Məhkəmə qərarları › İş №2(062)-6/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-6/2025

09.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-6/2025 09.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: İddiaçı Cavabdeh qarşı «payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh onun qardaşıdır. Vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum atasından miras qalmış Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 8/12 hissədə onun, 4/12 hissədə isə cavabdehin payı müəyyən edilmiş, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilmişdir. Həmin həyətyanı torpaq sahəsi 0,12 ha, fərdi yaşayış evi isə 108,3 kv.m-dən ibarətdir. Hazırda cavabdeh onun evdə yaşamağına imkan vermir. Belə ki, dəfələrlə qapını bağlayıb onu evə girməyinə imkan verməmişdir. Odur ki, o, həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin naturada bölünməsini istəyir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh iddiaya etiraz edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən xüsusi mülkiyyətdə olan 0,12 ha həyətyanı torpaq sahəsi və 108,3 kv.m fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində 8/12 hissədə İddiaçı, 4/12 hissədə Cavabdeh paylı mülkiyyətindədir. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən evin mərhum X1 məxsus üçdə bir hissəsinin ¾ hissəsinə (ümumi əmlakın 3/12 hissəsinə) İddiaçı miras payı müəyyən edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin rəyindən görünür ki, Tovuz rayonu Düz Qırıqlı kəndində 0,12 ha torpaq sahəsinin üzərindəki tikililər nəzərə alınmaqla əlavə kommunal xidmət sahələri inşa edilməklə və arakəsmə divar inşa edilməklə 8/12 və 4/12 hissələrə naturada bölünməsi inşaat norma və qaydaları 2.08.01.89-un 2.1, 2.2., 2.4, 2.7, 2.9 bəndələrinin və metodik tövsiyyənin tələblərinə uyğun mümkün olduğu müəyyən edilir. Bunun üçün texniki pasportun məlumatlarında göstərilən 1 və 3 saylı tikililərin arakəsmə divarı yaradılmalı, yaradılmış 3a saylı tikiliyə bölünmüş torpaq sahəsindən pilləkən quraşdırılmalı, 8/12 paya düşən torpaq sahəsinə küçə tərəfdən darvaza quraşdırılmalı, 4/12 və 8/12 paylara ayrılmış torpaq sahələrinin daxilində, hamam və ayaqyolu tikililəri yaradılmalıdır. Məhkəmə ekpertin rəyini sübut kimi qəbul edərək bu qənaətə gəlir ki, tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evi həmin rəyə əlavə edilmiş aşağıdakı plan-sxemdə göstərilənlərə uyğun qaydada tərəflərin paylarına uyğun bölünməlidir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 3.7-ci maddəsində əsasən, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Yəni, vahid daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. Ayrılmanın texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan iddiaçının payının ayrılması mümkündür. Məhkəmə xərci ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: İddia təmin edilyindən məhkəmə hesab edir ki, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Tovuz rayonu Düz Qırıqlı kəndində 0,12 ha torpaq sahəsinin üzərindəki tikililər nəzərə alınmaqla, əlavə kommunal xidmət sahələri inşa edilməklə texniki pasportun məlumatlarında göstərilən 1 və 3 saylı tikililərin arakəsmə divarı yaradılmalı, yaradılmış 3a saylı tikiliyə bölünmüş torpaq sahəsindən pilləkən quraşdırılmalı, 8/12 paya düşən torpaq sahəsinə küçə tərəfdən darvaza quraşdırılmalı, 4/12 və 8/12 paylara ayrılmış torpaq sahələrinin daxilində, hamam və ayaqyolu tikililəri yaradılmaqla mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi tərəflərin paylarına uyğun şəkildə bölünməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tovuz rayonu Düz Qırıqlı kəndində 0,12 ha torpaq sahəsinin üzərindəki tikililər nəzərə alınmaqla, əlavə kommunal xidmət sahələri inşa edilməklə texniki pasportun məlumatlarında göstərilən 1 və 3 saylı tikililərin arakəsmə divarı yaradılmaqla yaradılmış 3a saylı tikiliyə bölünmüş torpaq sahəsindən pilləkən quraşdırılmaqla, 8/12 paya düşən torpaq sahəsinə küçə tərəfdən darvaza quraşdırılmaqla, 4/12 və 8/12 paylara ayrılmış torpaq sahələrinin daxilində, hamam və ayaqyolu tikililəri yaradılmaqla mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi tərəflərin paylarına uyğun şəkildə aşağıdakı fərdi yaşayış evinin və torpaq sahəsinin bölgüsünə dair plan-sxemdə göstərilən qaydada bölünsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən gündən 01 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar