Məhkəmə qərarları › İş №2(062)-790/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-790/2025

03.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-790/2025 03.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı «cərimənin silinməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh İB-nə qarşı «cərimənin silinməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdeh orqan tərəfindən xx.xx.2024-ci il tarixli, ******* saylı akt əsasında ona hesablanmış 2073.60 manat cərimənin azaldılaraq faktiki istifadəyə uyğunlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində fərdi yaşayış evim var. Həmin yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh təşkilatın əməkdaşları 31 yanvar 2024-cü il tarixdə güya sayğaca gələn qaz xəttinə müdaxilə edərək tǝbbi qazdan qeyri-qanuni istifadə edildiyi və qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və dəymiş ziyanın ödənilməsi barədə akt tərtib etmişlər. Belə ki, bizim evdən xeyli aralı məhlənin ayayığda məhrum ǝri Elçin Qəhrəmanovun maşın təmiri ilə məşğul olan sexində kənar qaz xətti aşkar edilmişdir. Həmin təmir sexi bizim evdən xeyli aralı olmaqla 2017-ci ildən tam istifadəsizdir. Belə ki, ərim Elçin Qəhrəmanov 13 noyabr 2017-ci ildə Vəfat etmiş və həmin vaxtdan həmin təmir sexi istifadəsizdir. Yəni həmin kənar qaz xətti ilə mənim evimin heç bir əlaqəsi yoxdur, mənim evimdə istifadə olunan bütün avadanlıqlar sayğacdan gələn qaz xəttinə qoşuludur. X1 əməkdaşları tərəfindən yazılmış akt tam qanunsuz bir aktdır. Çünki həmin əməkdaşlar həmin borunu aşkar edən zaman həmin borunun evə girişi olmamış və boruya heç bir cihaz qoşulu olmamışdır. Yəni təbii qazdan qanunsuz istifadə olunmamışdır. Tərəflərin izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmişlər. Eyni zamanda iddiaçı ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Təbii qazdan istifadə qaydalarının pozulması barədə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evində sayğaca gələn qaz xəttinə müdaxilə edilərək təbii qazdan qeyri-qanuni müdaxilə halı aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən dəmir sobasının maksimal saatlıq qaz sərfi 4 m3/saat iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Qaz sərfi 17280 kub metr müəyyən edilmişdir. İddiaçı məxsus abonentin saldosundan görünür ki, abonentə akt əsasında 2022-cü ilin yanvar ayı üzrə 2073.60 manat cərimə hesablanmışdır. Tətbiq edilən hüquq Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri təbii qazdan istifadə üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında təbii qazdan istifadə ilə bağlı olan müqavilə iş materiallarında mövcuddur. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə görə, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.1 və 5.2-ci bəndləri.) Məhkəmənin mövqeyi Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə abonent tərəfindən yaşadığı mənzilə kənar xətt çəkilmişdir. Qeyd olunan hal iddiaçı tərəfindən iddia ərizəsində etiraf edilmişdir. Məhkəmə göstərir ki, iddiaçı tərəfindən atılmış bu addım yuxarıda sadalanan hüquq normalarının tələblərinə zidd olmuşdur. Lakin bununla belə hər bir halda iddiaçının hüquqları da istehlakçı olaraq kölgədə qalmamalı və cavabdehin ona hesablamış olduğu cərimə məbləği hüquqi müstəvidə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.10 və 3.1.11-ci bəndlərinə görə bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir Həmin Qaydaların 6.5-ci bəndinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-1-ci bəndinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Bu Qaydaların 6.5-2-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-3-cü bəndinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Mülki işin hallarından göründüyü kimi itirilmiş təbii qazın bərpası üçün dəymiş ziyan məbləğinin Cavabdeh İB tərəfindən aparılmış hesabatla müəyyən edilməsi yolverilməzdir. Məhkəmə diqqətə çatdırır ki, yuxarıda adıçəkilən Qaydaların 6.5-1-ci bəndinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Həmin bəndin tələbinə əsasən qaz paylayıcısı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddəti, həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfini, habelə, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markasını cərimə təyin edən zaman nəzərə almalıdır. Lakin dəymiş ziyanın bərpasına dair aktdan aydın olur ki, qaz paylayıcısı olaraq cavabdeh tərəfindən ümumi hesabat aparılması əksin tapmışdır. Bu zaman istifadə edilən qaz qurğularının ayrıayrılıqda nədən ibarət olması, hər bir qurğuya münasibətdə fərdi qaydada hesabat aparılması göstərilməmişdir. Digər tərəfdən iddiaçıya məxsus abonentin saldosundan görünür ki, onun ümumiyyətlə 2023-cü il üzrə illik təbii qaz sərfi nəinki 2000 manatdan çox, heç 170 manatı belə keçməmişdir. Hansı ki, 2024-cü ilin avqust ayında kənar xətt aşkar edilmiş və ləğv edilmişdir. Həmin tarixdən sonrakı tarixə də nəzər saldıqda iddiaçının aylıq ödənişləri 2023 il üzrə ümumi 169.92 manat olmuşdur. Göründüyü kimi hesablanan cərimə məbləği iddiaçının illik təbii qazdan istifadəsi ilə kəskin fərqlidir. Bir məqamı da məhkəmə diqqətə çatdırır ki, qaz paylayıcısı olaraq cavabdeh təşkilatın vəzifəsi olaraq istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 01 (bir) dəfə, digər qaz sayğaclarına isə 03 (üç) ayda 01 (bir) dəfə baxış keçirilməlidir. Çünki qaz paylayıcısı olaraq cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə uyğun olaraq bir il ərzində sayğacın yerləşmə yerinə uyğun yoxlama tədbirləri keçirməli idi. Abonentin saldosundan isə məlum olur ki, kənar xətt üzrə aşkar edilmə halları əvvəlki illərdə olmamışdır. Olsa idi akt üzrə cərimə hesablanması əksin tapardı. Odur ki, qısa müddətə kənar xətt qoşulmasına görə istehlakçıya illik sərfiyyatından dəfələrlə artıq cərimə hesablanması ədalətli ola bilməz. Bu səbəbdən məhkəmə hesablanan cərimə məbləğinin 350 manat həddində müəyyən olunmasını qanuni və ədalətli hesab edir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qeyd olunan qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı dövlət rüsumundan azad olunduğundan iddia ərizəsinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 31 manat məbləğdə dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 124.1-ci maddəsində qeyd olunmuşdur ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent kodu **********04650 olan fərdi yaşayış evinə xx.xx.2024-cü il tarixli akt əsasında yazılmış cərimə azaldılaraq 350 (üç yüz əlli) manat həddində müəyyən edilsin. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 31 manat məbləğdə dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar