Məhkəmə qərarları › İş №2(062)-412/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-412/2025

30.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-412/2025 30.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 30 may 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən ondan aldığı 8000 manat borcunun və ödənilmiş 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, cavabdeh qəssabdır. Əvvəllər münasibətləri olmuşdur. Birlikdə alver də etmişlər. Cavabdeh toylar üçün heyvan kəsib satacağını bildirmiş, qazancından ona da verəcəyini bildirmişdir. Ona görə də ondan köməklik etməyini xahiş etmişdir. O isə cavabdehə 2023-cü ilin dekabr ayında 3000 manat pul, 2024-cü ilin noyabr ayında isə 5000 manat borc pul vermişdir. Cavabdeh həmin pulları tezliklə qaytaracağını bildirsə də, pulu qaytarmamışdır. Əslində aralarında olan razılığa əsasən, cavabdeh 2024-cü ilin noyabr ayının sonunda pulu qaytaracağını bildirmiş, lakin dəfələrlə pulu tələb etsə də, cavabdeh pulu qaytarmamış, ziyan etdiyini bildirmişdir. Odur ki, cavabdehdən 8000 manat borcun və ödənilmiş 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə 2020-ci ildə tanış olmuşdur. Özü qəssabdır, iddiaçı ilə tanış olduqdan sonra ona təklif etmişdir ki, şərikli heyvan kəsib toylara versinlər. İddiaçı da onu qəbul etmişdir. Ona iki dəfə borc pul vermişdir. İddiaçı ona bir dəfə 5000 manat, ikinci dəfə isə 3000 manat vermişdir. Həmin pulları sələmi ilə bir yerdə iddiaçıya qaytarmışdır. Belə ki, borc aldığı 8000 manatın qarşılığında iddiaçıya 11800 manat pul qaytarmışdır. Onun borc verdiyi 8000 manat puldan əlavə uzun müddət hər ay 350 manat sələm qaytarmışdır. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə tanış olmuşlar. Bir yerdə alver etmişlər. Cavabdeh toylar üçün heyvan kəsib satacağını bildirmiş, qazancından iddiaçıya da verəcəyini bildirmişdir. Ona görə də iddiaçıdan köməklik etməyini xahiş etmişdir. İddiaçı isə cavabdehə 2023-cü ilin dekabr ayında 3000 manat pul, 2024-cü ilin noyabr ayında isə 5000 manat borc pul vermişdir. Cavabdeh həmin pulları tezliklə qaytaracağını bildirsə də, pulu qaytarmamışdır. İddiaçı borcunu qaytarması üçün dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Həmçinin cavabdehin izahatından görünür ki, iddiaçıdan 8000 manat pul almasını etiraf edir. Lakin həmin pulu geri qaytarması ilə bağlı heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Odur ki, 8000 (səkkiz min) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Cavabdehin pulun iddiaçıya sələmi ilə birlikdə qaytarılması barədə göstərdikləri məhkəmə iclası zamanı öz təsdiqini tapmadı. Məhkəmə hesab edir ki, tərəflər arasında notarial qaydada təsdiq olunmuş borc müqaviləsi mövcud olmadığından mübahisənin həlli borc müqaviləsinə uyğun olaraq mümkün deyildir. Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına varlanmış şəxs hesab olunur. Ona görə də mübahisə əsassız varlanma fəslinə aid olduğundan mübahisənin hüquqi tövsifi zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091- 1092-ci maddələrinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. 8000 manat məbləğində pul və ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh 8000 (səkkiz min) manat pul və ödənilmiş 100 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar