Məhkəmə qərarları › İş №2(062)-398/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-398/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-398/2023 07.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 1710 manat məbləğdə vəsaitin, 37.10 manat məbləğdə ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidməti əvəzinin cəmiyyətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ** KS *** dövlət qeydiyyat nişanlı VAZ 2121 markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin. icbari siğortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Cavabdeh idarə etdiyi ** KS *** dövlət qeydiyyat nişanlı VAZ 2121 markalı sığortalı avtonəqliyyat vasitəsi ilə ** RH *** dövlət qeydiyyat nişanlı Porsche Cayenne markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Tərtib olunmuş T94705943 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən məlum olmuşdur ki, Cavabdeh yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Yol nəqliyyat hadisəsi ilə bağlı ** RH *** dövlət qeydiyyat nişanlı Porsche Cayenne markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət edilmişdir. Yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilindiyi üçün ** RH *** dövlət qeydiyyat nişanlı Porsche Cayenne markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2021-c il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən zərər 1710 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən 1710 manat məbləğində sığorta ödənişi zərərçəkən X1 təqdim etdiyi hesabına köçürülmüşdür. Bundan sonra xx.xx.2021-ci il tarixdə ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi Günel Ömərova məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsi və təqdim olunmuş sübutlar əsasında iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlarındırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəblərin araşdırmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, ** KS *** dövlət qeydiyyat nişanlı VAZ 2121 markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin. icbari siğortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində sığorta hadisəsi baş vermiş, nəticədə Cavabdeh idarə etdiyi ** KS *** dövlət qeydiyyat nişanlı VAZ 2121 markalı sığortalı avtonəqliyyat vasitəsi ilə ** RH *** dövlət qeydiyyat nişanlı Porsche Cayenne markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Zərərin məbləği 1710 manatdır. Sığorta ödənişi ilə bağlı qəbzdən görünür ki, ** RH *** dövlət qeydiyyat nişanlı Porsche Cayenne markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi kimi 1710 manat pul X2 hesabına ödənilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, ** KS *** dövlət qeydiyyat nişanlı VAZ 2121 markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğdə cərimə edilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri subroqasiya qaydasında pulun tutulması üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Sığorta müqaviləsinin anlayışından bəhs edən Mülki Məcəllənin 883.1-ci maddəsində göstərilmişdir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.1-ci maddəsinə görə sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. İş materialları ilə müəyyən edilir ki, ** KS *** dövlət qeydiyyat nişanlı VAZ 2121 markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin. icbari siğortası” növü üzrə 12 ay müddətinə sığorta təminatı almışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Masazır kəndində sığorta hadisəsi baş vermiş və hadisə baş verən zaman təqsirli ** KS *** dövlət qeydiyyat nişanlı VAZ 2121 markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh olmuşdur. Hadisə nəticəsində ** RH *** dövlət qeydiyyat nişanlı Porsche Cayenne markalı avtonəqliyyat vasitəsinə vurulmuş 1710 manat ziyan iddiaçı şirkət tərəfindən onun sahibinin hesabına köçürülmüşdür. Cavabdeh barəsində xx.xx.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilindiyi üçün 100 manat məbləğdə cərimə tənbehi tətbiq edilmişdir. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.3-cü maddəsinə əsasən, faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələri). Mülki Məcəllənin 1097.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının subroqasiya qaydasında pulu cavabdehdən tələb etməsi onun qanunla müəyyən edilmiş hüququdur və hazırki halda subroqasiya qaydasında pulun tələb edilməsi üçün qanuni əsaslar mövcud olmuşdur. Çünki cavabdeh yol-nəqliyyat hadisəsindən sonra hadisə yerindən yayınmışdır. Bu hal onun barəsində inzibati tənbeh tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarla təsdiqin tapır. Qeyd olunmalıdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.4-cü maddəsinə əsasən sığorta hadisələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı icbari sığortanın əsas prinsiplərindən biridir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1710 manat məbləğdə verilmiş sığorta ödənişi alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 37,10 manat məbləğdə vəsaitin və 0,40 manat xidmət haqqının əvəzi də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh edilmiş sığorta ödənişinin əvəzi kimi 1710 (bir min yeddi yüz on) manat məbləğdə pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 37,10 manat məbləğdə vəsait və 0,40 manat xidmət haqqının əvəzi tutularaq Cavabdeh alınaraq "xxxx" ASC-yə verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar