Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-470/2024 12.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyan, kirayə haqqı və kommunal xidmətlərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «maddi ziyan, kirayə haqqı və kommunal xidmətlərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən ümumi 4900 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilini Musa adlı maklerin vasitəsi ilə xx.xx.2022ci il tarixdə bir il müddətinə aylıq 600 manat ödəmək şərti ilə cavabdehə kirayə vermişdir. Cavabdeh bildirmişdir ki, mənzildə Aynur adlı arvadı ilə birlikdə yaşayacaqdır. Beləliklə, cavabdeh ilə onun arasında xx.xx.2022-ci ildə Musa adlı maklerin ofisində kirayə müqaviləsi bağlamışlar. Cavabdeh fevral ayına kimi kirayə haqqını ödəmişdir. Daha sonra kirayə haqqının ödənilməsi müddətini uzatmağa başlamışdır. Sonuncu dörd ayın kirayə pulunu verməyərək onun telefon zənglərini açmamışdır. Bir müddətdən sonra özünü Cavidin qardaşı kimi təqdim edən Vüsal adlı şəxs ona zəng edərək bildirmişdir ki, Cavid zəngləri açmağa utanır, onun dörd aylıq kirayə pulunu özü verəcəkdir. On gün keçdikdən sonra Vüsala zəng edərək kirayə haqqını istədikdə, sonuncu ona bildirmişdir ki, mənzili tərk etmişlər və mənzilin açarları binanın mühafizəsindədir. Açarları mühafizədən götürüb mənzilə daxil olan zaman görmüşdür ki, əşyalar və evin parket döşəməsi yararsız haldadır. Halbuki, mənzili təhvil verən zaman əşyalar saz vəziyyətdə olmuşdur. Cavabdeh mənzildən vicdansızca istifadə etmiş və divar mebelini, qorka mebeli, kondisioneri, divanı və döşəmə parketi yararsız vəziyyətə salmışdır. Bundan başqa 200 manat kommunal xərcləri də ödəməmişdir. Beləliklə, cavabdehin 2400 manat kirayə haqqı, 1300 manat əşyalara dəymiş ziyan, 200 manat kommunal borc və 1000 manat parket döşəməyə görə ziyan olmaqla ona ümumi 4900 manat borcu yaranmışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh isə iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh iddia tələbini qəbul etmiş və izahatında göstərmişdir ki, iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzili xx.xx.2022-ci il tarixdə bir il müddətinə aylıq 600 manat ödəmək şərti ilə kirayəyə götürmüşdür. İlk başlar kirayə haqqını müntəzəm ödəsə də, iddiaçıya son dörd aylıq kirayə haqqını ödəməmişdir. Həmçinin evdə yaşayan zaman iddia ərizəsində qeyd olunan əşyaları və evin döşəməsini yararsız hala salmışdır. Hətta divanı diqqətsizlik edib yandırmışdır. Bundan başqa kommunal xidmətlərdən istifadə etsə də, lakin aylıq yaranmış borcu ödəməmişdir. Bir sözlə iddia tələbini tam qəbul edir və tələb olunan məbləği iddiaçıya qaytarmağa hazırdır. Qısa zamanda bunu edəcəkdir. Odur ki, iddianın təmin edilməsinə etiraz etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli kirayə müqaviləsindən görünür ki, kirayədar İddiaçı ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilini kirayəçi Cavabdeh bir il müddətinə aylıq 600 manat olmaqla kirayəyə vermişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış mübahisə kirayə haqqının, kommunal xidmətlərin və maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və aşağıdakı hüquq normaları əsasında təhlil edilməlidir. Birinci növbədə məhkəmə kirayə haqqının və yaranmış kommunal borcun ödənilməsi ilə bağlı göstərir ki, Mülki Məcəllənin 675-ci maddəsinə görə əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 684.1-ci maddəsində qeyd olunmuşdur ki, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir (Mülki Məcəllənin 697.1 və 697.2-ci maddələri). İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilini xx.xx.2022-ci il tarixdə bir illik müddətə aylıq 600 manat kirayə haqqı ödəmək şərti ilə kirayəyə götürmüşdür. Cavabdeh son dörd aylıq kirayə haqqını ödəməmiş və iddiaçıya 2400 manat kirayə borcu yaranmışdır. Həmçinin cavabdeh istifadə etdiyi kommunal xidmətlərə görə yaranan 200 manat borcu da ödəməmişdir. İddia tələbinin maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, mülki dövriyyənin normal inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirmələrindən ibarətdir. Müəyyən hallarda mülki hüquq subyektləri müqavilə və ya digər öhdəlikləri yerinə yetirmirlər, ya da lazımınca yerinə yetirmirlər. Bununla da onlar mülki hüquq pozuntuları törətmiş olurlar. Bu cür pozuntuların qarşısının alınması üçün isə mülki qanunvericilik mülki hüquq məsuliyyəti müəyyən edir. Hansı ki, mülki hüquq məsuliyyəti törədilmiş hüquq pozuntusuna görə tətbiq edilən mülki hüquq sanksiyası rolunda çıxış edir. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus evi kirayəyə götürən zaman evin əşyaları ona istifadəyə yararlı vəziyyətdə təhvil verilmiş, lakin cavabdeh evdən çıxan zaman həmin əşyaları iddiaçıya aldığı formada təhvil verməmişdir. Hansı ki, cavabdeh evi tərk edəndə hətta kirayə haqqını verməmiş, eyni zamanda kommunal xidmətlərdən istifadə pulunu da ödəməmişdir. Bu barədə yuxarıda qeyd olunmuşdur. İddiaçı evin açarlarını binanın mühafizə xidmətindən almış və evə baxış keçirən zaman müəyyən etmişdir ki, əşyaların bir qismi, habelə, evin parket döşəməsi yararsız haldadır. Həmin əşyaların və döşəmənin bərpası üçün iddiaçı 2300 manat ziyan hesablamışdır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). Məhkəmə göstərir ki, bütün qeyd olunanlar cavabdeh tərəfindən etiraf edildiyi üçün iddia təmin edilməlidir. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq ərizə və ya şikayət əsasında iş başlaya bilərlər (Mülki Prosessual Məcəllənin 5.1 və 5.3-cü maddələri). Mülki Prosessual Məcəllənin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (Mülki Prosessual Məcəllənin 52.2 və 52.5-ci maddələri) Məhkəmə diqqətə çatdırır ki, cavabdeh tərəfindən iddia etiraf edildiyindən və bu etiraf qanuna zidd olmadığından, habelə, hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından onun etirafı qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə iddia tələbində göstərilənlər üzrə əlavə araşdırılma aparılmamalı və cavabdeh iddianı etiraf etdiyi üçün iş üzrə iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Odur ki, iddia tələbi təmin edilməli və Cavabdeh 4900 manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 2300 manat, ödənilməmiş kirayə haqqı və kommunal xidmətlərdən istifadəyə görə 2600 manat olmaqla cəmi 4900 (dörd min doqquz yüz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-470/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-470/2024
12.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver