Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-711/2024 30.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ İş № 2(062)-711/2024 Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon Məhkəməsi xx.xx.2024-cü il Tovuz rayon Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı,nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh 3930 manat pulun və 60 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Gədəbəy rayonu, Novo Saratovka kəndində yaşamaqla, fiziki şəxs kimi mağaza işlədir. Cavabdeh yaşadığı ünvanda yerləşən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçudur. O, mağazadan nisyə formada alış-veriş edir və məvacibini alarkən aldığı əşyaların dəyərini ödəyirdi. Lakin, 2023-cü ilin əvvəlindən mağazadan aldığı əşyalarının əvəzinin ödənilməsini müəyyən bəhanələrlə ləngitməyə başlamışlar. Hazirda Cavabdeh 3930 manat pul borcları vardır. O, borclarının ödəməsi üçün ona dəfələrlə zəng etsə də, o zənglərə cavab verməmişdir. Borclu Cavabdeh 2000 manat borcu olması barədə qəbz verdikdən sonra əlavə 1930 manat məbləğində alış-veriş etmişdir. Onun cəmi borcu 3930 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. O məhkəməyə təqdim etdiyi yazılı ərizəsində göstərmişdir ki, oğlunun dediyinə görə o Şölədən 2000 manat pul götürmüş və əlavə olaraq 4000 manat pul ödəmişdir. Odur ki, əlavə verilmiş pulun nəzərə alınmasını xahiş etmişdir.Əvvəli məhkəmə iclasların birində isə cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, İsmayıl Şölədən 700 manat pul götürmüş, əvəzində 3000 manat pul ödəmişdir.Oğlu 1150 manat əmək haqqı alır. Onun əmək haqqı kartı Şölədə olmuşdur. Məhkəmə tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanaraq tərtib edilmiş qəbzin məzmunundan görünür ki, İsmayıl 2000 manat borcu olduğunu etiraf etmişdir. Həmin imza İsmayılın nümayəndəsi tərəfindən mübahisələndirlmiş və aparılmış ekspertiza tədqiqatı ilə imzanın İsmayıla məxsus olması və onun tərəfindən icra edilməsi müəyyən edilmişdir. Göründüyü kimi cavabdehin nümayəndəsi verdiyi izahatında səmimi olmayaraq hər vəchlə ona qarşı verilmiş iddianın dəf edilməsində maraqlıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, cavabdehin nümayəndəsi iddiaçıya 4000 manat verilməsini etiraf etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Belə olduğu halda məhkəmə bu qənaətə gəlir ki, cavabdeh özü sübut etməlidir ki, o iddiaçıya 4000 manat pul vermişdir. Cavabdeh bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə o 4000 manat pulun İsmayılın əmək haqqı kartından tutulmasına dair dəlillər irəli sürsə də, o bununla bağlı sübutunu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, İsmayılın nümayəndəsi məhkəmə iclaslarının birində İsmayılın Şölədən 700 manat pul götürüb, əvəzində 3000 manat pul qaytarmağına dair dəlillər irəli sürmüşdür. Məhkəmə bu dəlilləri də inandırıcı hesab etmir. Belə ki, cavabdehin nümayəndəsi eyni zamanda bildirmişdir ki, Şöləyə olan pul İsmayılın əmək haqqı kartı hesabına ödənilmişdir. Yəni, İsmayılın əmək haqqı kartı 9 ay müddətə Şölədə olmuşdur. Məhkəmə bu dəlili də inandırıcı hesab etmir. Belə ki, İsmayıl hərbiçi olmaqla aldığı 1150 manat əmək haqqı ilə Şöləyə verəcəyi borcu 2 aya qaytarmaq imkanına malikdir. Belə olduğu halda 9 ay müddətə İsmayılın əmək haqqı kartına yüklənmiş pulun Şölənin götürməsi inandırıcı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1). Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (600.4). Mülki Məcəlləyə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (427.3). Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (427.4). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2). Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur (445.3). Mülki Məcəlləyə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır (433.3). Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh iddiaçı qarşısında 3990 manat pul öhdəliklərinin icrasını təsdiqləyən mötəbər sübutlar təqdim etmədiyindən, iddia təmin edilməli, 3990 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Məhkəmə qeyd edir ki, İsmayıl 4000 manat ödədiyini etiraf etsə də, ödədiyini sübut edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3990 (üç min doqquz yüz doxsan) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 (altmış) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-711/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-711/2024
30.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver