Məhkəmə qərarları › İş №2(062)-2982/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2982/2023

19.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2982/2023 19.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 ABŞ dolları məbləğində pulun, 3 il ərzində əldən çıxmış faydaya görə illik 5% olmaqla, cəmi 3000 ABŞ dolları zərərin, ümumilikdə 23000 ABŞ dolları məbləğində pulun və dövlət rüsumu hesabına ödədiyi 208 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ortaq dostu X3 vasitəsi ilə tanımışdır. 2019-cu ilin sonlarında Cavabdeh ilə telefonla əlaqə saxlamış və birlikdə iş görərək gəlir əldə etmək istədiyini bildirmişdir. Cavabdeh ona 52 ton çəkidə müxtəlif növdə sitrus meyvələrinin Türkiyədən Rusiyaya gətirə biləcəyini bildirmiş və onun qarşılığında ondan 15000 ABŞ dolları məbləğində pul istəmişdir. Cavabdeh ilə razılaşmış və ortaq dostu Zauru Türkiyəyə göndərmişdir. 15000 ABŞ dolları məbləğində pulu Əliyə çatdırılması üçün o pulu Zaura vermişdir. Zaur Mersin şəhərində Əli ilə görüşüb 15000 ABŞ dolları məbləğində pulu ona vermişdir. Bundan sonra telefonla əlaqə saxlayan zaman Əli ona 15000 ABŞ dolları məbləğində pulu Zaurdan aldığını və 6 gün ərzində Rusiya Federasiyasının Moskva şəhərində məhsullarının çataçağını bildirmişdir. Lakin bundan sonra Əli ilə nə qədər əlaqə saxlasa da müxtəlif bəhanələr gətirərək məhsulları göndərməmişdir. Bu hadisədən 10 gün sonra məcbur olub Türkiyə Respublikasının Mersin şəhərinə getmişdir. Orada Əlinin ondan aldığı 15000 ABŞ dolları məbləğində pulla başqa şəxsə olan borcunu ödədiyini öyrənmişdir. Əli ilə görüşən zaman sonuncu ona məhsulları yaxın müddətdə göndərəcəyini vəd etmişdir. Hətta onun Mersin şəhərinə getmək üçün yol xərci üçün çəkdiyi 5000 ABŞ dolları məbləğin əvəzinə də ona məhsul göndərəcəyini söz vermişdir. Aradan xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh ona 20000 ABŞ dolları məbləğində pul verməli olduğunu etiraf etsə də nə ona məhsul göndərdi, nə də onun pulunu qaytarmışdır. O, bu səbəbdən məcbur olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət yazmışdır. Onun şikayəti üzrə başlanmış cinayət işi aidiyyəti üzrə Tovuz rayon Polis Şöbəsinə göndərilmişdir. Tovuz rayon X4 Bölməsinin müstəntiqi polis mayoru X2 cinayət işinə xitam verilməsi haqqında 24 avqust 2023-cü il tarixli qərarında Cavabdeh ilə aralarında olan mübahisə mülki xarakterli olduğuna görə cinayətişinin icraatına xitam verilmiş və ona məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuşdur. Cavabdeh Ttofiq oğlu ondan aldığı pulu ona vaxtında qaytarmadığına görə ona maddi zərər vurulmuşdur. Belə ki, 20000 ABŞ dolları məbləğində pulun 3 illik əldən çıxmış faydası illik 5% olmaqla 3000 ABŞ dolları təşkil edir. Ona görə də, Cavabdeh 20000 ABŞ dolları məbləğində pulun, 3 il ərzində əldən çıxmış faydaya görə illik 5% olmaqla cəmi 3000 ABŞ dolları zərərin, ümumilikdə 23000 ABŞ dolları məbləğində pulun və dövlət rüsumu hesabına ödədiyi 208 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir, gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh ilə İddiaçı Bilan oğlu arasında sitrus meyvələrinin satışı ilə bağlı nisyə alqı-satqı münasibətləri yaranmışdır. Məhkəmə araşdırılması zamanı tərəflər arasında sitrus meyvələrinin satışı ilə bağlı nisyə alqı-satqı münasibətlərinin yaranması öz təsdiqini tapmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Tovuz Rayon Polis X1 izahat verən X3 izahatında göstərmişdir ki, o Azərdən aldığı 15.000 ABŞ dolları məbləğində pulu Azərin tapşırığı ilə Əliyə vermişdir. Eyni zamanda həmin qərardan görünür ki, Cavabdeh 8000 ABŞ dolları məbləğində pulun Azərdən alındığını etiraf etmişdir. Məhkəmə qeyd edir ki, nəyinki 8000 ABŞ dolları məbləğində pulun Əliyə verilməsi, 20.000 ABŞ dolları məbləğində pulun Azər tərəfindən Əliyə verilməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəməyə təqdim edilmiş CD formatlı diskə baxış keçirilərəkən Əlinin Azərə 20.000 ABŞ dolları məbləğində pul borcunun olması müəyyən edilmişdir. Əli məhkəmə iclaslarında iştirak etməyərək həmin sübutların əksini təsdiq edən hər hansı sübutlar təqdim etməmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış borc müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 20000 ABŞ dolları məbləğində borcu qaytarmaq öhdəliyi daşıyır. Məhkəmə iddia tələbinin əldən çınmış faydaya görə illik 5 faiz hesablanmaqla 3 il müddətinə əldən çıxmış faydanın verilməsinə dair hissəsini də əsaslı hesab edir. Belə ki, iddiaçı 20.000 ABŞ dolları pulu 2019-cu ilin dekabr ayından özündə saxlamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 369.3-cü maddəsinə əsasən aylarla hesablanan müddət müddətin sonuncu ayının müvafiq günündə qurtarır. Məhkəmə hesab edir ki, üç il ərzində illik 5 faiz hesablanmaqla 20.000 ABŞ dollarının 5 faizi, yəni ümumilikdə 3000 ABŞ dolları məbləğində pul da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcələnin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 208 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 20000 ABŞ dolları və əldən çıxmış faydaya görə 3000 ABŞ dolları, cəmi 23.000 ABŞ dolları məbləğində pul (qətnamə icra edilən günə olan Azərbaycan manatı məzənnəsinə uyğun hesablanmaqla) və 208 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 20000 ABŞ dolları və əldən çıxmış faydaya görə 3000 ABŞ dolları, cəmi 23.000 ABŞ dolları məbləğində pul (qətnamə icra edilən günə olan Azərbaycan manatı məzənnəsinə uyğun hesablanmaqla) və 208 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar