Məhkəmə qərarları › İş №2(062)-677/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-677/2025

22.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-677/2025 22.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyan» tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Məhkəməsinin 16 avqust 2013-cü il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı pul tələbi təmin edilmişdir. Lakin manatın devolvasiyasından sonra manat öz dəyərini itirmişdir. Buna görə də ona son 12 ildə xeyli ziyan dəymişdir. Odur ki, cavabdehin ona vurduğu ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, hesab edir ki, hazırki vəziyyətdə işə məhkəmədə baxıla bilməz. Belə ki, işin hallarından göründüyü kimi iddiaçının bilvasitə tələbi məhkəmənin qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnaməsi əsasında pul məbləğlərinin indeksasiyasının həyata keçirilməsindən ibarətdir. Buna baxmayaraq o məhkəməyə Azərbaycan Respublikası Müelki Prosessual Məcəlləsinin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada ödənilməli olan pul məbləğinin indeksasiyasına dair ərizə ilə deyil, iddia icraatı qaydasında iddia ərizəsi müraciət etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinin mənasına görə mülkiprosessual qanunvericilik məhkəmənin qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnamə əsasında pul məbləğlərinin indeksasiyasının həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun indeksləşdirmənin mahiyyəti və məqsədini müəyyən edən 1-ci maddəsində qeyd edilmişdir ki, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməli, iddiaçıya MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada, ödənilməli pul məbləğlərinin indeksasiyası qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.Mövcud vəziyyətdə bu tələbə iddia icraatı qaydasında məhkəmədə baxılması yolverilməzdir. Odur ki, iddianın yolverilməzliyinə görə mülki iş üzrə icraata xitam verilməlidir. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər (Mülki Prosessual Məcəllənin 262.1, 262.4 və 262.5-ci maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 262.1, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyan» tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçı tərəfindən məhkəməyə ərizə verilməsi üçün xx.xx.2025-ci ildə "xxxx" ASC vasitəsilə ********** saylı qəbz nömrəsi olan 100 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Tovuz rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. İzah edilir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə yenidən müraciət edilməsinə yol verilmir. İddiaçıya ödənilməli pul məbləğlərinin indeksasiyası qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar