Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-845/2025 01.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 24888 manat pulu və ödənilmiş 165 manat dövlət rüsumunu alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəllər tanıyıb və bir kənddə yaşamışlar. O, pəncərə, qapı və PVC materiallarının topdan satışı ilə məşğul olur, Cavabdeh özünün plastik materiallardan pəncərə, qapı sexi vardır, həmin sexdə özü işləyir. Cavabdeh iddiaçının pəncərə, qapı materiallarının topdan satışı ilə məşğul olduğunu bilərək, ona yaxınlaşıb pəncərə, qapı materialı lazım olduğunu, işlədikcə materialın pulunu verəcəyini bildirmişdir. O da inandığı üçün materiallar vermişdir. Xeyli müddət işləmişlər və aldığı materialların da pulunu vaxtında vermişdir. Beləliklə, o özünə etibar qazanmış və 1 ildən artıqdır ki, 24888 manatlıq material almışdır. İndi isə həmin materialların pulunu vermir. Cavabdeh həmin materialların pulunu istədikdə isə ödəyəcəyini bildirmişdir. Ancaq hələ də borcunu ödəmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinin həcminin azaldılması İddiaçı məhkəməyə təkrar ərizə ilə müraciət edərək Cavabdeh hazırki vaxta qalan borcunun 20784.06 manat təşkil etdiyini, həmin məbləğdə pulun alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, pəncərə, qapı və PVC materiallarının topdan satışı ilə məşğul olur. Cavabdeh həmkəndlisi kimi uzun müddətdir tanıyır. Cavabdeh özünə məxus olan sexdə plastik qapı-pəncərə hazırlanması və satışı ilə məşğul olur. Cavabdeh həmin sexdə istifadə etdiyi mateialları mütəmadi olaraq onun “Qardaşlar İnşaaat” mağazasından nisyə alır və hazırladığı şeyləri satdıqdan ödəyir. Lakin son zamanlar cavabdeh aldığı materialın pulunu ödəməmiş, nəticədə 20784.06 manat borcu yaranmışdır. Cavabdeh ödənişi etməməsini aldığı materialın qüsurlu olması, rənginin müəyyən müddətdən sonra solması və dəyişməsi ilə əsaslandırır. Belə bir qüsur həqiqətən də mövcud olsa da bu topdan satışı həyata keçirən satıcı kimi onun təqsiri üzündən baş verməmiş, istehsalat qüsuru kimi ortaya çıxmışdır. Həmin materialı istehsal edən müəssisə malın qiyməti tam ödəndikdən sonra öz hesabına qüsurlu materialı öz hesabına dəyiməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ödənişi tam həyata keçirməmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddiaçını həmkəndlisi kimi uzun müddətdir tanıyır. Özünə məxsus sexdə plastik materialdan qapı-pəncərə hazırlanması ilə məşğuldur. Bu məqsədlə istifadə etdiyi materialı mütəmadi olaraq iddiaçının mağazasından nisyə almış, sifarişi hazırlayıb təhvil verdikdən sonra ödənişi həyata keçirmişdir. Uzun müddət bu usulla fəaliyyət göstərmişdir. Lakin iddiaçıdan aldığı material qısa müddət sonra rəngini dəyişdiyi üçün hazırladığı qapı-pəncərələrdən şikayətlər yaranmışdır. Bir çox müştərinin sifarişini yenidən hazılamağa məcbur olmuş, həmçinin usta kimi nüfuzuna xəlil dəydiyi üçün müştəriləri kəskin azalmış, qazancı aşağı düşmüşdür. Bunun səbəbkarı ona keyfiyyətsiz mal satan iddiaçı olduğu üçün hazırda ona verməli olduğu 20784.06 manat pulu vermir. Əgər iddiaçı yenidən keyfiyyətli mal verərək müştərilərin şikayətlərinin aradan qaldırılmasına yardım etsə qalan məbləği ödəməyə hazırdır. Şahid ifadələri Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, plastik qapı-pəncərə hazrlanması ilə məşğul olur. Bu məqsədlə materialı iddiaçının mağazasından alır. Lakin bir müddət sonra həmin materialda qüsurlar yaranmış, rəngi solduğu üçün müştərilər tərəfindən şikayətlər yaranmışdır. Buna görədə İddiaçı ödnişi dayandırmışdır. Məhkəmə iclasında şahid X2 ifadəsində “Qardaşlar İnşaaat” mağazasında satıcı olaraq fəalyyət göstərdiyini, Cavabdeh material alaraq borcunu geri qatrmadığını bildirmişdir. Məhkəmə iclasında şahid X1 digər şahidlə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş sənədlər İddiaçı tərəfindən müxtəlif tarixlərə aid qaimələrin imzasız nüsxələri məhkəməyə təqdim edilmiş, xx.xx.2025-ci il tarixli qaiməyə əsasən son borc 20784.06 göstərilmiş, cavabdeh son borc kimi həmin məbləğlə razı olduğunu bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə; Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi Məhkəmənin mövqeyi Belə ki, Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında şifahi formada nisyə alqısatqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə verilmiş və müqavilənin ödənilməsi müddəti və məbləği müəyyən edilərək razılaşdırılmışdır. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin müəyyən olunmuş qaydada ödənişi həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb hüququ vardır (MM, maddə 385.1). Beləliklə, əşyanı təhvil almış cavabdeh (alıcı) onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən iddiaçı (satıcı) verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən tələb edə bilər. Belə ki, alğı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh iddiaçıdan aldığı materiala görə 20784.06 manat ödənişinin qaldığını etiraf etmiş, müqavilə üzrə öhdəliyini icra etməməsini, yəni malın dəyərini ödəməməsini malın qüsurlu olması ilə izah etmiş, satılmış materialın qüsurlu olması halı iddiaçı tərəfindən etiraf edilmişdir. Qeyd etmək lazımdır ki, əşya qüsurlu olduqda Mülki Məcəllənin 587-ci maddəsinə əsasən alıcının onun dəyərini ödəməkdən imtina etmək hüququ nəzərdə tutulmamışdır. Belə olan təqdirdə alıcı ya alış qiymətinin mütənasib azaldılmasını, ya əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, ya da əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ödənilməli məbləğ cavabdehdən alınmaqla yanaşı eyni zamanda ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 165 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbinin həcminin sonradan azaldıldığını nəzərə alsaq ödənilməli olan dövlət rüsumunun miqdarı 152.36 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 152.36 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq 7.64 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc kimi 20784.06 manat məbləğində pul vəsaiti və ödənilmiş 152.36 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq 7.64 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 191, 214, 216-220, 233, 357 və 1280-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc kimi 20784.06 manat (iyirmi min yeddi yüz səksən dörd manat altı qəpik) məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 152.36 manat (yüz əlli iki manat otuz altı qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq ödənilmiş 7.64 manat məbləğdə dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-845/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-845/2025
01.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver