Məhkəmə qərarları › İş №2(062)-675/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-675/2025

03.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-675/2025 03.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul » tələbinə dair mülki işə Tovuz şəhərində 03 aprel 2025ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 6350 manat borcunun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, 04 oktyabr 2021-ci ildə nəqliyyat qəzası nəticəsində dostu X2 vəfat etmişdir. Dostu da, o da 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşlar. Dostunun ölümündən sonra bütün xərcləri çəkməyi mərhumun anasına bildirmiş, lakin onlar qəbul etməmişlər. Sonradan mərhumun anası Afayət Qasımova ondan dəfn xərci olaraq 10000 manat pul tələb etmişdir. O Gəncə Ağır Cinayətlər Məhkəməsində cinayət işi zamanı mərhumun hüquqi varislərinin şikayət etməməsi üçün razılaşmışlar, belə ki, o hər ay hüquqi varisə 400 manat pul ödəməli olmuşdur. Lakin bir müddət sonra o, imkanı zəiflədiyi üçün həmin məbləği 200 manat olaraq ödəmişdir. Bundan sonra Afayət Qasımova ondan 10000 manat pul tələb etmişdir. O, pul ödəyən zaman pulları Cavabdeh kartına ödəmişdir. Cavabdeh mərhum dostunun bacısıdır. O, hesab edir ki, cavabdeh onun ödədiyi pulları Afayət Qasımovaya verməmişdir. Ona görə də ödəmiş olduğu 6350 manatı cavabdehdən tələb edir. Odur ki, 6350 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh 6350 manat pulu hissə-hissə cavabdehin kartına vurduğunu iddia etmişdir. Həmçinin məhkəmə iclasında etiraf etmişdir ki, onun törətdiyi avtoqəza zamanı ölmüş dostunun hüquqi varisi cavabdeh və Afayət Qasımova ondan şikayət etməmələri qarşılığında tələb etdiyi pulu onlara köçürmüşdür. Bu da ona əsas verir ki, iddiaçının tələb etdiyi iddia əsassızdır. İddiaçı ondan şikayət etməmələri üçün pul ödəmiş, cinayət işinə baxılarkən zərəçəkmiş şəxsin prosessual hüquqi varisi Afayət Qasımova ondan şikayətçi olmamışdır. Eyni zamanda ona cəza təyin olunarkən zərərçəkmiş şəxsin prosessual hüquqi varisinin şikayətçi olmaması nəzərə alınmışdır. Lakin zərəçəkmişin xərcləri tam qarşılanmadığına görə məhkəməyə müraciət olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının dəymiş ziyan kimi ödədiyi məbləği geri tələb etməsi üçün heç bir hüquqi əsas olmadığından iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmə yükü iddiaçının üzərinə düşür iddiaçı isə iddia ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı 6350 manat məbləğində borcun alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar