Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-53/2024 17.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, İsmayılov Emil İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «dəymiş maddi ziyan» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «dəymiş maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 44800 manat pulun və ödənilmiş 226 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ikinci qrup hərbi əlildir. 2018-ci ilin dekabr ayında o, güzəşli əsaslarla ipoteka qaydasında mənzil almağa qərar vermiş, lakin onun hərbi xidmət müddətinin 3 ildən az olduğu üçün güzəşli mənzil ona verilməmişdir. Bu səbəbdən də o, Cavabdeh1 ilə danışmış və o da ona bildirmişdir ki, əgər onun banka 4000 manat borcunu və bu işlə bağlı Sumqayıt şəhərinə gediş-gəliş xərclərini ödəyərsə o, öz adına ona mənzil almağına icazə verəcəkdir. O, onun şərtlərini qəbul etməklə mənzil bəyənmiş və Sumqayıt şəhəri 9-cu mikrorayon ev 30-da yerləşən 3 saylı mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlı bütün işləri həyata keçirmişdir. Həmin mənzilin dəyərini onun sahibinə o, ödəsə də yalnız sənədlərdə cavabdehin adı yazıldığı və bununla da onun vəsaiti ilə alınmış və hazırda da ona məxsus bu mənzilə dair ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarış onun adına rəsmiləşdirilmişdir. O, gələcəkdə hər hansı problemin yaranmaması üçün 2 nəfər şahidlərin iştirakı ilə Cavabdeh1dan yazılı iltizam almış və həmin iltizamda o, bu mənzilə dair ilkin ödənişin, notariat xərclərinin, aylıq 320 manat ödənişin onun tərəfindən aparılmasını etiraf etməklə yanaşı kredit sona çatandan sonra mənzili onun adına keçirəcəyini və mənzillə bağlı hər hansı bir iddia və tələbinin olmayacağını qeyd etmiş və onun adına etibarnamə də vermişdir. O, da onun bu sözlərinə güvənərək faktiki olaraq ona məxsus olan bu mənzillə bağlı aylıq ödənişləri həyata keçirmiş və nəticədə bu mənzilə görə aşağıdakı ödənişlər tərəfindən olmuşdur: Mənzilə dair ilkin ödəniş 21000 manat, cavabdehə verdiyi pul 4000 manat, notariat, bank və sövdələşmələr 1200 manat, 2019-cu yanvar 2023-cü ilin iyul ayına kimi ödənilmiş 17600 manat, cavabdehin gediş-gəliş xərcləri 500 manat-cəmi 44300 manat. Bu mənzilin onun vəsaiti ilə alınmasına və cavabdehlərin bu ödənişlərə 1 manat da olsun vəsait sərf etməmələrinə baxmayaraq hazırda ona məlum olmuşdur ki, cavabdehin həyat yoldaşı olan Cavabdeh2 məhkəmədə bu mənzilin birgə nikah dövründə əldə edildiyinə əsaslanaraq iddia qaldırmışdır. Halbuki hər iki cavabdeh tərəfindən bu mənzilə 1 manat vəsait qoyulmamış və mənzil onun vəsaiti ilə alınmış, ödənişlər də onun tərəfindən həyata keçirilmişdir. Hazırda bu mənzilə görə qalan ipoteka borcu 42000 manat təşkil edir və son ödəmə müddəti 2041-ci ildə başa çatır. Bu evin faktiki sahibi o, olduğu üçün evə dair bütün sənədlərin əsli müqavilələr və ödəniş qrafiki də onda olmuş və o da bu illər ərzində yaşadığı Sumqayıt şəhər terminalları və banklar vasitəsilə ödəmələri həyata keçirmişdir. Ödəmələrin onun tərəfindən aparılması həmin ərazidə olan terminalların kamera görüntüləri ilə də sübuta yetir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək cavabdehlərdən müştərək qaydada 48140 manat əsas borcun, 15.000 manat əldən çıxmış faydanın və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, həqiqətən də onun adına ipoteka müqsaviləsi əsasında qeydə alınmış evlə bağlı Ceyhunla razılıq əldə edilmşdir. Həmin evə görə ilkin ödənişlər, ümumiyyətlə çəkilmiş bütün xərclər Ceyhun tərəfindən çəkilmişdir. 4000 manat pulu isə ondan borc şəklində almışdır.Belə ki, onun adına digər bankda kredit olduğundan o Ceyhundan borc şəklində pul götürərək həmin krediti bağlamışdır. Əks halda ona ipoteka krediti verilməyəcəkdi.Odur ki, ilkin ödəniş, borc və bununla bağlı çəkilmiş xərclərə aid hissədə iddianın təmin edilməsini, qalan hissədə isə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 06 dekabr 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X3 ipoteka saxlayan Kpital Bank ASC və alıcı Cavabdeh1 arasında müqavilə bağlanmış, ümumi sahəsi 64.4 kv.m yaşayış evinin dəyəri olan 70000 manat pulun 21000 manat məbləğində olan hissəsini alıcı-ipotekaya qoyanın özü tərəfindən, 49000 manat məbləğində olan hissə isə kreditor-ipoteka saxlayan tərəfindən, 05 dekabr 2018-ci il tarixli 380 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilməlidir. Kredit müqaviləsi 264 ay müddətinə 05 dekabr 2040-cı il tarixədək kredit üzrə illik 4 faiz dərəcəsinə əsasən hesablanan faizdir. 1376344 saylı Çıxarışdan görünür ki, Sumqayıt şəhəri 8-ci mikrorayon, 30 nömrəli evin 3-cü mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İşdə olan sadə-yazılı şəkildə bağlanılmış və həqiqiliyi tərəflər arasında mübahisələndirilməyən sazişin surətindən görünür ki, onun banka olan borcu, ipoteka ilə bağlı çəkilmiş xərclərin, ilkin ödənişlər Ceyhun tərəfindən ödənilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2126/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni Cavabdeh1 ilə iddiaçı X1 birgə nikah dövründə əldə olunmuş Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 30, 3 saylı mənzilə ½ hissədə payının müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçı X2 ilə Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Sumqayıt şəhəri, 9- cu mikrorayon ev 30, 3 saylı mənzilə ½ hissədə payları müəyyən edilməklə, iddiaçı X2 ilə Cavabdeh1 nikahının pozulması barədə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən ipoteka müqaviləsi üzrə öhdəliyin icrası müddətinin başa çatdığı xx.xx.2040-ci il tarixə kimi ipoteka müqaviləsi üzrə öhdəlikləri bərabər qaydada icra edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, onların izahatlarını işdəki sənədlərlə qarşılıqlı şəkildə tədqiq edərək belə hesab edir ki, iddia qismən, əldən çıxmış fayda və yol xərcindən başqa qalan hissələrdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 386-cı maddəsinə əsasən isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. İddia tələbinin məzmunundan və məzmunu tərəflər arasında heç bir mübahisə doğurmayan sadə yazılı şəkildə tərtib edilmiş iltizamdan, o cümlədən tərəflərin rəftarından, Cavabdeh1 etiraf edici izahatından müəyyən edilir ki, tərəflər arasında Cavabdeh1 və Cavabdeh2 gələcəkdə mülkiyyətlərində olacaq əmlaklarının alınması ilə bağlı müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh1 ipoteka predmeti kimi götürəcəyi əmlakı gələcəkdə İddiaçı verməyi, İddiaçı isə həmin əmlakla bağlı bütün ödənişləri və xərcləri çəkməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə belə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 391 və 394-cü maddələrinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 391-ci maddəsinin tələbinə görə tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. İşin hallarından göründüyü kimi Cavabdeh1 arvadı ilə gələcəkdə birgə mülkiyyətlərində olacaq əmlakı bütünlüklə iddiaçıya verməyi, iddiaçı isə bunun müqabilində əmlakın dəyərini ödəməyi öhdəsinə götürsə də, həmin müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 391 və 394-cü maddələrin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qeyd edilən Məcəllənin 337.3-cü maddəsinə əsasən isə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinin tələbinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Adı çəkilən Məcəllənin 337.5-ci maddəsinə əsasən isə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cavabdehin gələcəkdə əldə edəcəyi daşınmaz əmlakın gələcəkdə, hazırki iş üzrə iddiaçıya satılmasına dair bağlanılmış əqd Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinin tələblərinə uyğun şəkildə notariat qaydasında təsdiqlənmədiyindən həmin əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məhkəmə tərəfindən əqdin etibarsızlığı qənaətinə gəlindiyindən məhkəmə hesab edir ki, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. İşin hallarından göründüyü kimi daşınmaz əmlak əldə edilsə də iddiaçıya verilməsi həyata keçirilməmiş, həmin əmlak Zülfüqar və Təranənin birgə mülkiyyətində hələ də qalmaqdadır. Ona görə də məhkəmə hesab edir ki, əqdin etibarsızlığı nəticəsinə gəlindiyindən cavabdehlər iddiaçıdan aldıqlarının hamısını ona qaytarmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehlərin birgə nikah dövründə əldə etdikləri əmlaka görə iddiaçı 21.000 manat ilkin ödəniş etmiş, 2018-ci ilin dekabr ayından başlayaraq edilmiş ödənişlər də nəzərə alınarsa iddiaçı Kapital Bank ASC-yə cəmi 40.126,92 manat ödəniş həyata keçirmişdir. Bundan başqa da iddiaçı tərəfindən notarius və sığorta haqqı kimi 2176 manat ödənişlər də həyata keçirilmişdir ki, bu da işin mübahisəsiz halıdır.Eyni zamanda işin mübahisəsiz hallarından biri də odur ki,bankdan ipoteka krediti götürülməsi ilə bağlı borcları tənzimləmək məqsədilə Zülfüqar Ceyhundan 4.000 manat məbləğində pul götürmüşdür. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən məbləğ də cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Zülfüqar Ceyhuna 46302,92 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iddia tələbinin illik 5 faiz dərəcəsi ilə hesablanmış faizin cavabdehlərdən alınmasına dair dəlillərinə münasibətdə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İş materiallarından göründüyü kimi iddiaçının hüququnun pozulduğunu bildiyi gündən ödənişlərin həyata keçirilməsini dayandırmaq imkanı olduğu halda o başqasının mülkiyyəti üçün ödənişlər etməyə davam etmişdir. Yəni, pul məhz iddiaçının özünün iradə ifadəsi əsasında ödənilmişdir. Ona görə də məhkəmə iddia tələbinin qeyd edilən hissəsini əsassız hesab edir. Bundan başqa da yol xərci ilə bağlı hissəni də məhkəmə əsassız hesab edir. Belə ki, bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 30, 3 saylı mənzil xx.xx.2018-ci il tarixli, 380 nömrəli mənzilin alğı-satqısı və ipoteka müqaviləsinə əsasən əldə edilmiş və mənzil Cavabdeh1 adına qeydə alınmışdır. Mübahisəli mənzilin Cavabdeh1 adına rəsmləşdirilməsinə baxmayaraq, mənzil Zülfüqar və Təranə üçün ümumi öhdəliklər yaradan pul vəsaiti hesabına əldə olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2018ci il tarixli, 380 saylı kredit müqaviləsinə əlavədən görünür ki, ipoteka müqaviləsi üzrə öhdəliyin icrası müddəti xx.xx.2040-ci il tarixdə başa çatır. Göründüyü kimi, mübahisəli mənzil birgə nikah dövründə ümumi öhdəlik yaradan pul vəsaiti hesabına əldə edilmiş və ümumi öhdəliyin icrası müddəti də başa çatmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Zülfüqar və Təranənin həmin mənzilə bərabər payları müəyyən edilməklə ipotak müqaviləsi üzrə öhdəliyin də bərabər qaydada icra edilməsi qüərara alınmışdır. Məhkəmə hesab edir ki, hazırki mübahisə də həmin ipoteka müqaviləsindən irəli gəldiyindən Zülfüqarın Ceyhun qarşısındakı öhdəliyi də bərabər qaydada icra edilməlidir. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 saylı Qərarının 3.14-cü bəndində qeyd edilir ki, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Qərarın 4.7-ci bəndində qeyd edilir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. Məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri). 38. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər və arvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 228 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 23.151,46 (iyirmi üç min yüz əlli bir manat qırx altı qəpik) manat pul və 114 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Cavabdeh1 23.151,46(iyirmi üç min yüz əlli bir manat qırx altı qəpik) manat pul və 114 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-53/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-53/2024
17.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver