Məhkəmə qərarları › İş №2(062)-3178/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3178/2025

09.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3178/2025 09.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 7.800 manat pul üçün artan bank faizlərini nəzərə alaraq 10.000 manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə hec bir ədavətləri yoxdur, hər zaman yaxşı münasibətləri olmuşdur və yaxın qohum olmuşlar. Cavabdeh aprel ayında ona müraciət edərək bildirmiç ki, mağaza açmış və mal üçün ona köməklik lazımdır. Bu səbəblə də ona 7000 manat pul lazımdır. Ona qohumluq münasibətləri olduğu üçün güvənmişdir. Həmin vaxtı o, çardax düzəltdirmək üçün "xxxx" ASC-dən faizi ilə birlikdə cəmi 10.000 manat edən kredit götürmüşdür. Cavabdeh ona müraciət etdiyi üçün həmin kreditdən ona 7.800 manat pulu vermişdir. Pulu cavabdehə verən zaman onun yanında ailə üzvləri olmuşdur. Onların razılaşmalarına əsasən həmin 7.800 manat pulu ona 1 ay müddətində geri qaytaracaqdı. O, dəfələrlə cavabdehdən pulunu tələb etmişdir. Hazırda isə cavabdeh ona vəd etdiyi müddətə pulu ödəməmişdir. Günbəgün kreditlərin üzrəinə faiz gəlir, məbləğ artır. Hesab edir ki, pulu ona vermək fikrində deyil. O, cavabdehə aralarında olan problemi öz aralarında həll edək dedikdə isə aldadaraq yalan vədlər vermişdir. O, yaşlı ailə başçısı, həmçinin şəhid anasıdır, həmin pul onlara vacibdir. Ona görə də məhkəməyə müraciət etməyi qərara almışdır. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçıdan 7000 manat borc almış, 7 ay ərzində 1050 manat ödəməklə borcunu qaytarmışdır. Hazırda iddiaçıya borcu qalmamışdır. Lakin pulu olsa həmin pulu bir daha qaytarar. İddiaçı tərəfindən təqdim edilmiş səs yazıları ona məxsusdur. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddia ərizəsinə əlavə edilmiş 01 ədəd diskdə olan səs yazılarında bir nəfər şəxsin borcunu qaytaracağı ilə bağlı məzmunda danışığı əks olunmuşdur. xx.xx.2025-ci il tarixli, 5113micTVZ23/2 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə borcalan İddiaçı Cəlal qızının 8000 manat əsas məbləği kredit üzrə aylıq ödəniş qrafiki, faiz məbləğləri və cari balanslar göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixdə verilmiş 002860 nömrəli şəhid ailəsi üzvü vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı şəhid ailəsi üzvü statusuna malikdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı Cavabdeh qarşı 10000 (on min) manat məbləğində pulun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bildirmişdir ki, göstərilən məbləğdə pul vəsaitini sonra qaytarılmaq şərtilə cavabdehə vermiş, lakin cavabdeh vəd edilmiş müddətdə həmin pul vəsaitini qaytarmamışdır. Cavabdeh məhkəmə iclasında izahatında 7000 manat məbləğdə pul vəsaitini iddiaçıdan göstərilən şərtlə aldığını qəbul etsə də həmin məbləği tamamilə qaytardığını bildirərək etirazını ifadə etmişdir. İddiaçının iddiası "pulun qaytarılmaması" (yəni öhdəliyin icra edilməməsi) kimi neqativ tərkib əlamətinə əsaslanır. Hüquq nəzəriyyəsində belə hallar sübut edilməsi çətin olan faktlardır, çünki "olmayan" bir halın sübutu, praktiki olaraq, sonsuz sayda alternativi inkar etməyi tələb edir. Əksinə, cavabdeh "pulun qaytarılması" faktına (yəni müsbət tərkib əlamətinə) istinad edir. Bu isə sübut edilə bilən konkret hərəkətdir və qəbz, bank köçürməsi, şahid ifadələri kimi vasitələrlə sübut oluna bilər. Bu səbəbdən, müsbət faktı iddia edən cavabdeh həmin faktı sübuta yetirməlidir. Bu yanaşma həm hüquqi ədalət prinsipinə, həm də sübutetmə qaydalarına tam uyğundur. Məhkəmə tərəfindən prosessual hüquq və vəzifələrinin izah edilib, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə xəbərdar edilməsinə, sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi və sübutların təqdim edilməsi qaydasının izah edilməsinə baxmayaraq cavabdeh məhkəməyə bu etirazının əsası kimi istinad etdiyi halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. İddiaçı tərəfindən 10000 manat məbləğdə vəsait tələb edilsə də cavabdeh bunun 7000 manatını etiraf etmiş, iddiaçı tərəfindən hər hansı başqa sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə iddianın 7000 manat həddində təmin edilməli olduğunu hesab edir. Məhkəmə iddia tələbinin mahiyyətini nəzərə alaraq müəyyən etmişdir ki, mübahisə borc münasibətindən irəli gələn öhdəliyin yerinə yetirilməməsi ilə bağlıdır. Mülki Məcəllənin tələblərinə görə borc münasibətləri, adətən, tərəflər arasında bağlanmış əqdlər əsasında yaranır. Buna görə də, iddianın həlli üçün ilk növbədə həmin əqdin etibarlılığı araşdırılmalıdır. İş üzrə toplanmış materiallardan müəyyən olunur ki, cavabdehə 141135 manat məbləğində pul verilməsi barədə yazılı müqavilə bağlanmamışdır. Müqavilə Mülki Məcəllənin 740.2-ci maddəsi ilə müəyyən edilmiş formaya riayət edilmədən bağlandığı üçün əqd etibarsız hesab olunur və belə halda etibarsız əqdlərdən irəli gələn hüquqi nəticələr tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında da qeyd olunduğu kimi, iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə nəticələri hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Yuxarıda göstərilənləri və təqdim edilmiş sübutların məcmusunu nəzərə alaraq, məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh iddiaçıya məxsus 7000 manat məbləğində pul vəsaitini heç bir hüquqi əsas olmadan əldə etmiş, bununla da əsassız varlanmışlar. Bu halda, Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilənləri nəzərə alaraq iddia təmin edilməli, X1 7000 (yeddi min) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 90 (doxsan) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı şəhid ailəsi üzvü olduğu üçün hazırki iddia ərizəsi üzrə dövlət rüsumu ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilmiş tələbin məbləğinə münasib olan hissəsi, yəni 90 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7000 manat pul vəsaiti tutularaq İddiaçı, dövlət rüsumunun ödənilmiş tələbin məbləğinə münasib olan hissəsi, yəni 90 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 191, 214, 216-220, 233, 357 və 1280-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat pul vəsaiti tutularaq İddiaçı, dövlət rüsumunun ödənilmiş tələbin məbləğinə münasib olan hissəsi, yəni 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar