Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-387/2024 19.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «şərəf və ləyaqətin müdafiəsi, mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «şərəf və ləyaqətin müdafiəsi, mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdeh onun şərəf və ləyaqətini təhqir etdiyi üçün ona vurulmuş mənəvi ziyana görə 2000 manat məbləğdə pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş arvadıdır. Hazırda isə ayrı yaşayırlar. Lakin buna baxmayaraq cavabdeh ona telefon vasitəsi ilə zəng edərək, habelə, whatsapp proqramı ilə səs ataraq əxlaqsız sözlərlə onu təhqir etmişdir. Barəsində şərəf və ləyaqətini alçaldan həqiqətə uyğun olmayan məlumatlar işlətmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində o, mənəvi iztirab yaşamışdır. Çünki cavabdeh onun şəxsiyyətini alçaltmışdır. Cavabdehin onu təhqir etməsini flaskarta qeydə almışdır. Hesab edir ki, cavabdeh ona mənəvi iztirab verdiyindən bunun əvəzini ödəməlidir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh qadın olmasına baxmayaraq onu küçə söyüşləri ilə təhqir etmişdir. Hansı ki, cavabdehin işlətdiyi ifadələr dilə gətirilməyəcək qədər pis sözlərdir. Həmin ifadələrə görə stress yaşamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə şərəf və ləyaqəti alçaldan hərəkətlərə görə mənəvi ziyanın ödənilməsi üzrə yaranan mübahisədir və iddia tələbi şərəf və ləyaqətin müdafiəsi, eyni zamanda mənəvi zərərin əvəzinin ödənilməsini müəyyən edən normalar əsasında həll edilməlidir. Şərəf dedikdə insanın əxlaqi, mənəvi keyfiyyətlərinə, başqa şəxslərə və cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymət anlaşılır. Ləyaqət isə şəxsin özünə, davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Bu anlayışların məzmunundan göründüyü kimi şərəf və ləyaqət insan üçün əvəzsiz və yüksək dəyərə malik nemətdir. Ona görə də şərəf və ləyaqət qanunla qoruma altına alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində deyilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 41-ci maddəsində göstərilmişdir ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan mübahisələr, Azərbaycan Respublikası Mülki Məcəiləsinin «Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlikləri müəyyən edən İX bölməsinin qaydalarına əsasən nizamlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərər çəkənin onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsində göstərilir ki, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İlk növbədə nəzərə alınmalıdır ki, hazırki işdə iddiaçının barəsində şərəf və ləyaqəti alçaldan məlumatların yayılmasından söhbət getmir. İddiaçı şərəf və ləyaqəti alçaldan hərəkətlərə məruz qaldığını əsas tutaraq mənəvi zərər tələb edir. Mənəvi zərər təkcə məlumatların yayılmasının nəticəsi kimi deyil, ümumiyyətlə insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxs qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsində ifadə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında qanunvericiliyin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər- insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndində verilən tərifə görə, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin əvəzinin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Mübahisənin düzgün həlli üçün cavabdehin hərəkət və ifadələrinin iddiaçının şərəf və layəqətini alçaldan hərəkətlər olub olmadığı aydınlaşdırılmalıdır. Bu baxımdan cavabdehin hərəkətləri təhlil olunduqda açıq-aydın görünür ki, cavabdehin danışığının məzmunu sosial məsuliyyət səviyyəsi aşağı olan qadına uyğun danışıq olmuşdur. Belə ki, cavabdehin ifadələri əxlaq normalarına uyğun olmayan və iddiaçının təhqir olunmasına yönəlmiş söyüşlərdən ibarətdir. Hansı ki, söyüş insan psixikasının bünövrə komponentlerindən olan aqressiyanın ifadə formalarındandır. Cavabdeh də iddiaçıya qarşı aqressiyalı olduğundan ona qarşı bü cür təhqiramiz söyüşlər işlətməklə özünü psixi gərginlikdən azad etməyə çalışmışdır. Cavabdehin təsvir olunan hərəkətləri isə cəmiyyətdə pislənən davranışlardır. Xüsusilə də milli mentalitet çərçivəsində formalaşmış mənəvi dəyərlər baxımından bu hərəkətlər iddiaçı üçün neqativ məna kəsb edən hərəkətlərdir. Həmin hərəkətlər cəmiyyətdə birmənalı olaraq pis qarşılanır və əxlaqi prinsiplərlə ziddiyyət təşkil edir. Cavabdehin bu hərəkətləri iddiaçının ləyaqətinə, şəxsi həyatına müdaxilə idi. Bu hərəkətlər həm də şərəf və ləyaqəti təhqir edən xarakterə malik olmaqla, mənəvi zərərə səbəb olan hərəkətlərdir. Çünki əxlaq prinsipləri baxımından cavabdehin hərəkətləri yolverilən deyildir. Ləyaqətli kişiyə keçmiş arvadının zəng edərək və ya səs ataraq ona küçə söyüşləri ilə təhqir etməsi nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi ağlabatandır və əksini düşünməyə əsas yoxdur. Mənəvi zərər də bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmasıdır. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Bu nəticənin ağırlığı zərərçəkmişin öz ləyaqətinə verdiyi qiymətdən asılıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən 03 noyabr 2008-ci il tarixli qərarın 2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçırdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qanunvericiliyin göstərilən normalarının tələblərindən görünür ki, iddiaçının ona dəymiş mənəvi zərərin ödənilməsini tələb etməsi əsaslıdır. Lakin bununla yanaşı iddiaçı iddia ərizəsində ona dəymiş mənəvi ziyanın hansı səbəblərdən məhz 2000 manat məbləğində müəyyən olunmasını əsaslandırmamışdır. Məhkəmə mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 300 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsini işin hallarına uyğun və ədalətli hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş mənəvi ziyanın əvəzi kimi 300 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş mənəvi ziyana görə 300 (üç yüz) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-387/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-387/2024
19.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver