Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-843/2025 02.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Turanbank ASC-yə və Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisinə qarşı “icra qeydinin ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Turanbank ASC-yə və Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 notariat ofisinin 13 iyun 2024-cü il tarix icra qeydinin 5064.30 manat hissəsinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək icra qeydinin ləğv edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Turanbank ASC-nin Tovuz Filalı ilə Bayramov Arif Bayram oğlu arasında xx.xx.2021-ci il tarıxdə 080-MKOS/2021 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 36 ay müddətinə 15000 manat məbləğində Bayramov Arif Bayram oğluna kredit verilmişdir. O və X2 zamin olmuşlar və zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən 26 ay müdəttində 570 manat pul ödənilmişdir. Sonuncu dəfə fevral ayında pul ödənilmişdir. Turanbank ASC müqavilə üzrə faizi düzgün hesablamamışdır. Bu barədə cavabdehə bildirsə də, onunla razılaşmamışdır. Məbləğ həddən artıq şişirdilmişdir. Cavabdeh2 notariat ofisi 13 iyun 2024-cü il tarixdə həmin müqaviləyə əsasən icra qeydi vermişdir. Borc 5713.92 manatdır. İcra qeydində isə 10778.22 manat qeyd edilmişdir. Borc 5713.92 manat olduğu halda 10778.22 manat qeyd edilmişdir. İcra qeydində kredit borcu düzgün qeyd edilməmişdir. Hesab edir ki, cavabdeh təşkilat kredit borcunu vaxtında ödəməmişdir. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə teleqram ünvanlayaraq xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə prosesində iştirak edə bilməyəcəyini, məhkəmə iclasının digər vaxta təyin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında göstərmişdir ki, bank tərəfindən ona göndərilmiş pretenziyada əsas borcun 1192,61 manat olması göstərilməsinə baxmayaraq icra qeydində isə 10778.22 manat ödənilməsi tələb edilir. Odur ki, icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Turanbank ASC-nin nümayəndəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq məhkəmə baxış iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək, mülki işə iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, 080- MKOS/2021 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 5713 manat 92 qəpik pulun tutulması; bundan əlavə Bayramov Arif Bayram oğlundan, İddiaçı, X1 5039 manat 30 qəpik məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10778 manat 22 qəpik pulun tutulması qeydi aparılmışdır. İş materiallarında olan Turanbank ASC-nin Tovuz filialının xx.xx.2024-cü il tarixli, 120 nömrəli pretenziyasından görünür ki, Turanbank ASC borclulardan xx.xx.2024-cü il tarixinə olan ödəniş qrafiki üzrə gecikdirilmiş 1192.61 manat əsas, 151.57 manat faiz borcunun ödənilməsini tələb edir. İş materiallarında olan 080-MKOS/2021 saylı kredit müqaviləsinin surətindən görünür ki, Turanbank ASC tərəfindən 15000 manat məbləğində kredit 36 ay müddətinə Bayramov Arif Bayram oğluna verilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Turanbank ASC-nin Tovuz Filalı ilə Bayramov Arif Bayram oğlu arasında xx.xx.2021-ci il tarıxdə 080-MKOS/2021 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 36 ay müddətinə 15000 manat məbləğində Bayramov Arif Bayram oğluna kredit verilmiş, borcun təminatı kimi İddiaçı və X2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 notariat ofisi 13 iyun 2024-cü il tarixdə həmin müqaviləyə əsasən icra qeydi vermişdir. xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, 080-MKOS/2021 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 5713 manat 92 qəpik pulun tutulması; bundan əlavə Bayramov Arif Bayram oğlundan, İddiaçı, X1 5039 manat 30 qəpik məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10778 manat 22 qəpik pulun tutulması qeydi aparılmışdır. İddiaçı hesab edir ki, icra qeydi ləğv edilməlidir. Belə ki, icra qeydindəki məbləğ mübahisə doğurur. Məhkəmə iddiaçının dəlillərini əsaslı hesab edir. Ona görə ki, bank tərəfindən hesablanmış 5039 manat məbləğində cərimə, 5713 manat ödənilməmiş kredit borcuna münasibətdə açıq aşkar tənasübsüz hesablanmışdır. Halbiki Notariat haqqında Azərbaycan Respublikası Qanununun: 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İddia ərizəsinə əlavə edilmiş pretenziyadan da görünür ki, mübahisəli kredit müqaviləsi üzrə borcluların banka 1192 manat əsas borcları vardır. Eyni zamanda həmin məktubla borclulara icra qeydi barədə deyil, müvafiq məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir.Göründüyü kimi kredit borcu ilə bağlı açıq-aşkar mübahisənin olması görünməsinə baxmayaraq notarius tərəfindən əsassız olaraq icra qeydi aparılmışdır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Cavabdehin məhkəməyə göndərdiyi və etiraza əlavə etdiyi bildirişin göndərilməsinə dair xəbərnamədən görünür ki, borclu bildirişi 27 may 2024-cü ildə qəbul etmiş, bundan 18 gün sonra, yəni 20 gün gözlənilmədən-13 iyun 2024-cü ildə notarius tərəfindən icra qeydi aparılmışdır ki, bu da yuxarıda göstərilmiş qaydada Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbləri pozulmaqla həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın:
161. bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.
162. bəndinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar icra qeydinin ləğv edilməsi üçün əsasdır və icra qeydi notarius tərəfindən verilərkən qanunvericiliyin yuxarıda qeyd edilmiş tələbləri pozulmuş və icra qeydi qanunla nəzərdə tutulmuş qaydada verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. Tovuz Regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən aparılmış 13 iyun 2024-cü il tarixli, 8İ-11714 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov