Məhkəmə qərarları › İş №2(062)-3862/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3862/2025

09.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3862/2025 09.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2500 manat dəyərində qızıl boyunbağı, 800 manat dəyərində qızıl sırğa və 1200 manat dəyərində qızıl üzük olmaqla qızıl-zinət əşyalarının özlərinin, naturada verilməsi mümkün olmadıqda həmin əşyaların dəyəri olan 4500 (dörd min beş yüz) manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 65 (altmış beş) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 6000 manat dəyərində kartof toxumunu nisyə olaraq almış ve borcun qaytarılmasının təminatı olaraq ailə üzvlərinə maxsus 4500 manat dəyərində qızıl-zinət əşyalarını cavabdeh ondan girov olaraq götürmüşdür. Cavabdehə olan borcundan 4500 manatı ödəmiş, hazırda qalan 1500 manat borcunu ödəməyə hazırdır, lakin cavabdeh ondan götürdüyü qızıl-zinət əşyalarını qaytarmaq niyyətində deyil. Belə ki, ondan əsassız olaraq 3000 manat pul tələb edir və pulu ödəməyəcəyi təqdirdə qızılları qaytarmayacağını bildirmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehlə aralarında olan razılaşma və qeyd etdiyi əşyaların girov qoyulması barədə heç bir yazılı sənəd tərtib edilməmiş, şifahi olaraq həyata keçirilmişdir. Təqdim etdiyi diskdə olan məlumatlardan başqa sübutu yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı tərəfindən təqdim edilmiş diskdə olan video fayla baxış zamanı bir nəfər şəxsin telefon ekranında adı “Rasim toxum” adı ilə qeyd edilmiş digər şəxslə danışığı müəyyən olunur. İddiaçı bildirmişdir ki, danışan şəxslərdən biri özü, digəri cavabdehdir. Söhbətin məzmununa əsasən iddiaçı “amanat” adlandırdığı hansısa əşyaları qaytarmasını tələb edir, cavabdeh isə borcunun tam qaytarılmadığını əsas gətirir. xx.xx.2025-ci il tarixli ********** nömrəli bank qəbzinə əsasən İddiaçı 65 manat məbləğdə dövlət rüsumu ödəmişdir. İddia ərizəsinə əlavə edilmiş fotoşəkildə (3 ədəd) boyunbağı, sırğa və üzük görüntüsü əks olunmuşdur. Tovuz ryon Kooperativ Cəmiyyətləri İttifaqı tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən “boyunbağı” 2500 manat, sırğa” 800 manat, “üzük” 1200 manat, cəmi 4500 manat qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 280. Girov müqaviləsi 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır. 280.2. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. 280.3. Bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. 280.4. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını təhlil edərək və tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını nəzərə alaraq aşağıdakı qənaətə gəlir: İddiaçı ilə cavabdeh arasında kartof toxumunun satışı ilə bağlı MM-in 567-ci maddəsinə uyğun olaraq alğı-satqı münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən borcun bir hissəsinin ödənilməsi və qalan hissəsinin etiraf edilməsi tərəflər arasında MM-in 600.1-ci maddəsində nəzərdə tutulan nisyə alğı-satqı öhdəliyinin yarandığını təsdiq edir. İddiaçının bildirdiyinə görə, həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ailə üzvlərinə məxsus qızıl-zinət əşyaları cavabdehə verilmişdir. Qızılların borcun əvəzinə deyil, borcun qaytarılmasını təmin etmək üçün verilməsi onları MM-in 269.1-ci maddəsinə əsasən girov hüququnun predmetinə çevirir. Lakin MM-in 280.1-ci maddəsinin imperativ tələbinə görə, girov müqaviləsi mütləq yazılı formada bağlanmalıdır. MM-in 280.1-ci maddəsinə əsasən girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Ancaq tərəflər arasında bu barədə hər hansı yazılı sənəd tərtib edilməmişdir. MM-in 280.4-cü maddəsinə görə, yazılı formaya riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur və belə müqavilə əhəmiyyətsiz sayılır. MM-in 337.4-cü maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqd bağlandığı andan hüquqi nəticələrə səbəb olmur. Beləliklə, cavabdehin iddiaçının əmlakını "girov" statusu ilə özündə saxlamaq üçün hər hansı qanuni və ya müqavilə əsası mövcud deyil. Məhkəmə qeyd edir ki, əhəmiyyətsiz əqd (şifahi girov) üzrə hər hansı əmlakın verilməsi halında tərəflər MM-in 337.5-ci maddəsinə (restitusiya) əsasən aldıqlarını geri qaytarmağa borcludurlar. Hüquqi əsas (etibarlı girov müqaviləsi) mövcud olmadığı üçün cavabdehin əmlakı əldə etməsi həm də MM-in 1091.1-ci maddəsi mənasında əsassız varlanma kimi qiymətləndirilə bilər. MM-nin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxslər əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdırlar. Lakin restitusiya (əsassız varlanmadan geri qaytarma) tələbinin təmin edilməsi üçün fundamental şərt əmlakın faktiki olaraq cavabdehin sahibliyində (əldə etməsində) olmasının sübuta yetirilməsidir. Azərbaycanın mülki prosessual hüququ "formal həqiqət" prinsipinə əsaslanır. Bu prinsip və MPM-in 77.1-ci maddəsinə uyğun olaraq, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün bütün lazımi şəraiti yaratmalı və tərəflərə hüquq və vəzifələrini izah etməlidir. Bu məqsədlə məhkəmə tərəfindən iki hazırlıq iclası keçirilmiş, sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi və sübutların təqdim edilməsi qaydası iddiaçıya izah edilmişdir. Mövcud işdə iddiaçı qızıl-zinət əşyalarının məhz iddia olunan adda, növdə və miqdarda cavabdehə verilməsi və eyni əşyaların hazırda cavabdehin sahibliyində olması faktını təsdiq edən heç bir mötəbər sübut (təhvil-təslim aktı, qəbz, şahid ifadəsi və s.) təqdim etməmişdir. İddiaçının təqdim etdiyi səs yazılarında üstüörtülü şəkildə iddiaçının cavabdehdə olan “amanat” adlandırılmış hansısa əşyalarından söhbət getdiyi müəyyən olunsa da məhkəmə bu halı tələb olunan əşyaları eyniləşdirməyə kifayət hesab etmir. Sübutetmənin uğursuzluğu, prosessual baxımdan işin həmin faktı sübut etməli olan tərəfin ziyanına həll edilməsini tələb edir. Bu baxımdan əmlakın cavabdehdə olması faktı sübuta yetirilmədiyi üçün iddia rədd edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 65 (altmış beş) manat məbləğdə dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar