Məhkəmə qərarları › İş №2(062)-3381/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3381/2025

17.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3381/2025 17.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 1000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun evində 12 il kirayə yaşamışdır. 2025-ci ilin mart ayında cavabdeh onun evindən çıxıb getmişdir. Sonra ona məlum olmuşdur ki, cavabdeh evdə yaşadığı müddətdə kommunal ödənişləri etməmiş və nəticədə qaza, suya və işığa cəmi 1000 manat məbləğdə borcu yaranmışdır. Ondan həmin borcu ödəməsini tələb etsə də müxtəlif bəhanələr gətirməklə bundan yayınmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, evi aralarında şifahi razılaşmaqla cavabdehə kirayə vermiş, razılaşmaya əsasən kommunal ödənişlər cavabdeh tərəfindən ödənilməli olmuşdur. Lakin cavabdeh bu öhdəliyini lazımi qaydada icra etməmiş və evdən gedrəkən 1000 manat kommunal borcu qalmışdır. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, uzun müddət iddiaçıya məxsus evdə kirayədə yaşamışdır. Bu müddət ərzində iddiaçı ilə münasibəti yaxşı olmuşdur. Bu yaxınlarda həmin evi tərk etmişdir. Evdə kirayədə yaşadığı müddətdə evin kommunal xərcləri onun tərəfindən mütəmadi olaraq ödənilsə də son vaxtlar ödənişləri ləngitmiş və 90 manat sudan, 65 manat elektrik enerjisindən, 723 manat isə qazdan istifadəyə görə ödənilməmiş borcu qalmışdır. Əvəzində o da həmin evin sanitar qovşağını təmir etdirmiş, ev sahibi həmin təmirə çəkdiyi xərci ödəməmişdir. Həmin təmir xərcini çıxmaqla ev sahibinə 443 manat kommunal borcuna görə ödəməlidir. Həmin evdə onun 2 ədəd televizoru və digər müxtəlif əşyaları qalmışdır. Ev sahibi həmin əşyaları verdiyi təqdirdə kommunal borcunu qaytaracaq. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 31 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi Məhkəmənin mövqeyi İşin mübahisəsiz hallarına görə, tərəflər arasında kirayə müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. İddiaçı (kirayəyə verən) yaşayış evini cavabdehin (kirayəçinin) istifadəsinə vermiş, cavabdeh isə müəyyən məbləğdə kirayə haqqı ödəməyi, o cümlədən yaşadığı müddətdə kommunal ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Kirayə münasibətlərinə xitam verilmişdir. Hazırki məhkəmə mübahisəsi kirayə münasibətləri ərzində yaranan kommunal ödənişlərlə bağlıdır. İddiaçı ümumi kommunal borcun 1000 manat təşkil etdiyini irəli sürsə də cavabdeh iddianı bu hissədə qismən etiraf etmiş, 90 manat sudan, 65 manat elektrik enerjisindən, 723 manat isə qazdan istifadəyə görə ödənilməmiş borcunun olduğunu bildirmişdir. İddiaçı tələb etdiyi məbləği təstiq edən heç bir sübut təqdim etmədiyi üçün məhkəmə qalıq kommunal borcu cavabdehin bildirdiyi həddə, yəni cəmi 878 manat məbləğdə təsdiq olunmuş hesab edir. Cavabdeh iddiaçının ona kirayəyə verdiyi evdə yaşadığı müddətdə kommunal xidmətlərə görə yaranmış borcunu ödəməyərək üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Cavabdeh öhdəliklərin icrasını həyata keçirməmişdir. Cavabdehin bu davranışı ilə MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən öhdəlik razılaşmanın tələbinə uyğun olaraq icra edilmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh həmin evin sanitar qovşağını təmir etdirdiyini, həmin təmirə çəkdiyi xərci kirayəyə verənin ödəmədiyini, həmin təmir xərcini çıxdıqda kommunal borcuna görə ev sahibinə 443 manat ödəməli olduğunu, həmin evdə onun 2 ədəd televizoru və digər müxtəlif əşyalarının qaldığını, ev sahibi həmin əşyaları verdiyi təqdirdə kommunal borcunu qaytaracağını bildirməklə iddiaya etiraz etsə də məhkəmə hesab edir ki, həmin hallar cavabdehin kirayə qaldığı dövr üçün kommunal ödənişləri ödəməklə bağlı öhdəliyindən azad etmir. Cavabdeh bu hallarla bağlı pozulmasını hesab etdiyi hüquqlarının bərpasına məhkəmədə mülki iddia qaldırmaqla nail ola bilər. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 878 manat məbləğində pul vəsaiti və ödənilmiş 31 manat məbləğində dövlət rüsumu tutularaq dövlət iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 878 (səkkiz yüz yetmiş səkkiz) manat məbləğdə pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar