Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-846/2025 15.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddia tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia tələbi İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 2400 manat məbləğində vəsaitin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı 7430 manat məbləğində vəsaitin və dövlət rüsumu kimi ödənilmiş 96 manat vəsaitin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X8 ilə əvvəllər kartof məhsulunun alqı-satqısı ilə məşğul olmuşlar. Aralarında etibarlı münasibət yaranmışdır. Cavabdeh ona zəng edib bildirmişdir ki, kartof almaq üçün 2400 manat pul lazımdır. Ona “M10” mobil tətbiqində qeydiyyatda olan ***-***-**-** saylı mobil nömrəsinə 14 oktyabr 2024-cü il tarixdə 1260 manat pul göndərmişdir. Qalan 1140 manat pulu isə nağd şəkildə Tovuz Rayonunda Ocaq şadlıq sarayının yaxınlığında Ramiz Şamilova vermişdir. Pulu göndərdikdən sonra Ramiz ona demişdir ki, kartof məhsulunu Tovuz Rayonu Əyyublu kəndində yerləşən soyuducuya yerləşdirmişdir. Şərtləşdirilən vaxtda cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan imtina etmişdir. Borcunu qaytarmadığına görə Tovuz Rayon Poilis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. 23 dekabr 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar çıxarılmışdır. Həmin qərarda da cavabdeh mənə borcunun olduğunu etiraf etmişdir. Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə aralarında 2024-cü ilin iyul ayında kartof məhsulunun alveri olmuşdur. Həmin ilin iyul ayında Çingiz ona zəng edib Bakı şəhəri Qaradağ rayonunda yerləşən "Meyvəli" bazasında topdan satış məntəqəsini icarəyə götürdüyünü, ona kartof məhsulunu göndərməyini xahiş etmişdir. İyul ayından sentyabr ayınadək olan müddət ərzində ətraf kəndlərdən kartof məhsulunu yığaraq 28 əddəd yük maşını dolu kartof məhsulunu "Meyvəli" bazarına Çingizə göndərmişdir. Göndərdiyi məhsuldan Çingizin deməsinə görə 22500 manat qazanc əldə olunmuşdur. Həmin qazancın 9000 manatı çəkilən xərclərə çıxıldıqdan sonra yerdə qalan 13500 manat 3 nəfər arasında bölünməli idi. Həmin puldan ona çatası 4730 manat olmuşdur. Bundan əlavə cavbdeh ona məxsus 15 ton kartof məhsulunun pulunu vermədən Bakı şəhərinə aparmış və sonradan həmin kartofun yararsız olduğunu bəhanə gətirərək geri qaytarmışdır. Bunun nəticəsində də onun dəyəri 5100 manat olan 15 ton kartofu məhv olmuşdur. Çingizə soyuducu anbarda olan məhsulun daşınması üçün pul lazım olduğunu bildirdikdə ona həmin kartof məhsulunu göndərilməsi üçün xərcləri çəkməyini onun da həmin kartofu satdıqdan sonra pulu qaytaracağını bildirmişdir. İnanmadığı üçün həmin xərci çəkməmişdir. Qarşılıqlı iddia ərizəsinə etiraz İddiaçı qarşılıqlı iddia ərizəsinə etirazındaqarşılıqlı iddia tələbinin əsassız olduğunu bildirmiş və rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı izahatında bildirmişdir ki, aralarında olan razılaşmaya əsasən X9 Bakı şəhərində satmaq üçün kartof məhsulu tapıb nisyə almalı, o isə yük avtomobili ilə məhsulu Bakı şəhərinə aparıb orada satışını həyata keçirməli idi. Ramizin nağd aldığı malın pulunu o vermiş, qalan malı isə Ramiz nisyə almış, Ramiz bu ticarətə özündən pul qoymamışdır. 14 oktyabr 2025-ci il tarixdə Ramiz ona bildirmişdir ki, Tovuz rayonunda soyuducu anbarda kartof məhsulu vardır. Həmin malı almaq və fəhlənin haqqını vermək üçün pula ehtiyac vardır. Həmin məqsədlə “M10” mobil tətbiqi vasitəsilə Ramizə 1260 pul manat göndərmişdir. Bundan sonra Ramiz əlavə pul da istədiyi üçün həmin gün axşam saatlarında Tovuz rayonunda Ocaq restoranının yanında onunla görüşərək nağd 1260 manat pul vermişdir. Növbəti gün səhər saatlarında malı yük avtomobilinə yükləyib Bakı şəhərinə aparmaq üçün həmin soyuducu anbarın olduğu yerə getdikdə Ramizə məxsus mal olmadığını bildirmişlər. Bunun səbəbini zəng edib Ramizdən soruşduqda o, müxtəlif bəhanələr gətirməyə və vaxt uzatmağa başlamışdır. Əlavə verilmiş suallara cavab olaraq bildirmişdir ki, Cavabdehla birlikdə işlədikləri 3 ay ərzində cəmi 3000 manat qazanc olmuşdur. Həmin məbləğ 3 nəfər arasında bölüşdürüldükdə Ramizin payına düşən hissə 1000 manat təşkil edir. Lakin nisyə verdiyi malların pulunu hələ toplaya bilmədiyi üçün Cavabdeh pulunu verə bilməmişdir. Məhkəmə baxış iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh izahatında bildirmişdir ki, 2024-cü ildə bankdan kredit götürərək kartof əkini ilə məşğul olmuşdur. İddiaçı yük avtomobili sürücüsü kimi tanımışdır. Çingiz ona Bakı şəhərində kartof ticarəti ilə məşğul olmağı təklif etmiş və birlikdə ticarətə başlamışlar. Aralarında olan razılaşmaya əsasən o, Tovuz rayonundan həm öz əkdiyi, həm də digər şəxslərə məxsus kartof məhsulunu Bakı şəhərinə aparılması üçün təşkil etməli, Çingiz isə həmin məhsulun Bakı şəhərinə daşınmasını və satışını həyata keçirməli, əldə edilmiş qazanc aralarında bərabər bölüşdürülməli idi. Birlikdə çalışdıqları dövrdə həm Çingizin yük avtomobili, həm də digər şəxslərə aid yük avtomobilləri ilə təxminən 28 yük maşını kartof məhsulunun Bakı şəhərinə göndərilməsini təmin etmişdir. Ona məxsus olan sahədə əkilmiş kartof məhsulunu yağış vurduğu üçün bir qədər aşağı keyfiyyətdə olsa da Çingiz təkidi ilə həmin məhsuli 2 yük avtomobilə ilə Bakı şəhərinə göndərmiş və keyfiyyəti aşağı olduğu üçün həmin məhsul bir qədər zəif satılmışdır. Sonuncu yük avtomobilini göndərdikdən sonra Bakı şəhərinə getmiş və orada birlikdə Çingizin qeyd dəftərçəsi əsasında fəhlənin iştirakı ilə əldə edilmiş qazancı hesabladıqda hərəyə 4730 manat qazanc qaldığı müəyyən edilmişdir. Lakin Çingiz nisyə satılmış məhsulun pulunu hələ yığmadığı üçün pulu bölüşdürmək mümkün deyildir. Əlavə verilmiş suallara cavab olaraq bildirmişdir ki, İddiaçı tərəfindən 14 oktyabr 2024-cü il tarixdə ona Aşağı Əyyublu kəndindən kartof məhsulu alınması üçün cəmi 2400 manat verilmiş, lakin müəyyən səbəblərdən həmin malın alınması baş tutmamış, həmin məbləği İddiaçıla razılaşdırmadan toxum alınması üçün başqa şəxs vermişdir. Sonradan həmin pul geri qaytarılsa da Çingizə bu barədə məlumat verməmişdir. Şahidlərin ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, xatırlamadığı tarixdə Cavabdeh tərəfindən onun yük avtomobilinə yüklənmiş təxminən 14 ton kartof məhsulunu Bakı şəhərində İddiaçı çatdırmışdır. Həmin şəxslər arasında olan ticarət əlaqələrindən məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4, X3, X2, X1 Qabil Yumux oğlu ilə eyniməzmunli ifadı vermişlər. İş materialları Tovuz Rayon Polis Şöbəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis kapitanı X12 tərəfindən qəbul edilmiş 23 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın məzmunundan görünür ki, təhqiqat araşdırması zamanı tərəflər hazırki məhkəmə araşdırması zamanı verdikləri izahatlarla oxşar məzmunda izahat vermişlər. 14 oktyabr 2024-cü il tarixli ödəniş qəbzinə əsasən 1250 manat məbləğində vəsait “Göndərən +**********57”-dən “Qəbul edən” +**********53”-ə göndərilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 44 manat məbləğində vəsait dövlət rüsumu kimi İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 96 manat məbləğində vəsait dövlət rüsumu kimi Cavabdeh tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi Məhkəmənin mövqeyi Tərəflər arasında birgə fəaliyyət barədə şifahi razılaşma (faktiki müqavilə münasibəti) əldə edilmişdir. Razılaşmaya əsasən, Cavabdeh Bakı şəhərində satışını həyata keçirmək məqsədilə nisyə (pulunu satışdan sonra ödəmək şərtilə) kartof məhsulu təşkil etməli, İddiaçı həmin məhsulların Bakı şəhərinə çatdırılmasını və satışını həyata keçirməli, satışdan əldə ediləcək gəlir bərabər şəkildə üç hissəyə bölüşdürülməli idi. Bu məzmunda müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsində birbaşa nəzərdə tutulmasa da, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər. Bundan əlavə, həmin razılaşma tərəflərin sərbəst iradəsinə əsaslanır və hüquqi nəticə doğurur. Bu baxımdan, tərəflər arasında razılaşma qanuni hesab edilir. İddiaçı ilk iddiasında kartof məhsulu almaq üçün Cavabdeh 2400 manat pul verdiyini, lakin Cavabdeh həmin məbləği təyinatı üzrə istifadə etmədiyini, onların ticarətinə aid olmayan istiqamətə sərf etdiyini bildirmişdir. Cavabdeh izahatında bu iddianı etiraf etdiyindən ilk iddia təmin edilməlidir. Cavabdeh qarşılıqlı iddiasında İddiaçıla birgə fəaliyyəti nəticəsində 22500 manat gəlir əldə edildiyini, həmin gəlirin 3 bərabər hissəyə bölünməsindən sonra onun payına düşən 4730 manat pulun İddiaçı tərəfindən ona ödənilmədiyini bildirmişdir. Həmçinin ona məxsus olan 15 ton kartof məhsulunun İddiaçı təqsirindən məhv olması səbəbindən əlavə olaraq 5100 manat vəsait də tələb etmişdir. Qarşılıqlı iddia İddiaçı tərəfindən qismən etiraf edilmiş, birgə fəaliyyətdən cəmi 3000 manat qazanc olduğunu, həmin məbləğin 1000 manatının Cavabdeh verilməli olduğunu, lakin nisyə satılmış malların pulunu almadığı üçün Cavabdeh ödəniş etmədiyini bildirmişdir. Cavabdeh tərəfindən qarşılıqlı iddianın digər hallarını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmin halları sübut edə bilməmişdir. Buna görə də qarşılıqlı iddia qismən təmin edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, ilk iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki İlk iddia təmin edilməli, Cavabdeh 2400 (iki min dörd yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 44 (qırx dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Həmçinin qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı 1000 (min) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş vəsaitin ödənilmiş tələbin məbləğinə mütənasib hissəsi - 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh ödənilsin. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 44 (qırx dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qarşılqlı iddia qismən təmin edilsin. İddiaçı 1000 (min) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş vəsaitin ödənilmiş tələbin məbləğinə mütənasib hissəsi - 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-846/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-846/2025
15.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver