Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-855/2024 03.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evin təmirinə çəkilmiş xərcin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq Tovuz şəhəri Salatın Əsgərova küçəsində (Tovuz rayonu Aşağı Öysüzlü kəndi) yerləşən 0.08 ha torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş 58.021 manat pul vəsaitinin 2/3 hissəsinin, yəni 38,681 manat pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırlmışdır ki, o cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər SƏDRX-nin 15 saylı ərazi idarəsi və Rtovuz rayon notariat kontoruna qarşı iddia qaldıraraq, torpağa dair alqı-satqı müqaviləsinin etibarsız sayılması və evin tikintisinə çəkilmiş xərclərin 80420 manat dəyərində müəyyən edilməklə ¾ hissədə onun payının edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli 2(062)-137/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən, üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi inşa olunmuş 0,08 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Tovuz rayon Notariat kontorunda təsdiqlənmiş 26 fevral 2018-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və evin tikilməsinə çəkilmiş xərclərin 58021,6 manat müəyyən edilməklə, həmin xərcin 2/3 hissəsinin iddiaçı X4 aid edilməsi, iddianın qalan hissəsinin rədd olunması, 100 manat məbləğində ekspertiza xərcinin tərəflərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə onun apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(062)-137/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən (Tovuz rayonu Aşağı Öysüzlü kəndi) üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikilməsinə çəkilmiş xərclərin 5650 manat məbləği ona aid edilmiş, iddia qalan hissələrdə təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın ondan alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının 10 avqust 2020-ci il tarixli, 2(102)-4423/2020 nömrəli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(104)-864/2020 nömrəli iş üzrə 20 fevral 2020-ci il tarixli qətnaməsi Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən (Tovuz rayonu Aşağı Öysüzlü kəndi) üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikilməsinə çəkilmiş xərclərin ona aid edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmiş, qətnamə qalan hissədə, yəni Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi inşa edilmiş 0,08 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Tovuz rayonu Notariat Kontorunda bağlanmış 26 fevral 2018- ci il tarixli, AN-İ No ******* nömrəli alğısatqı müqaviləsinin etibarsız sayılmasının rədd olunması hissədə dəyişdirilmədən saxlanılmışdır. O məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2020-ci il tarixli, 2(102)- 4423/2020 saylı qərarına izah verilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, Ali Məhkəmənin Mülki kollegiyasının qərarı ilə iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnaməsi tikiliyə çəkilən xərclər hissəsində ləğv edilmişdir. Deməli, iş üzrə Tovuz Rayon Məhkəməsinin qətnaməsi tikiliyə çəkilən xərclər hissəsində qüvvədə qalmışdır. Lakin, iş üzrə icra vərəqəsi verilməmişdir. Qeyd edilənlərə əsasən Ali Məhkəmənin Mülki kollegiyasının 10 avqust 2020- ci il tarixli, 2(102)-4423/2020 saylı qərarına izah verilməsi xahiş edilmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının 05 İyun 2023-cü il tarixli, 2(102)- 4423/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2020-ci il tarixli, 2(102)- 4423/2020 saylı qərarına izah verilməsinə dair ərizə rədd edilmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının qeyd edilən qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-864/2020 nömrəli iş üzrə 20 fevral 2020-ci il tarixli qətnaməsi Tovuz şəhəri, Salatın Əsgərova küçəsində yerləşən (Tovuz rayonu Aşağı Öysüzlü kəndi) üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikilməsinə çəkilmiş xərclərin ona aid edilməsi hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Qətnamə qalan hissədə, yəni Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi inşa edilmiş, 0,08 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Tovuz rayonu Notariat Kontorunda bağlanmış 26 fevral 2018- ci il tarixli, AN-İ No ******* nömrəli alğı- satqı müqaviləsinin etibarsız sayılmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır; Həmin mətn aydın və dəqiq olmaqla anlaşılandır, heç bir ziddiyət yoxdur; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 fevral 2020-ci il tarixli qətnaməsi Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən (Tovuz rayonu Aşağı Öysüzlü kəndi) yaşayış evinin tikilməsinə çəkilmiş xərclərin 5650 manat məbləğinin ona aid edilməsi hissəsində ləğv olunmaqla həmin hissədə, yəni evin tikintisinə çəkilmiş ümumi xərclərin 3/4 hissədə onun payının müəyyən olunması hissəsində iş üzrə icraata xtam verilmişdir. Qalan hissədə, yəni alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasının rədd edilməsi hissəsində apellyasiya instansiyası məhkəmənin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, onun iddiasının təmin olunması müəyyən edilmir, icra vərəqəsinin verilməsi üçün əsaslar da qalmamışdır. Onun mübahisəli özbaşına tikili olan yaşayış evinə çəkdiyi xərcləri tələb etmək hüququ vardır. Tovuz rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli 2(062)137/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2019-cu il tarixli 2852 saylı ekspert rəyinə əsasən evin tikilməsinə 58021,6 manat xərc çəkilmişdir. Ona görə də, Tovuz şəhəri Salatın Əsgərova küçəsində (Tovuz rayonu Aşağı Öysüzlü kəndi) yerləşən 0.08 ha torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş xərclərin yəni 58.021 manat pul vəsaitinin 2/3 hissəsi, yəni 38,681 manat pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirdi ki, torpağı o şəxsən oğlunun adına alıb.Torpağı alanda iddiaçı pul verməmişdir. Vəfanın atası Şükür sadəcə iş icraçısı kimi işin üstündə dayanmışdır. Fəhlələrə, ustalara və materiallara verilən pulları Şükür versə də, həmin pullar oğluna məxsus olub. Şəmkirdən alınan materiala 4000 Arif, 100-200 manat isə Şükür vermişdir. İddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Lakin məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, Vəfa Abdiyevaya mübahisəli tikiliyə çəkdiyi xərclərlə bağlı iddia hüququnun olması izah olunmuşdur. İddiaçı ilə onun arasında həmin tikilinin inşası ilə bağlı heç bir hüquq münasibəti yoxdur. İşin bu halları nəzərə alınmaqla iddiaçının ona qarşı iddia qaldırmağa subyektiv hüququ olmadığına görə ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh1 nümayəndəsi X1 izahatlarını dinləyib, şahidlərin ifadələrini iş materialları ilə birlikdə tədqiq edərək, cavabdehlərin məhkəməyə göndərdikləri etirazın dəlillərini araşdıraraq hesab edir ki, iddia Cavabdeh1 münasibətdə təmin edilməli, Cavabdeh2 münasibətdə isə təmin edilməməlidir. Belə ki, Tovuz Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(062)-137/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən, üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi inşa edilmiş 0,08 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış və Tovuz rayonu Notariat Kontorunda təsdiqlənmiş 26 fevral 2018-ci il tarixli, AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız sayılması və evin tikilməsinə çəkilmiş xərclərin 58021,6 manat müəyyən edilməklə, həmin xərcin 2/3 hissəsinin iddia,; X4 aid edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, 100 manat məbləğində ekspertiza xərcinin tərəflərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 20 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Abdıyeva (Bayramova) Vəfa Şükür qızının apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(062)-137/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən (Tovuz rayonu Aşağı Öysüzlü kəndi) üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikilməsinə çəkilmiş xərclərin 5650 manat məbləğinin İddiaçı aid edilməsi qət edilmiş, iddia qalan hissələrdə təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçı Abdıyeva (Bayramova) Vəfa Şükür qızından alınaraq dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 864/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən (Tovuz rayonu Aşağı Öysüzlü) üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikilməsinə çəkilmiş xərclərin iddiaçı X4 aid edilməsi hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi, qətnamə qalan hissədə, yəni Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi inşa edilmiş, 0,08 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Tovuz rayonu Notariat kontorunda bağlanmış 26 fevral 2018-ci il tarixli AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız sayılmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, İddiaçı onun qızıdır. Arif kürəkəni olmuş, Tünzalə isə kürəkəninin xalasıdır. 2014-cü ildə qızını, kürəkənini cehiz və uşaqları ilə atası evdən çıxartmışdır. 1 il qızı uşaqları ilə birlikdə onun evində yaşamışdır. 2015-ci ildə 15000 min manata torpaq sahəsi almışlar. Həmin torpaq sahəsini qızının sinif yoldaşı vasitəsilə Ələkbər həkimdən almışlar. Torpağın alınmasına görə 8000 min o, 7000 min isə keçmiş kürəkəni vermişdir. Tikilinin daşını keçmiş kürəkəni gətirmişdir. Eyni zamanda Ağstafadan 4 ədəd zavod istehsallı qapı ( hər biri 200 manat olmaqla), dəyəri 1500 manat olan hamam qapısı, hamamın divar və yerinin daşlarını almışdır. Həmin bu materialları Namiq adlı şəxslə Ağstafadan almışdır. Kafeli isə kürəkəni döşətdirmişdir. O bütün bunları qızı Vəfaya hədiyyə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, tərəfləri tanıyır, onlarla hər hansı qohumluğu və ədavəti yoxdur. Qapı-pəncərə ustasıdır. Tovuz rayonu Dönük Qırıqlı kəndində Çapay adlı bir dostunun evində işləyən zaman Vəfanın atası Şükürlə tanış olmuş, Şükür ondan pəncərə düzəltməsini xahiş etmişdir. Razılıq əsasında o Şükür deyən evə getmiş və pəncərələrin ölçüsünü götürərək sifarişi qəbul etmişdir. 14 pəncərə, 2 qapı və evcik düzəldərək, qiymətini 2400 manata razılaşmışlar.O bir günə ölçünü götürmüş, 10 gün müddətində isə pəncərələri quraşdırmışdır. Həmin vaxtı Şükür evin kürəkəninə məxsus olduğunu bildirmişdir. Pulu isə ona Şükür vermişdi. O Şükürün kürəkənini tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, tərəfləri tanıyır, qohumluğu və ədavəti yoxdur. O Arif adlı şəxsin evində suvaqçı kimi işləmişdir. Onu həmin evə Şükür aparmış və görüləcək işin qiyməti Şükürlə razılaşdırılmışdır. Görüləcək işlərə görə 4000 min istəsəm də, Şükür ona 3300 manat pul vermişdir. Həmin vaxtı bir-iki dəfə Arif müəllimi görmüşdür. Şükürün ona verdiyi pulun kimin vəsaiti olmasından xəbəri yoxdur. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərdi ki, tərəfləri tanıyır, qohumluğu və ədavəti yoxdur. Onun özünə məxsus inşaat materialları satılan mağazası vardır və Şükür ondan 8000 manatlıq material götürmüşdür. Şükür bir dəfə gəldiyində yanında kürəkəni də olmuşdur. Daha sonra isə kürəkəni tək gəlmiş, nisiyə material almış və materialın pulunun Şükür tərəfindən veriləcəyini bildirmişdir. Sonra həmin pulu hissə-hissə Şükür vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, tərəfləri tanıyır, düşmənçiliyi və ədavəti yoxdur. Onun peşəsi malyardır. O Şükürün qızının evində malyar işləri görmüşdü. 1600 manat zəhmət haqqını ona Şükür vermişdi. Başqa heç kim ona pul verməmişdir. Həmin pulların kimin vəsaiti olduğunu bilmir. Məhkəmə iclasında dindirilmiş şahid X14 ifadəsində göstərdi ki, tərəflərlə düşmənçiliyi və ədavəti yoxdur. Usta işləyir. Material almağa o, Arif və Şükür getmişlər. Material alan zaman Arif pul vermiş, çatışmayan məbləği isə Şükür vermişdir. Pulun miqdarını bilmir. Zəhmət haqqını Arif vermişdir. Materialı Şəmkirdən almışlar. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində göstərdi ki, tərəfləri tanıyır, düşmənçiliyi və ədavəti yoxdur. Evi o tikib. Fundamentini və hörgü işlərini ğörmüşdür. O həmin işləri tikilinin sahəsinin kvadratına alt manat pul almaqla görmüşdür. Zəhmətt haqqını Şükürdən götürmüşdü. Gördüyü işə görə Şükürdən 3500-4000 min civarında pul almışdır. İşlərin sonunda 200-300 manat Arifin atası ona pul vermişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərdi ki, o mübahisəli evin qaz xəttini çəkib. Zəhmət haqqı 500-600 manat təşkil etmişdi. O Şükürun dəvəti ilə işə başlamış, pulu Şükürdən almışdır. O həmin evdə Nazim adlı şəxslə işləmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X12 oğlu ifadəsində göstərdi ki, tərəflərlə düşmənçiliyi və ədavəti yoxdur. O mübahisəli evdə ağacları təmizləmiş, kanalizasiya sistemi çəkmiş, yəni fəhlə kimi işlər görmüşdür. Zəhmət haqqını Şükür vermişdir. Şükürdən başqa heç kim ona pul verməmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi mübahisəli tikiliyə görə çəkilmiş xərc iddiaçının atası tərəfindən həyata keçirilmiş, bununla bağlı iddiaçının atası qızına qarşı hər hansı tələb irəli sürməmiş və o çəkilmiş xərcləri qızı Vəfaya hədiyyə etmişdir. Bu işin mübahisəsiz halıdır. Ona görə də iddiaçı qeyd edilən tələblə bağlı məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malikdir. Fərdi yaşayış evinin tikintisinə və təmirinə 58.021 manat vəsaitin sərf edilməsi də işin mübahisəsiz halıdır. Bu hal cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Eyni zamanda mübahisəli evin tikintisinə sərf edilmiş xərcin iddiaçının atası Şükür tərəfindən çəkilməsi də cavabdehlər tərəfindən mübahisələndirilmir. Mübahisə ondan ibarətdir ki, Şükür Arifin vəsaiti hesabına bu xərcləri çəkmişdir. Buna baxmayaraq cavabdehlər etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişlər. Yəni, Şükürün çəkdiyi xərclərin məhz Arifin vəsaiti hesabına tikilməsinə dair hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Tovuz Rayon Məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsinin qətnamələrindən görünür ki, 07 avqust 2019-cu il tarixli 2852 saylı ekspertiza rəyi ilə mübahisəli evdə aparılmış tikinti-təmir işlərinin hal-hazırki bazar qiymətinə uyğun olaraq ümumi dəyərinin 58.021,6 manat məbləğində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi tikiliyə çəkilmiş xərcin məbləği yuxarıda sadalan qərarlarla müəyyən edilmişdir. İddiaçı ərizəsində vəsatət şəklində göstərərək qeyd etmişdir ki, iş üzrə yenidən məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilməlidir. Məhkəmə həmin vəsatəti əsaslı hesab etmir. Çünki əvvəlki ekspertizanın keçirilməsindən bir neçə il keçmiş və bu illərdə cavabdehlər tərəfindən tikiliyə əlavə vəsaitin qoyulması da qaçılmaz ola bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qeyd edilən normaların təhlili onu deməyə əsas verir ki, nikah dövründə əldə edilmiş əmlakın əksi sübuta yetirilməyincə ər-arvadın birgə mülkiyyətində olması prezumpsiyası mövcuddur. Bu halda nikah dövründə əldə edilmiş əmlakın birgə mülkiyyət olmaması və yaxud həmin əmlakın tərəflərin hər birinin öz vəsaiti hesabına əldə edilməsini sübuta yetirmək vəzifəsi mübahisə tərəfinin üzərinə düşür. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı çəkilmiş xərcləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlak tərəflərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş əmlaka dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların arasında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, tərəflərin birgə nikah müddətində əldə etdikləri mübahisəli torpaq sahəsi və tikintiyə sərf edilmiş vəsaitdə onların payları müəyyən olunmalıdır. İddiaçı Ailə Məcəlləsinin 37.2-ci maddəsinə istinad edərək, birgə nikah dövründə əldə edilmiş qeyd edilən əmlakda 2/3 hissədə payının müəyyən edilməsini xahiş etməkdə də haqlı olmuşdur. Payların bərabər şəkildə bölünməsi ədalətli olmamaqla Vəfa Abdiyevanın mənafeyinə ziddir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də müəyyən edilmişdir ki, evin tikintisinə Cavabdeh1 tərəfindən çox cüzi vəsait sərf edilmişdir. Cüzi vəsait sərf edildiyi halda Cavabdeh1 Vəfa Abdiyevanın vəsaiti hesabına daha çox vəsaitə malik olması ədalətli deyildir. Bundan başqa da məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, hətta torpaq sahəsi də tərəflərin birgə nikah dövründə və tərəflərin birgə vəsaiti hesabına əldə edilmişdir. Məhkəmə iclasında dindirilmiş iddiaçı və şahid Abdiyev Şükür torpaq sahəsinin alınmasına cəmi 15.000 manat vəsait sərf edildiyini bildirmişdir. Bunun da 8000 manatı iddiaçı tərəfindən verilmişdir. Cavabdehlər tərəfindən bu halın əksi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Odur ki, məhkəmə hesab edir ki, çəkilmiş xərclərdə iddiaçının 2/3 hissədə payı müəyyən edilməli və çəkilmiş 58021 manat pul vəsaitinin 2/3 hissəsi, yəni 38681 manat pul Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Məhkəmə həm iddia tələbinin Cavabdeh2 aid hissəsinə, həm də Cavabdeh2 etirazının dəlillərinə hüquqi qiymət verərək onu qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı deyildir. Cavabdeh2 etirazının dəlilləri isə əsaslıdır. Belə ki, işin hallarından göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi artıq Cavabdeh2 mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli Qərarından qeyd edilmişdir ki, ******* saylı çıxarışdan görünür ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 800 kv. m olan torpaq sahəsi Cavabdeh1 adına xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 11 iyul 2013-cü il tarixli qətnamədən çıxarışın təsdiq edilmiş surətindən məlum olur ki, tərəflər arasında nikah qeydi pozulmuş, qətnamə 12 avqust 2013-cü ildə qanuni qüvvəsini almışdır. ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi torpaq sahəsi Cavabdeh1 ilə İddiaçı arasındakı nikah pozulduqdan sonra Cavabdeh2 adına özgəninkiləşdirilmiş və alqı-satqı müqaviləsinin etibarsızlığına dair İddiaçı iddiası təmin edilməmişdir. Belə olan məhkəmə qeyd edir ki, İddiaçı çəkilmiş xərci Cavabdeh2 tələb etmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə Cavabdeh1 tərəfindən verilmiş etirazın dəlillərinə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Etirazın dəlillərindən biri ondan ibarətdir ki, Vəfa Abdiyeva əvvəllər də eyni tələblə məhkəməyə müraciət etmişdir. Birinci iddia tələbində Vəfa Abdiyevanın heç bir sübutu olmadığına görə iddia rədd edilmişdir.Sadəcə olaraq ona mübahisəli tikiliyə çəkdiyi xərclərlə bağlı iddia hüququnun olması izah edilmişdir. Məhkəmə etirazın bu dəlillərini qəbul etmir və bu dəlillər iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-864/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi Tovuz şəhəri Salatın Əsgərova küçəsində yerləşən (Tovuz rayonu Aşağı Öysüzlü) üzərində 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin tikilməsinə çəkilmiş xərclərin iddiaçı X4 aid edilməsi hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərarda da qeyd edilmişdir ki, iddiaçı fərdi yaşayış evinin tikintisinə onun tərəfindən çəkilmiş xərcləri (80420 manat) cavabdehlərdən tələb etmir, həmin xərclər müəyyən edilməklə 3/4 hissəsinə payının məhkəmə qaydasında təsdiqini xahiş edir. Bununla da o, işə məhkəmədə baxıldığı halda yanakı surətdə özbaşına tikilinin ¾ hissəsinə əmlak hüququnun əldə etmiş olur. Belə olan halda göstərilən faktın müəyyən olunmasına məhkəmədə baxıla bilməz, iddiaçının yaşayış evinə çəkilən xərcləri tələb etmək hüququ vardır. Göründüyü kimi o halda məhkəmə hazırki işə mahiyyəti üzrə baxmağa haqlı deyil ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun. İddiaçının yaşayış evinə çəkilən xərclərə dair tələbi hər hansı məhkəmə araşdırılmasının predmeti olmamışdır. Məhkəmə Cavabdeh1 tərəfindən verilmiş etirazın digər dəlilinə, yəni 3 illik iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Göründüyü kimi iddiaçı dəfələrlə məhkəmə müdafiə hüququndan istifadə etmiş və onun iddia tələbinə mahiyyəti üzrə qiymət verilməmişdir. Bundan başqa da idia tələbinə iddia müddəti tətbiq edilsə də belə Vəfa Abdiyeva mediasiya təşkilatına 2023-cü ilin avqust ayında müraciət etmiş, qarşı tərəfə mediasiya tətbiqi barədə bildiriş 14 avqust 2023-cü ildə göndərilmişdir. Ali məhkəmənin qərarı xx.xx.2020-ci ildə elan edilsə də, həmin qərar xx.xx.2020-ci ildə elektron imza ilə imzalanmışdır. Bundan başqa da iddiaçının Ali məhkəmənin qərarına izah verilməsi ilə bağlı müraciət etməsindən də müəyyən edilir ki, iddiaçı iddia müddətləri daxilində öz hüquqlarının həyata keçirilməsi üçün cəhdlər etmiş, hüquqlarının təsdiqi üçün müraciətlər etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı iddia müddətləri daxilində iddia ilə məhkəməyə mürciət etmişdir. Ona görə də iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair ərizə əsassız olduğundan təmin edilməməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 38681 manat pul və 58,021 manat dövlət rüsümü alınaraq İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş 206 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 58021 manat pul vəsaitinin 2/3 hissəsi, yəni 38681(otuz səkkiz min altı yüz səksən bir) manat pul və ödənilmiş 206 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-855/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-855/2024
03.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver