2250 manat pulu isə verməkdən imtina edirlər. Əlişad isə onu tanıdığı üçün pulu ondan tələb edir. Cavabdehlərin verməli olduğu 2250 manat pulu Əlişada ödəməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, iddiaçı və Cavabdeh2 ondan 6500 manat dəyərində nisyə olaraq qarğıdalı toxumu almışlar. Pulun yarısı iddiaçı, yarısı isə cavabdeh tərəfindən ödənilməli idi. İddiaçı öz hissəsinə düşən 3250 manat pulun hamısını ödəmişdir. Cavabdeh isə cəmi 1000 manat pul ödəmiş, geri qalan 2250 manat pulu verməmişdir. Həmin pulu iddiaçı da ona ödəməmişdir. Hazırda Cavabdeh2 ona 2250 manat verəcəyi vardır. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, fəhlə kimi Əlişadın çağırışı üzrə gəlmiş və qarğıdalı toxumunu Niva markalı avtomobilə yığımışdır. Bunun müqabilində isə 10 manat zəhmət haqqı almışdır. Lakin tərəflərin heç birin tanımır. Məhsulunun dəyərinin nə qədər olması və kimlər tərəfindən alınması barədə mılumatı yoxdur. Cavabdehər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, habelə, gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə proses iştirakçısının izahatını və şahidlərin ifadəsini dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında yaranmış münasibətlər reqres qaydada pulun tutulmasından ibarətdir. Odur ki, mübahisə Mülki Məcəllənin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İlk növbədə məhkəmə qeyd edir ki, mülki dövriyyənin normal inkişafı və və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirmələrindən ibarətdir. Müəyyən hallarda mülki hüquq subyektləri müqavilə və ya digər öhdəlikləri yerinə yetirmirlə, ya da lazımınca yerinə yetirmirlər. Bununla da onlar mülki hüquq pozuntuları törətmiş olurlar. Bu cür pozuntuların qarşısının alınması üçün isə mülki qanunvericilik mülki hüquq məsuliyyəti müəyyən edir. Hansı ki, mülki hüquq məsuliyyəti törədilmiş hüquq pozuntusuna görə tətbiq edilən mülki hüquq sanksiyası rolunda çıxış edir. Reqres məsuliyyətlə bağlı məhkəmə göstərir ki, reqres məsuliyyət mülki hüquq məsuliyyətinin bir növüdür. Reqres qayıtma və geriyə hərəkət deməkdir. Reqres məsuliyyət odur ki, bu məsuliyyət əsas öhdəlik üzrə borclunun bilvasitə zərərvuranın yerinə zərərin əvəzini kreditora ödəməsini və bundan sonra onun bilavasitə zərərvurana geriyə tələb (reqres) irəli sürməsini nəzərdə tutur. Reqres məsuliyyət isə reqres öhdəlikdən yaranır və reqres öhdəliklər həmişə əsas öhdəliyin icrası anında əmələ gəlir və əsas öhdəlik üzrə borclu reqres öhdəlik üzrə kreditora, bilvasitə zərərvuran isə borcluya çevrilir. Deməli reqres məsuliyyəti bilavasitə zərurvuranın yerinə zərərin əvəzini ödəyən şəxsin əmlak sferasının bərpa olunmasına yönəlir. Mülki Məcəllənin 509.1-ci maddəsində göstərilmişdir ki, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçı və Cavabdeh2 nisyə olaraq Əlişad adlı şəxsdən 6500 manat dəyərində qarğıdalı toxumu almışlar. Məhsulun yarısı İddiaçı, yarısı isə cavabdehə məxsus olmuşdur. Cavabdeh özünə məxsus olan məhsulun dəyərindən 1000 manat Əlişada vermiş, geri qalan 2250 manat pulu isə verməkdən imtina etmişdir. Hansı ki, məhsul onun özü tərəfindən Əlişaddan alınmışdır. Pul məbləği isə iddiaçı tərəfindən də Əlişada ödənilməmişdir. Bununla belə iddiaçı Əlişadın pulu ondan tələb etdiyini bildirərək preventiv tədbir kimi cavabdehlərdən həmin pulu tələb edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Çünki iş materialları ilə təsdiqin tapır ki, nisyə alqısatqı müqaviləsi üzrə münasibətlər Əlişad adlı şəxs ilə Cavabdeh2 arasında yaranmışdır. Bu halda pulu tələb etmək ona məxsus hüquqdur. Digər tərəfdən həmin pul iddiaçı tərəfindən ödənilməmişdir ki, onun reqres qaydada tələb etmək hüququ yaransın. Bir sözlə hazırki pul tələbi üzrə iddiaçı subyektiv hüququ sahib deyildir. Odur ki, iddia tələbi rədd edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar