Məhkəmə qərarları › İş №2(062)-613/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-613/2024

24.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-613/2024 24.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı X1 və Cavabdeh iştirakları ilə İddiaçı X1 Cavabdeh qarşı «cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Tovuz şəhərində 24 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 7000 manat sığorta haqqının, dəfn, yas mərasimləri və qəbirüstü abidəyə çəkilmiş xərcə görə 10000 manatın və mərhum oğlu X2 3-cü qrup əlilliyinə görə aldığı təqaüdün tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 məhkəmə iclasında iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, o, 04 oktyabr 2021-ci il tarixində avto nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş X2 hüquqi varisidir. Belə ki, oğlu Samir Cəfərov 04 oktyabr 2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Mərhum oğlu Samir Cəfərov 2020-ci ilin sentyabr ayında ikinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmiş, aldığı yaralarına görə qazi statusunu almışdır. Həmçinin müharibədə göstərdiyi igidliklərinə görə dövlət başçısı tərəfindən medalla mükafatlandırılmışdır. xx.xx.2021-ci il tarixində Cavabdeh, onun mərhum oğlu və digər qazi dostları onlara verilmiş sığorta pullarını götürərək birlikdə kafedə yeyib-içmişlər. Sonra cavabdeh sərxoş halda avtomobilini idarə edərək evə qayıdan zaman yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisədə ehtiyatsızlıqdan onun oğlunun ölümünə səbəb olmuşdur. Hadisə baş verən zaman sığorta pulu oğlunun üstündə olsa da, hadisə yerindən həmin pul tapılmamışdır. Sonradan cavabdehin yaxın qohumları ona söz vermişlər ki, oğlunun sığorta haqqını, əlilliyə görə aldığı aylıq müavinəti, yas və qəbir üçün çəkdiyi bütün xərcləri ona ödəyəcəkdirlər. Ona görə də Gəncə Ağır Cinayətlər Məhkəməsində cavabdehi bağışladığını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Lakin cavabdeh və onun yaxın qohumları verdikləri sözə əməl etməmiş, ona heç bir ödəniş etməmişlər. Cavabdeh Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 1(100)-311/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, 2 il sınaq müddəti müəyyən edilməklə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdə onun mülki iddia irəli sürə bilməsi də qeyd edilmişdir. Odur ki, cavabdehdən 7000 manat sığorta haqqının, dəfn, yas mərasimləri və qəbirüstü abidəyə çəkilmiş xərcə görə 10000 manatın və mərhum oğlu X2 3-cü qrup əlilliyinə görə aldığı təqaüdün tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Tələb olunan məbləği ödəyə bilməz. O, xeyli müddətdir ki, hər ay 410 manat ödəniş etmişdir, lakin çeklərini təqdim edə bilmir. Yas mərasimi zamanı valideynləri iddiaçının yanına getmiş, ona köməklik təklif etmişlər. Lakin iddiaçı təklifi qəbul etməmişdir. Sığorta pulundan isə ümumiyyətlə xəbəri yoxdur, hadisədən sonra huşsuz halda olmuş, onu xəbəri olmadan xəstəxanaya aparmışlar, xəstəxanada ayılmışdır, hazırda da müalicəsi davam edir. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatılarını dinləyib, mülki işə əlavə olunmuş sənədləri tədqiq edərək, belə qərara gəlir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 1(100)-311/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, 2 il sınaq müddəti müəyyən edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşə əlavə olunmuş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, X2 hüquqi varisi anası İddiaçıdır. İşə əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsindən sorğu ilə alınmış ərizənin surətindən görünür ki, İddiaçı Cavabdeh gənc olmasını nəzərə alaraq onu bağışlamış, onunla barışmışdır. Ona görə də heç bir şikayəti yoxdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Samir Cəfərov 04 oktyabr 2021-ci il tarixində baş vermiş Cavabdeh ehtiyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə üzrə X2 hüquqi varisi anası İddiaçıdır. Gəncə Ağır Cinayətlər Məhkəməsindən sorğu ilə alınmış ərizənin surətindən görünür ki, İddiaçı Cavabdeh gənc olmasını nəzərə alaraq onu bağışlamış, onunla barışmışdır. Ona görə də heç bir şikayəti yoxdur. Lakin həmin vaxt dəymiş ziyanın ödənilməsi nə ərizədə, nə də hökmdə qeyd edilməmişdir. Cavabdeh Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 1(100)-311/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, 2 il sınaq müddəti müəyyən edilməklə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdehin izahatından görünür ki, çəkilən xərclərlə bağlı onun valideynləri iddiaçıya kömək təklifi etmişlər. Lakin iddiaçı onu qəbul etməmişdir. Hazırda İddiaçı dəymiş ziyanı tələb edir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı qəbirüstü abidəyə 6408 manat xərc çəkmiş, ümumilikdə yas mərasiminə üç, yeddi, qırx mərasimləri də daxil olmaqla, 8033 manat xərcləmişdir. Bundan əlavə həmin mərasimlərə alınan digər mallara nağd və kredit kart vasitəsilə ödənilən məbləğləri də hesabladıqda iddiaçının ödədiyi məbləğlə 10000 manatdan yuxarı məbləğ təşkil edir. İddiaçı həmin xərclərə görə 10000 manat tələb etdiyinə görə həmin hissədə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq 10000 manatın təmin olunmasını məqsədə müvafiq hesab edir. İddia tələbində olan 7000 manat sığorta pulu isə heç bir təsdiqini tapmır. Belə ki, iddiaçı oğlunun və cavabdehin birlikdə gedib sığorta pulunu aldıqlarını bildirir və qəzadan sonra mərhumun cibindən cavabdehin pulları götürdüyünü bildirir. Halbuki məhkəmə iclası zamanı müəyyən edilmiş hallardan və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 1(100)-311/2022 saylı hökmündə müəyyən edilmiş hallardan görünür ki, hadisədən sonra mərhum X4 və Cavabdeh kənar şəxslərin çağırdıqları təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya aparılmışlar. Həmin pulun mərhumun üzərindən kimin götürməsi müəyyən olunmur və öz təsdiqini tapmır. Ona görə də iddianın həmin hissəsi təmin edilməməlidir. Həmçinin iddia ərizəsi üzrə əsaslarda cavabdehin aylıq müavinətinin cavabdehdən tutulması göstərilsə də, belə bir müddəa qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də iddia həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu irəli sürdüyü (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmənin hökmündə zərərçəkmiş şəxslər, hazırki işdə iddiaçılara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatına və işdə olan sənədlərə qiymət verərək hesab edir ki, vurulmuş ziyanla bağlı Cavabdeh 10000 manat alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 120 manatı Cavabdeh alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 10000 manat alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 120 manatı Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar