Məhkəmə qərarları › İş №2(062)-525/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-525/2024

19.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-525/2024 19.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçılar İddiaçı və X2 iştirakları ilə İddiaçılar İddiaçı və X2 Cavabdeh qarşı uşaqla ünsiyyətə olan maneənin aradan qaldırılması tələbinə dair mülki işə Tovuz şəhərində 19 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X5 Cavabdeh qarşı uşaqla ünsiyyətə olan maneənin aradan qaldırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə oğlu X1 birgə nikahlarından 20 iyul 2019-cu ildə anadan olmuş X6 adlı uşaq ilə onlara ünsiyyətə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh ilə oğlu X4 el adəti qaydasında evlənib ailə qurmuş, nikahları qeydə alınmışdır. Birgə nikahlarından 20 iyul 2019-cu ildə Nadir adlı uşaqları anadan olmuşdur. Oğlu ilə gəlini ayrılmışlar. Uşaq cavabdehin yanındadır. Onların ayrılmasından etibarən cavabdeh onlara uşaq ilə ünsiyyət saxlamağa imkan vermir, belə ki, o, hər dəfə uşaqla görüşmək istədikdə cavabdeh müxtəlif bəhanələrlə onun uşaq ilə görüşməsinə mane olur. Baba kimi uşaqla görüşmək, nəvəsi ilə vaxt keçirmək istəyirlər, amma cavabdeh buna imkan vermir. Tovuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanı görüş barədə qərar qəbul etsə də, cavabdeh qərarın icra edilməsinə maneçilik törədir. Ona görə də Cavabdeh ilə X1 birgə nikahlarından 20 iyul 2019-cu ildə anadan olmuş X6 adlı uşaq ilə ünsiyyətə Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı X5 məhkəmə iclasında İddiaçı ilə eyni xüsusatda izahat verdi. Cavabdeh məhkəmə iclası barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların izahatını dinləyib işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qanuni və əsaslıdır, aşağıdakılara əsasən təmin edilməlidir. İşə əlavə edilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Cavabdeh birgə nikahlarından 20 iyul 2019-cu ildə X6 adlı uşaq anadan olmuşdur. İşə əlavə olunmuş Tovuz rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyumluq və Himayəçilik Orqanının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Tovuz rayon sakini azyaşlı X3 baba və nənəsi ilə həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək ünsiyyətdə olmalarına mane olunmamalıdır. Məhkəmə iclasında müəyyən oldu ki, İddiaçı oğlu X4 ilə Cavabdeh el adəti ilə evlənib ailə qurmuş, nikahları qeydə alınmışdır. Birgə nikahlarından 20 iyul 2019-cu ildə Nadir adlı uşaqları anadan olmuşdur. X4 ilə Cavabdeh ayrıldığı vaxtdan etibarən uşaq cavabdehin yanındadır. Tovuz rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyumluq və Himayəçilik Orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə Tovuz rayon sakini azyaşlı X3 babası İddiaçı və nənəsi X5 ilə həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək ünsiyyətdə olmalarına mane olunmamalıdır. Lakin cavabdeh qərarın icrasına maneçilik törədir. Məhkəmə hesab edir ki, uşağın babası və nənəsi ilə, yəni İddiaçı və X5 ilə hər həftənin şənbə və bazar günləri 10:00-dan 18:00-dək ünsiyyətdə olması azyaşlı Nadirin maraqlarının təmin olunması və hərtərəfli inkişafı baxımından daha əlverişli hesab olunur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, 20 iyul 2019-cu ildə anadan olmuş Nadir adlı uşaq ilə İddiaçı Tovuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Orqanı tərəfindən müəyyən edilmiş hər həftənin şənbə və bazar günləri 10:00-dan 18:00-dək uşağın görüşünə Cavabdeh tərəfindən törədilən maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 62.3-cü maddəsinə əsasən, valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətə maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etnad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçıların izahatını və işə əlavə edilmiş sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Nadir adlı uşaq ilə iddiaçının ünsiyyətinə Cavabdeh tərəfindən törədilən maneə aradan qaldırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh yanında olan 20 iyul 2019-cu ildə anadan olmuş X6 adlı uşaqla iddiaçılar İddiaçı və X2 ünsiyyətinə Cavabdeh tərəfindən törədilən maneə aradan qaldırılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay muddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar