Məhkəmə qərarları › İş №2(062)-4222/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-4222/2025

09.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-4222/2025 09.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İdidaçı İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə ilkin iddia, Cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun idarə etdiyi Toyota Prius markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilinǝ dəymiş 980 manat zərərin əvəzinin ödənilməsini və 30 manat ödənilmiş dövlət rüsmunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, o, 06 sentyabr 2025-ci il tarixdə təxminən axşam saat 20:00 radələrində Toyota Prius markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Tovuz rayonunun Əlibəyli yolu Yuxarı Öysüzlü kəndi ərazisində mal-qara üçün keçid olmayan yolda, Cavabdeh məxsus olan inək yoluna çıxmış, o öz avtomobili ilə onu vurmuşdur. Həmin ərazidə heç bir mal-qara üçün keçid yeri olmamışdır. O, öz yolu ilə gedərkən həmin vaxtı inək qabağına çıxmış, onun idarə etdiyi avtomobili saxlamaq mümkün olmadığına görə inəyi vurmuşdur. Bununla bağlı Tovuz rayon PŞ DYPB tərəfindən cavabdeh Dilǝnova Ruhiyyə Əhməd qızına həmin ərazidə mal-qara üçün keçid nişanı olmadığına görə inəyi elə həmin yolda keçirdiyi üçün qanuna müvafiq protokol tərtib olunmuşdur. Onun idarə etdiyi avtomobilə ümumilikdə 980 manat ziyan dəymiş və onunla əlaqədar rəsmi qaydada arayış almışdır. O, Cavabdeh ona dəymiş ziyanın əvəzini ödənilməsini tələb etsə də, Cavabdeh ödəmək istəmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı tərəfindən ona dəymiş 2400 manat ziyanın və 44 manat ödənilmiş dövlət rüsmunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində özünə məxsus inǝyi otlaqdan gətirərkən, inək yolu keçǝn vaxtı 06 sentyabr 2025-ci il tarixdə təxminən axşam saat 20:00 radələrindən Toyota Prius markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil Tovuz rayonunun Əlibəyli yolu Yuxarı Öysüzlü kəndi ərazisində sürətlə gələrək, ona məxsus inəyi vurub qaçmışdır. Hesab edir ki, həmin sürücü içkili olub, ona görə də hadisə yerindən qaçmışdır. Həmin inək ölmüşdür, o inəyi 2400 manata almışdır. Bununla bağlı Tovuz rayon PŞ DYPB tərəfindən ona əsasız və qanunsuz olaraq protokol tərtib olunmuş və onun əsasında barəsində inizbati qərar qəbul olunmuşdur. O, dəfələrlə ondan inǝyin alınmasını və ya dəyərini tələb etsə də, cavabdeh İddiaçı vermək istəmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasınında iştirak edən iddiaçı ərizənin məzmununa uyğun izahat verərək, iddiasının təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, axşam saat 8 radələrində qaranlıqda daşın arxasından inək qəfil yola çıxmışdır. O öz maşınını düzəltdirmişdir, cavabdeh isə öz xərcini qarşılasın. Məhkəmə iclasınında iştirak edən cavabdeh izahat verərək, ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan Avtoservis 444 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, yol nəqliyyat hadisəsi zamanı **-GA-*** qeydiyyat nişanlı, Toyota Prius markalı avtomobilə dəymiş zərər 980 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İXP ******* saylı İnzibati xəta haqqında protokoldan və onun əsasında verilmiş TP ******* saylı qərardan görünür ki, Cavabdeh İXM-nin 338.5.1-338.5.2-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. İşdə olan Tovuz Rayon Məhkəməsinin 08 yanvar 2026-cı il tarixli Qərarından görünür ki, İddiaçı İXM-nin 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan Tovuz rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə qeyd olunan hadisədə iştirak edən nəqliyyat vasitəsi Toyota Prius markalı **-GA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil olması müəyyən edilmişdir və sürücüsü Tovuz rayonu, Abulbəyli kəndində qeydiyyatda olan İddiaçıdur. İş materiallarında olan Tovuz rayon İHB-nın Yuxarı Öysüzlü kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2026-cı il tarixli, 18 nömrəli arayışından görünür ki, verilir Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakini X2 ondan ötrü ki, həqiqətən hal-hazırda ozü və ailəsi yaşadığı Yuxarı Öysüzlü kəndində heyvandarlıqla məşğul olurlar. İş materiallarında olan Heyvan sağlamlığı və Baytarlıq xidmətləri mərkəzinin Tovuz rayon Heyvan sağlamlığı və Baytarlıq xidmətləri idarəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, 06 sentyabr 2025-ci il tarixdə Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakini X1 rayon Yuxarı Öysüzlü kəndində fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxs X3 1 baş iri buynuzlu heyvana baxış keçirməsi barədə mürciət etmişdir. Fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxs X5 vətəndaşın həyətində olmuş heyvana baxış keçirmişdir və lazım olan baytarlıq tədbiri aparmışdır. Heyvanın növü - iri buynuzlu heyvan, yaşı təqribi 4-5 yaşında, köklük dərəcəsi - orta köklükdə, cinsi – dişi, diri çəkisi 320-340 kq, məhsuldarlığı sutkada 5-6 litr. Heyvanın göstəricilərinə əsaslanaraq həmin heyvanın bazar qiyməti 2300 manat və ya 2400 dəyərində qiymətləndirilə bilər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Toyota Prius markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı Tovuz rayonunun Əlibəyli yolu Yuxarı Öysüzlü kəndi ərazisində hərəkətdə olarkən Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 327.1 və 327.6-cı maddələrinin tələbləri pozulmuş, nəticədə həm hər iki tərəfə ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən heyvanın nəzarətsiz buraxılması da işin mübahisəsiz halı olsa İddiaçı sübut etməlidir ki, onun hadisənin qarşısını almaq imkanları olmamışdır. O isə hadisə yerini tərk etməklə yanaşı, baş vermiş hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verməmiş, yalnız Dilənova Ruhiyənin müraciətindən sonra hadisədən bir aydan artıq vaxt keçdikdən sonra hadisəni törədən şəxsin İddiaçı olması müəyyən edilmişdir. Məhkəmə belə hesab edir ki, İddiaçı yol verdiyi həm mülki, həm də inzibati xəta pozuntusunu gizlətmək məqsədilə hadisə yerini tərk etmişdir. Bu bu hərəkətinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Mülki Məcəllənin 1110-cu maddəsinə görə heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Məhkəmə qeyd edir ki, ziyan müəyyən hərəkətlə yerinə yerinə yetirilir. Burada ziyan heyvan tərəfindən vurulduğundan və ziyan çəkən iki obyekt olduğundan hər bir halda obyektə münasibətdə səbəbli əlaqə müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, bu halda müəyyən edilməli ən zəruri 2 şərt mövcud olmalıdır. 1.Avtomobilə dəymiş ziyan heyvan vurulmasından yaranmışdırmı? Yəni avtomobili heyvan vurmuşdurmu?

2. Həmin ziyan avtomobilin heyvanı vurması nəticəsində yaranmışdırmı?Yəni, avtomobil heyvan vurmuşdurmu? Məsələyə Mülki Məcəllənin 1110-cu maddəsinin tələbləri baxımından yanaşdıqda heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu halda iddiaçı özü sübut etməlidir ki, o heyvanı deyil, heyvan onun maşınını vurmuşdur. Bu iş üzrə iddiaçı hadisə yerini tərk etməklə, həm də Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun digər tələblərini pozmuşdur. Belə olduğu halda mülki hüquq pozuntusunun da onun tərəfindən vurulması istisna edilmir. Avtomobilin heyvan tərəfindən vurulması, yəni avtomobilə dəymiş ziyanın heyvanın vurması sübut edilmədiyindən, məhkəmə hesab edir ki, hər iki əşyaya, yəni həm avtomobilə, həm də inəyə ziyan məhz Səbuhi Verdiyevin təqsirli hərəkətləri nəticəsində vurulmuşdur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalmmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna (etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin iddiası təmin edilməsin. İlk iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı 2300 (iki min üç yüz) manat pul tutularaq iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 (qırx dörd) manat pul cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qarşılıqlı iddiaya münasibətdə qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar