Məhkəmə qərarları › İş №2(062)-558/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-558/2024

22.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-558/2024 22.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz müdaxiləyə son qoyulması» tələbinə dair mülki işə Tovuz şəhərində 22 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq mülkiyyətində olan Tovuz rayon Əyyublu kəndində yerləşən onun və cavabdehin istifadəsində olan fərdi yaşayış evinə qaz və işıq xəttinin çəkilməsi və qaz sayğacının quraşdırılması zamanı cavabdehin ona və qaz, işıq xəttini çəkən nümayəndələrə qarşı qanunsuz müdaxilələrinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 1991-ci ildə evlənib ailə qurmuş, nikahları da həmin vaxt qeydə alınmışdır. Evlənən gündən cavabdehin valideynlərinə məxsus evə köçmüşdür. Tovuz rayon məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2(062)-863/2018 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Sözügedən fərdi yaşayış evinə istifadə hüququ verilməklə həmin evə köçrülməsinə dair Tovuz rayon məhkəməsi 14 oktyabr 2019-cu il tarixli 2(062)-2004/2019 saylı qətnamə çıxarmışdır və həmin qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh köçürüldüyü fərdi yaşayış binasına gələn qaz, işıq xəttini ayırmaqla onu həmin xətlərdən istifadə etməyə imkan vermir və ona bildirir ki, özü üçün ayrıca sayğac alsın. Cavabdehin təkidi ilə ayrıca sayğac alsa da, sayğacın quraşdırılması üçün evə gələn işçiləri evdən qovmuş, sayğacın quraşdırılmasına icazə verməmişdir. Hazırda qış ayıdır, evdə yaşamaq üçün istilik sistemi və elektrik xətti yoxdur. Cavabdeh qaz, işıq xəttinin çəkilməsinə manelər yaradır. Ona görə də Tovuz rayonu Əyyublu kəndində yerləşən Cavabdeh və özünün istifadəsində olan fərdi yaşayış evinə qaz və işiq xəttinin çəkilməsi və qaz sayğacının quraşdırılması zamanı cavadehin ona və qaz, işıq xəttini çəkən nümayəndələrinə qarşı qanunsuz müdaxilələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı keçmiş həyat yoldaşıdır. Onlar arasında mülkiyyətlə bağlı mübahisə üzrə Gəncə Apelyasiya Məhkəməsinin icraatında iş vardır. Bir müddət sonra iddiaçı həmin yerdən çıxıb gedəcəkdir. İddiaçıya başqa bir yerdən ev təklif etmişdir, lakin o razılaşmamışdır. Qaz və işıq çəkilməsinə razı deyildir. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş Tovuz rayon məhkəməsinin 2(062)-2004/2019 saylı 14 oktyabr 2019cu il tarixli qətnamədən görünür ki, İddiaçı Cavabdeh və X1 yaşadığı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Surəti işə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları pozulmuşdur. Surəti işə əlavə olunmuş İddiaçı Tariyel qızının "xxxx" Lahiyə İnşaat QSC-yə ünvanladığı ərizədən görünür ki, iddiaçı öz hesabına mübahisə olunan fərdi yaşayış evinin qazlaşdırılmasını və abunəçi kodunun açılmasını xahiş etmişdir və işdə bu barədə də mövcud qaz kəmərinin birləşmə sxemi tərtib edilmiş və həmin sxem X4 QSC-nin nümayəndəsi və iddiaçı tərəfindən təsdiq edilmişdir. Məhkəmə araşdırılmaları zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə 1991-ci ildə evlənib ailə qurmuş, nikahları da həmin vaxt qeydə alınmışdır. Evlənən gündən iddiaçı cavadehin valideynlərinə məxsus Tovuz rayonu Əyyublu kəndində yerləşən evə köçmüşdür. Tovuz rayon məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2(062)-863/2018 saylı qətnaməsi ilə tərəflərin nikahları pozulmuşdur. Tovuz rayon məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehin yaşadığı fərdi yaşayış evinə köçrülməsi qərara alınmış, həmin qətnamə qanuni qüvvəsini almış və qətnamə icra olunmuşdur. İddia tələbindən və tərəflərin izahatından məlum olur ki, cavabdeh mübahisə olunan fərdi yaşayış binasına gələn qaz, işıq xəttini ayırmış, iddiaçını həmin xətlərdən istifadə etməyə imkan vermir. Qanuna müvafiq qaydada iddiaçı həmin evə sayğac quraşdırmaq istəsə də, cavabdeh sayğacın quraşdırılmasına da imkan verməmişdir. Məhkəmə hesab edir ki, mübahisə olunan fərdi yaşayış binasından iddiaçının istifadə hüquqları olduğundan onun qaz, işıq sayğaclarından istifadə hüquqları var. Cavabdeh tərəfindən iddiaçının qaz və işıqdan onun istifadə etmək hüquqlarını məhdudlaşdırmasını məhkəmə iddiaçının evdən istifadə hüquqlarının pozulması hesab edir. Hazırda qış fəslinin olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının qaz və işıqdan isifadəsinə müdaxilələrini qanunsuz hesab etməklə iddia tələbini qanuni hesab edir. Eyni zamanda məhkəmə cavabdehin göstərdiklərinə qiymət verərək hesab edir ki, iddiaçının istifadə hüququna xitam verilməsi məsələsinə Gəncə Apelyasiya Məhkəməsində baxılması onun kommunal xidmətlərdən istifadə etməsinə maneə deyil. İşə baxıldıqdan və məhkəmə qərarı qüvvəyə minib icra olunduqdan sonra iddiaçının istifadə hüquqlarına xitam verildikdə kommunal xidmətlərdən istifadəsinə də son qoyulacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən Tovuz rayon Əyyublu kəndində yerləşən, tərəflərin istifadəsində olan fərdi yaşayış evinə qaz və işıq xətlərinin çəkilməsi ilə bağlı maneələr aradan qaldırılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Tovuz rayon Əyyublu kəndində yerləşən, tərəflərin istifadəsində olan fərdi yaşayış evinə qaz və işıq xətlərinin çəkilməsi ilə bağlı maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar