Məhkəmə qərarları › İş №2(062)-487/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-487/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-487/2023 29.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 14850 manat məbləğində ziyanın və ödənilmiş 134,55 manat məbləğdə ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidməti əvəzinin cəmiyyətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 məxsus Tovuz rayonu, Alakol kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində Cavabdeh tərəfindən Tovuz rayonu, Alakol kəndində yerləşən fərdi yaşayış evinin yandırılması nəticəsində X2 məxsus fərdi yaşayış evinə zərər vurulmuşdur. X2 məxsus Tovuz rayonu, Alakol kəndində yerləşən fərdi yaşayış evi şirkət tərəfindən sığortalı olduğundan zərərin tərəflərindən müəyyənləşdirilməsi üçün qiymətləndirmə mərkəzinə müraciət olunmuşdur. Qiymətləndirmə mərkəzi tərəfindən tərtib olunmuş qiymətləndirmə aktına əsasən dəymiş zərər məbləği 15976 məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktlarına əsasən 150 manat azadolma çıxılmaqla 14850 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi qərara alınmış və zərərçəkmiş şəxsin şəxsi hesabına köçürülmə həyata keçirilmişdir. Baş vermiş hadisə ilə bağlı Tovuz Rayon Məhkəməsi tərəfindən 1(062)-6-2022saylı hökm çıxarılmış və Cavabdeh təqsirli bilinmişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi Günel Ömərova məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsi və təqdim olunmuş sübutlar əsasında iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlarındırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəblərin araşdırmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, X2 məxsus Tovuz rayonu, Alakol kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi sığortalanmışdır. Sığorta məbləği 15000 manat təşkil edir. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, sığorta hadisəsi xx.xx.2020-ci il tarixdə Tovuz rayonu, Alakol kəndində baş vermiş yanğından ibarətdir. Dəymiş ziyanın məbləği 15976 manat təşkil edir. Sığorta ödənişi 150 manat azadolma məbləği nəzərə alınmaqla 14850 manat təşkil etmiş və etibarnamə əsasında X1 hesabına köçürülmüşdür. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(062)-6 saylı hökmündən görünür ki, Cavabdeh Tovuz rayonu, Alakol kəndində yerləşən fərdi yaşayış evinin yandırılması nəticəsində X2 məxsus fərdi yaşayış evinə zərər vurduğu üçün Cinayət Məcəlləsinin 186.2.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 5 ay 29 gün müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Cəzanın çəkilməsi onun xx.xx.2014-cü il tarixdə doğulmuş Uğur adlı uşağı 14 yaşına çatana kimi təxirə salınmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri subroqasiya qaydasında pulun tutulması üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Sığorta müqaviləsinin anlayışından bəhs edən Mülki Məcəllənin 883.1-ci maddəsində göstərilmişdir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.1-ci maddəsinə görə sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. İş materialları ilə müəyyən edilir ki, X2 məxsus Tovuz rayonu, Alakol kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə sığorta məbləği 15000 manat kimi sığortalanmışdır. Cavabdeh həmin fərdi yaşayış evinin yandırılması nəticəsində Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkəmənin xx.xx.2022-ci il tarixli hökmü ilə 3 il 5 ay 29 gün müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş və cəzanın çəkilməsi onun xx.xx.2014-cü il tarixdə doğulmuş Uğur adlı uşağı 14 yaşına çatana kimi təxirə salınmışdır. Baş vermiş hadisə nəticəsində iddiaçı cəmiyyət tərəfindən sığorta ödənişi 150 manat azadolma məbləği nəzərə alınmaqla 14850 manat təşkil etmiş və etibarnamə əsasında zərərçəkmişin hesabına köçürülmüşdür. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.3-cü maddəsinə əsasən, faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələri). Mülki Məcəllənin 1097.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının subroqasiya qaydasında pulu cavabdehdən tələb etməsi onun qanunla müəyyən edilmiş hüququdur və hazırki halda subroqasiya qaydasında pulun tələb edilməsi üçün qanuni əsaslar mövcud olmuşdur. Çünki cavabdeh tərəfindən icbari sığorta ilə sığortalanmış fərdi yaşayış evi qəsdən yandırılmışdır. Bu isə qanuni qüvvəsini almış məhkəmə hökmü ilə təsdiqin tapmışdır. Qeyd olunmalıdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.4-cü maddəsinə əsasən sığorta hadisələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı icbari sığortanın əsas prinsiplərindən biridir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 14850 manat məbləğdə verilmiş sığorta ödənişi alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 134,55 manat məbləğdə vəsaitin və 0,40 manat xidmət haqqının əvəzi də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh edilmiş sığorta ödənişinin əvəzi kimi 14850 (on dörd min səkkiz yüz əlli) manat məbləğdə pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 134,55 (bir yüz otuz dörd manat əlli beş qəpik) manat məbləğdə vəsait və 0,40 (qırx qəpik) manat xidmət haqqının əvəzi Cavabdeh alınaraq "xxxx" ASC-yə verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar