Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3909/2025 10.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bələdiyyə qərarı ilə ona məxsus Tovuz Rayonu Alakol kəndində yerləşən 0.08 ha torpaq sahəsindən çıxarış alınması üçün qanunsuz müdaxilələrinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Tovuz rayonu Alakol kəndində 0,08 ha həyətyanı torpaq sahəsində mövcuddur. Hazırda həmin torpaq sahəsində o, ev inşa etdirmək istəyir. Cavabdeh isə həmin əraziyə dəmir vaqon qoyaraq orada yaşamağa çalışır, o vaqonun çıxarılmasını, ərazidən uzaqlaşmasını bildirsə də buna məhəl qoymur, bu zamanda aralarında mübahisə yaranır. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz ərazi idarəsinə müraciət edərək Tovuz rayonu Alakol kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizəsinə baxılaraq, hüquqların qeydiyyatı üçün zəruri olan inventarlaşdıma işləri aparılarkən, daşınmaz əmlak üzərində mübahisə olduğu aşkar edilmişdir. Cavabdeh onun mülkiyyətinə müdaxilələr edir. Daşınmaz əmlak onun mülkiyyətində olmasına baxmayaraq o, cavabdehin qanunsuz müdaxilələri nəticəsində öz əmlakına dair mülkiyyət hüquqlarını, o cümlədən sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmirə. Yəni qeyd olunan daşınmaz əmlak onun xüsusi mülkiyyəti olsa da, o həmin torpaq sahəsində ev inşa etdirə bilmir. Bu halda onun həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını məhdudlaşdırır. Cavabdehin onun xüsusi mülkiyyətinə olan qanunsuz müdaxilələrinə son qoyulmalı və xüsusi mülkiyyətini təşkil edən Tovuz rayonu Alakol kəndində 0,08 ha həyətyanı torpaq sahəsində olan meneələri aradan qaldırılmalıdır. Tərəflərin izahatları Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun çıxış etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, torpaq sahəsi onun mərhum arvadının mülkiyyətindədir. Qaynı, yəni arvadının qardaşı İddiaçı həmin torpaq sahəsini qanunsuz olaraq mülkiyyətinə keçirməyə çalışır. Tovuz rayonu Alakol kəndində 0.04 ha torpaq sahəsinin arvadı X1 mülkiyyətinə verilməsi ilə bağlı Tovuz rayonu Aqrar İslahatı Komissiyasının qərarı vardır və müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Buna görə də ölçmə aparmağa gələn müvafiq qurum əməkdaşına ölçmə aparmağa icazə verməmişdir. Heç bir halda ölçmə işlərinin aparılmasına imkan verməyəcək. Cavabdehin nümayəndəsi X4 cavabdehin izahatında qeyd etdiklərini təsdiqləmiş və iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Əmlak Məsələləri Dövlət Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, № 3-213-37/2-4425/2025 nömrəli bildirişdən müəyyən olunur ki, Tovuz rayonu Alakol kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı İddiaçı müraciətinə baxılması zamanı zəruri inventarlaşdırma işləri aparılarkən daşınmaz əmlak üzərində mübahisə olduğu aşkar edilmiş, Tovuz rayonu Alakol kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Tovuz rayonu Alakol Bələdiyyəsi tərəfindən xx.xx.2003-cü il tarixdə tərtib edilmiş “Torpağın alqı-satqısına dair” aktdan müəyyən olunur ki, Tovuz rayonu Alakol kəndində yerləşən 0.08 ha torpaq sahəsi 30 iyun 2003-cü il tarixli 06 saylı qərarla İddiaçı satılmış və həmin akt 09 nömrə ilə qeydiyyata alınmışdır. Tovuz rayon Dövlət Arxivi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, № 3-48- 44RA/2-B-125/2025 nömrəli arxiv arayışından müəyyən olunur ki, X5 rayon Dövlət arxivində saxlanılan xx.xx.2003-cü il tarixli 06 saylı protokolun qərarı ilə Alakol kənd sakini İddiaçı 0.08 ha torpaq sahəsinin satılması göstərilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. «Torpağa mülkiyyət hüququna dair» JN 400A KOD 50303018 saylı dövlət aktının surətindən görünür ki, Tovuz rayonu Aqrara İslahatı Komissiyasının 09 fevral 1999-cu il tarixli 30 №-li qərarı ilə Tovuz rayonu Alakol kənd sakini bX1 mülkiyyətinə 0.04 ha torpaq sahəsi verilmişdir. xx.xx.2025-ci il tarixli AZ-İİ №5044592 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. (...)
6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat
Məhkəmənin mövqeyi İşin halları ilə müəyyən edilmişdir ki, Tovuz rayonu Alakol Bələdiyyəsinin xx.xx.2003cü il tarixli 06 saylı qərarı ilə Tovuz rayonu, Alakol kəndində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı satılmış, xx.xx.2003-cü il tarixli 09 saylı torpağın alqı-satqısına dair akt tərtib edilmişdir. Sözügedən fakt Tovuz rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, № 3-48- 44RA/2-B-125/2025 nömrəli rəsmi arayışı ilə bir daha təsdiq olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 7.1-ci maddəsi ilə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi zəruri hesab edilmişdir. Göründüyü kimi İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun əmələ gəlməsini dövlət qeydiyyatına aldırmaq hüququ vardır və bu hüququn realizəsi üçün mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması zəruridir. Əmlak Məsələləri Dövlət Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, № 3-213-37/2-4425/2025 nömrəli bildirişdən müəyyən olunur ki, Tovuz rayonu Alakol kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı onun müraciətinə baxılması zamanı zəruri inventarlaşdırma işləri aparılarkən daşınmaz əmlak üzərində mübahisə olduğu aşkar edilmiş, Tovuz rayonu Alakol kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İddiaçı mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına cavabdeh tərəfindən imkan verilmədiyini və maneə yaradıldığını bildirmişdir. Cavabdeh bu halı izahatında etiraf etmiş, heç bir halda buna imkan verməyəcəyini bildirmişdir. Cavabdeh bu maneəni əslində həmin torpaq sahəsinin iddiaçının deyil, mərhum arvadı X1 mülkiyyətində olması, hazırda onun özünün istifadə etməsi, övladı X2 vərəsəlik hüququnun olması ilə izah etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin etirazında qeyd edilənlər təsdiq olunsa belə iddia tələbinin rədd edilməsinə əsas vermir, öz-özlüyündə əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Yəni cavabdehin göstərdiyi hallar iddiaçının Tovuz rayonu Alakol bələdiyyəsinin 30 iyun 2003-cü il tarixli 06 saylı qərarı ilə ona satılmış 0.08 ha torpaq sahəsinin sərhədlərini müəyyən etmək və mülkiyyət hüququnu reyestrdə qeydə aldırmaq hüququna maneə yaratmağa və məhdudlaşdırmağa imkan vermir. İddiaçının niyyəti cavabdehin torpaq sahəsi üzərində hər hansı hüququna qəsd etməyə deyil, yalnız özünün gözlənilən mülkiyyət hüququnu realizə etməyə yönəlmişdir. Hansı ki, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı zəruri olan mərzçəkmə və inventarlaşdırma işləri aparılmadan mümkün deyildir. Yuxarıda göstərilənləri nəzərə alaraq Tovuz rayonu Alakol Bələdiyyəsinin xx.xx.2003cü il tarixli 06 saylı qərarı ilə İddiaçı satılmış Tovuz rayonu, Alakol kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən maneə törədilməsinə və qanunsuz müdaxiləyə son qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Tovuz rayonu Alakol Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 06 saylı qərarı ilə İddiaçı satılmış Tovuz rayonu, Alakol kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən maneə törədilməsinə və qanunsuz müdaxiləyə son qoyulsun. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Süleyman Hacıyev