Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-4040/2025 21.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçı,onun nümayəndəsi X2, Cavabdehlər Cavabdeh2 Kamil oğlunun və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kamil oğluna qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kamil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən evə çəkdiyi xərc olaraq 12000 manat pulun və 110 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xalası Cavabdeh1 Məmmədli qızına baxmış, evə çəkilən bütün xərcləri o ödəmişdir. Həmin evin içərisində olan əşyalarını o almış, həmin əşyalarla birlikdə, yəni evin təmirinə çəkilmiş xərcdə də daxil olmaqla ümimilikdə 12.000 manat pul vermişdir. Həmin evin ayna-qapılarını, suyunu, qazını, su bakını və evə bütün əşyaları o almışdır. Ançaq cavabdehlər onların dəyərini ona vermək istəmir. Mirzə Əskinazı aldadaraq evi başqa şəxsə satdırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddia tələbini müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Əskinaz tək qadın olduğundan ona o qulluq etmişdir. Əskinaz həmin evi ona vəsiyyət etdiyindən o həmin evi öz evi zənn edərək təmir etdirmiş, içərisinə bəzi avadanlıqlar almışdır. Sonradan ona məlum olmuşdur ki, o evin sənədləri yoxdur.Yəni, həmin evin ümumiyyətlə özgəninkiləşdirilməsi mümkün deyidir. O ona verilmiş vəsiyyətnamədən onun iradə ifadəsinin əmlakı ona vermək olduğunu düşündüyündən həmin evə xərclər çəkmişdir.O əməliyyat olan zaman Əskinazın bacısı oğlu Mirzə başqa ev almaq adı ilə evi satmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Kamil oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o evdəki əşyaları Əskinazın göstərişi ilə satmış, pulunu da Əskinaza da vermişdir.O ev onun öz evidir. Əskinaza da hər hansı aidiyyəti yoxdur. Əskinaz onun xalası olduğundan o həmin evi xalasına yaşamaq üçün vermişdir. Hazırda isə evi başqa şəxsə 25.000 manata satmışdır. Televizor və soyucudu evdədir. Gətirib Vüsaləyə verə bilər. O heç zaman Vüsaləni Əskinazın yanında görməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, ona bu vaxtadək Vüsalə baxmışdır. O evi satıb ona hər hansı məbləğdə pul verməmişdir.Onun evində Vüsaləyə məxsus əşyalar var idi ki, hamısını Mirzə onun köməksiz vəziyyətindən istifadə edərək satmışdır.Hazırda uzun illər sahibliyində olan ev də Mirzə tərəfindən sahibliyindən çıxarılmışdır. Odur ki, iddianın ona münasibətdə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən, Cavabdeh2 Kamil oğluna münasibətdə təmin edilməlidir. İş materiallarında olan Tovuz rayon Kooperativ Cəmiyyətləri İttifaqının əşyaların qiymətləndirilməsinə dair rəydən görünür ki, 120 diaqonla Hayseis markalı televizorun qiyməti 1001 manat, qaz plitəsi-270 manat, gəvə 3x2-50 manat, tefal qazan dəsti 2 ədəd- 120 manat, Beko paltaryuyan maşın-700 manat, Samsung soyuducu 2 kameralı-600 manat, cəmi 2741 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, o Vüsaləni tanıyır. Mübahisə predmeti olan evə qaz çəkmiş, peyk antenası düzəltmiş, bununla da 500-600 manat civarında xərc çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, Vüsalə ilə çox yaxın rəfiqədir. Onun əri ilə Vüsalənin əri bir yerdə qaynaqçı işləmişlər. Onlar ailəvi dost idi. Əsginas o evi Vüsaləyə ona baxdığı üçün vermişdir. Həmin evdə görülən işlərə görə Vüsalə onun ərinə 2000 manatdan çox pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, o plastik qapı-pəncərə ustasıdır. Vüsalənin evinin, yəni mübahisəli evin pəncərə və qapısını o hazırlamış və quraşdırmışdır. Təxminən 2000 manatdan çox pul almışdır. Həmin pulu ona Vüsalə vermişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 faktiki sahibliyində olan və yaşadığı Tovuz şəhəri, S.Məmmədov küçəsi ev 30, 20 saylı mənzil alqı-satqı müqaviləsinin predmeti olmadan Alim Şirinova verilmiş, evin içərisindəki əşyalar, o cümlədən Vüsaləyə Qasımovaya məxsus əşyalar Cavabdeh2 tərəfindən götürülmüşdür. Cavabdeh2 Əskinazın faktiki sahibliyində olan evin öz evi kimi satışından 25.000 manat pul əldə etmişdir. Məhkəmə qeyd edir ki, həmin mənzil qanunun tələblərinə əsasən satılmadığından və Cavabdeh2 həmin evi öz evi zənn etdiyindən Vusalə həmin şəxsə iddia qaldırmaqda haqlı olmuşdur. Yəni, Cavabdeh2 Vüsalənin vəsaiti hesabına təmir edilən evi digər şəxsə verməklə ondan müəyyən məbləğdə pul əldə etmişdir ki, bununla da hər hansı hüquq əsas olmadan varlanmışdır. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər (MM maddə 385.1). İddiaçı mübahsiəli evin təmir xərclərinin onun tərəfindən çəkildiyini iddia edir, Cavabdeh2 isə evin ona məxsus olduğunu, xalasına yaşamaq üçün verdiyini iddia edir. İddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma, bağışlama və s.), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır. İddiaçı tərəfindən həmin evin yaxşılaşdırılmasına çəkilmiş xərclər həmin evdə yaşayan Cavabdeh1 tərəfindən də etiraf edilmişdir. Buna baxmayaraq hər bir halda mübahisənin düzgün hüquqi həlli üçün əmlakın dəyərini artıran yaxşılaşdırma işlərinin hüquqi mahiyyətinə qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, bir şəxs tərəfindən həmin xərclərin çəkilməsi əvəzsiz bir zənginləşdirmə (bağışlama) ola biləcəyi kimi, əldə edənlə digər müqavilə münasibətlərinin də olması istisna edilmir. Mülki qanunvericiliyə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (MM maddə 666.1). Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya əmlak verən bir kəsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse). Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilənlərin bağışlama olmadığını) iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Araşdırma nəticəsində tərəflər arasında bağışlama münasibətlərinin mövcudluğu müəyyən edildiyi halda isə hədiyyə edilmiş əşyanın (maddi nemətin) geri qaytarılması üçün əsasların olubolmaması müəyyənləşdirilməlidir. Bu əsaslar bağışlamanın etibarsızlığı, müqavilənin ləğv olunması, bağışlamadan imtina edilməsi kimi müxtəlif mahiyyətdə ola bilər. Nəzərə alınmalıdır ki, göstərilən əsaslardan hər hansı birinə istinad edən şəxs öz iddiasını sübuta yetirməyə borcludur. Beləliklə, bağışlamanın hüquqi qüvvəsinin olmaması və ya sonradan aradan qalxması sübuta yetirilərsə, tərəflər arasında bu məzmunda müqavilə münasibətlərinin yoxluğundan bəhs edilə bilər. Belə olan halda, yəni müqavilə münasibətləri istisna olunduğu təqdirdə, iddianın həlli üçün qanundan irəli gələn öhdəlik kimi əsassız varlanmaya dair əsaslar yoxlanılır. Baxılan işdə Vüsalə mübahisəli evdə əsaslı təmir işlərini şərtlə icra etmişdir. Yəni, həmin ev vəsiyyət edilmiş və sonda Vüsaləyə qalmalı idi. Məhkəmə araşdırılması zamanı da müəyyən edilmişdir ki, həmin ev ümumiyyətlə mirasın kütləsinə daxil ola bilməyərək, həmin evlə bağlı sərəncam verilə bilməz. Belə olduğu halda Cavabdeh1 da faktiki olaraq sahiblik etdiyi mənzildən məhrum olduğundan təkcə Mirzə Əskərov hər hansı hüquqi əsas olmadan varlanmışdır. Hazırkı işin halları isə Mülki Məcəllənin əsassız varlanmadan bəhs edən 1091-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Göründüyü kimi, iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur Beləliklə məhkəmə hesab edir ki, mübahisəli evin təmirinə çəkilmiş 4500 manat pul Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi əşyalardan televizor və soyucudunun Cavabdeh2 evində olduğu etiraf edilmiş, o həmin əşyaları könüllü olaraq Vüsaləyə qaytara biləcəyini qeyd etsə də, bunun üçün ona vaxt verilməsinə baxmayaraq həmin əşyaları qaytarmamışdır. Digər əşyaları isə Əskinasın göstərişi ilə satdığını bildirmişdir.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Huavey markalı televizor, qaz plitəsi, gəvə, 2 ədəd qazan qazan dəsti, Beko markalı paltar yuyan və soyuducunun Vüsaləyə məxsus olmasını və Əjdər tərəfindən aparıldığını etiraf etmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq mülkiyyətində olan əşyalardan məhrum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdeh2 onda olan əşyaları Vüsaləyə qaytaracağını bildirsə də, o həmin əşyaları qaytarmamış və əşyaların qiymətlərini mübahisələndirməmişdir. Odur ki, televizor, qaz plitəsi, gəvə, 2 ədəd qazan qazan dəsti, Beko markalı paltar yuyan və soyuducu, həmin əşyalar naturada mövcud olmadıqda isə onların dəyəri Cavabdeh2 alınaraq İddiaçı verilməlidir.İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində 92 manat 41 qəpik pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 çəkilmiş xərclərə görə 4500 (dörd min beş yüz) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh2 Huaveyi markalı dəyəri 1001 manat olan 120 diaqonal 1 ədəd televizor, dəyəri 270 manat olan 1 ədəd qaz plitəsi, dəyəri 50 manat olan 2x3 ölçülü 1 ədəd gəvə, dəyəri 120 manat olan 2 ədəd qazan dəsti, dəyəri 700 manat olan Beko markalı paltaryuyan, dəyəri 600 manat olan Samsunq markalı soyuducu, həmin əşyalar naturada mövcud olmadıqda onların ümumi dəyəri olan 2741(iki min yeddi yüz qırx bir) manat pul və ödənilmiş dövlət rüsumu əvəzi qismində 92 manat 41 qəpik pul Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-4040/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-4040/2025
21.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver