Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-879/2024 17.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6300 manat pulun və 90 manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh təxminən 6-7 il əvvəl yaşadığı evin qabağında, yəni Dəllər qəsəbəsində yerləşən Moskva market mağazasının üst səthinə aqlay daşı vurarkən tanış olmuşdur. Gördüyü iş xoşuma gəldiyinə görə ona onun da evində işləməyi təklif etmişdir. Market mağazasının üst səthinə aqlay vurub qurtardıqdan sonra onun mağazasının qabaq O, 2022-ci ilin təxminən noyabr–dekabr aylarında cavabdehlə zəngləşib görüşərək onun evinin üst səthinə aqlay vurulmasını təklif etmişdir. O da görəcəyi işləri nəzərdən keçirərək razılaşmışdır. Belə ki, aralarında şifahı qaydada bağladıqları müqaviləyə əsasən cavabdeh görəcəyi işi, yəni aqlayın 1 kv.metrinin 7 manatdan, qapı kənarı dekorativ və pəncərə altı(naliçin və padaqolnik ) 1 metrəni 7 manatdan, ayna və qapının başının arkasını 10.50 manatdan, kroşteyn və kilidin ədədini 8 manatdan pulunu işlədikcə hissə-hissə ödəməyi şərti ilə öhdəsinə götürmüşdür. Sonra cavabdeh 03 yanvar 2023-cü il tarixdən öhdəsinə götürdüyü işin icrasına başlamışdır. 31 yanvar 2023-cü il tarixədək cavabdeh ondan 3200 manat pul almışdır. Həmin pulun 2900 manatı götürdüyü işin müqabilində, aldığı 300 manatı isə avans olaraq almışdır. Bundan başqa cavabdeh əlavə olaraq ondan 01 fevral 2023-cü il tarixdə 2200 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixə 500 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 4000 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, 24 aprel 2023-cü ildə 500 manat, 03 may 2023-cü ildə 1525 manat, 17 may 2023-cü ildə 2000 manat, 02 iyun 2023-cü ildə 500 manat, 07 iyun 2023-cü ildə 500 manat, cəmi 21485 manat pul almışdır. Həmin puldan cavabdeh 15185 manat gördüyü işin müqabilində, 6300 manatını isə avans olaraq almışdır. Lakin cavabdeh öhdəliyi pozaraq işini icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə 2022-ci ilin dekabrında görüşüb halı-hazırda yaşçadığım evə gətiridfim. 1000 manat beh verdim. Aqlay işi görmək üçün verdim. Danışdıq, razılaşdıq.Ona 21485 manat pul verməsinə baxmaraaq o 15185 manatlıq iş görmüşdür. O xəstələndiyinə görə Eminə demişdir ki, işi o sağalana qədər dayandırsın, sonra davam etdirər. Çünki o xəstə olduğuna görə işə nəzarət edə bilməyəcəkdi. Özünü normal hiss edəndən sonra Eminə zəng edib işə başlamasını xahiş etdi. O gəlib iki gün işlədikdən sonra ondan yenə 4000 pul istədi. Dedi ki, qızının toyudur. O da dedi ki, onun ona borcu yoxdur. O toy bəhanəsi ilə işi dayandırdı. Ancaq sonra gəlib işini tamamlamadı.İndidən sonra onun işi tamamlamasını da istəmir. Çünki onunla arasında narazılıq olduğundan o onun işini lazımi qaydada görməyəcəkdir. Odur ki, iddianın təmin edilməsini, cavabdehdən pulun alınaraq ona verilməsini məhkəmədən xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o Ələsgərlə işi hər kvadrat metrinə 10 manatdan pulu ödənilməklə razılığa gəlmişlər. Bu işlərin görülməsinə görə iddiaçı tərəfindən 16.000 manat pul verilmişdir. Ölçü-biçşi işlərində Ələsgər özünə sərf edən qiymətlərlə öz qeydiyyatını aparıb. O bütün işləri görərək Ələsgərə təhvil vermişdir. Ələsgər onun pulunu zülümlə vermişdir. Oğlunu görməyə gedəndə ona pul lazım olmuş, Ələsgərdən pul isətmiş, Ələsgər ona pul verməmişdi. O məcburiyyət qasrşısında başqa şəxslərdən pul götürüb oğlunu görməyə getmişdir. O işə başlamazdan əvvəl Ələsgər ona 1000 manat beh vermişdi. Daha sonra isə pulları hissə-hissə, 10 dəfəyə verirdi. Hər dəfə ondan pul istəyəndə Ələsgərin etiraz səsini qonşular belə eşidirdi. Ələsgər görülən işə görə pul vermək istəməsə də, o məcburiyyət qarşısında işin görülməsindən imtina etmirdi. Odur ki, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o aqlay satışı ilə məşğul olur. Emin aqlay ustası, Əlsəgəri isə ev sahibi, bir rayon sakini kimi tanıyır. Onlarla hər hansı düşmənçiliyi və ədavəti yoxdur. Aqlayı ondan Ələsgər almışdır. Emini əvvəllər usta kimi tanımışdır. Eminə pulun verilməsində iştirak etməsə də, işin gedişatı zamanı ölçüdə iştirak etmişdir. Ölçü aparılan zaman tərəflər özləri ölçüb, qiyməti də qeyd etmişlər. Aqlayın kvadratının 7 manatdan ödənilməsi qeydi aparılmışdır. Ümumiyyətlə bazarda işdən asılı olaraq kvadratı 7-8 manata bu işi görürlər. Tərəflər arasında sonradan razılıqla bağlı dəyişikliyin olub-olmamasından xəbərdar deyildir. Ancaq həmin vaxtı qiymətlər danışılarkən tərəflər arasında hər hansı narazılıqlar da olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ələsgər gildə işləyirdi. Ələsgər xəstə idi. Xahiş etdi ki, aqlayı ölçmək lazımdır. Emin Ələsgərin yanına gəldi. Ələsgərdən pul istədi.Dedi ki, uşağına toy edir və pula ehtiyacı vardır. Ələsgər də Eminə onu göstərərək dedi ki, bu inandığı adamdır. Metrəni götürüb ölçüb-biçsin, əgər onun Eminə borcu qalıbsa o borcunu ödəyəcək, əks halda Emin onun işini görəcək. Bu sohbətdən sonra Emin çıxıb getdi. Yanvar ayında Turan, Emin, Ələsgər və o metrə ilə ölçüb-biçdilər. Müəyyən edildi ki, Eminin Ələsgərə 6300 manat borcu qalıb. Bundan sonra gedib birlikdə yemək yedilər. Emin də onlarla getdi.Həmin vaxtı Emin Ələsgərə dedi ki, qalan işi də görəcəkdir. Yenidən Eminin də iştirakı ilə qapını ölçüb, digər görüləcək işləri müəyyənləşdirdilər. Eminin hansı ki, yarımçıq saxladığı və görüləcək iş var ki, onun pulu Ələsgər tərəfindən artıqlaması ilə ödənilmişdir. 6300 manatlıq görüləsi işlər qalmışdı ki, onu da Emin işləyərək əvəzləşdirəcəkdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o Eminlə birlikdə tikinti sahəsində uzun müddət işləmişdir.Emin ona zəng edərək iş olduğunu təklif etdi. Ələsgərlə kvadratı neçə manatdan danışdığından xəbəri olmasa da, Emin ona oval yerlərə 10 manat 50 qəpikdən, ümumi isə kvadratı 10 manatdan işə dəvət etmişdi.Emin ona pulu elə danışdığı qiymətə də ödəmişdi.Emin ona cəmi 600 manat pul verib.Emin onun zəhmət haqını tamamilə ödəmişdi.Eminlə Ələsgərin qiymət danışığından xəbəri olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o Ələsgər gilə gələndə gördü ki, ölçü işləri aparılır. Borcun qalmasını bilsə də, kiminkimə borclu qalmasından məlumatlı deyildir. Ölçü işləri aparılan zaman söhbət əsnasında borcun qaldığını eşitmişdi. Eşitdiyinə görə ustanın borcu qalmışdır. Sonra da qalan işin görülməsi ilə bağlı razılaşdılar, gedib yemək yeyib, çıxıb getdilər. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məcəllənin 759.2-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Tərəflər arasında podrat müqaviləsinin tələblərindən irəli gələn mülki hüquq münasibəti yaranmışdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında iddiaçının evində işlərin görülməsi ilə bağlı razılıq əldə edilmişdir. Mübahisə ondan ibarətdir ki, iddiaçı iddia edir ki, görüləcək işlərin pulu öncədən verildiyi halda işlərin görülməsi sona qədər həyata keçirilməmiş və görülməyən işlərə görə verilmiş pul ona qaytarılmamışdır. Cavabdeh isə ona verilən pulun müqabilində işlərin görülməsini bildirmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının sifariş etdiyi iş sonacan yerinə yetirilməməklə ona 6300 manat məbləğində ziyan vurulmuşdur. Məhkəmə araşdırılması zamanı şahidlərin ifadələri ilə müəyəyn edildi ki, iş sifariş edilən zaman onun qiyməti barədə razılıq əldə edilmiş və bu zaman cavabdeh tərəfindən hər hansı etiraz bildirilməmişdir. Şahid ifadələri ilə o da müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya 6300 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh tərəfindən şahidlərin ifadələrini inkar edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə cavabdehin ona qarşı vicdanlı davranmamasına dair dəlillərinə münasibətdə onu qeyd edir ki, iddiaçı Mülki Məcəllənin 425-ci maddəsində göstərilmiş qaydada, yəni vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə davranmışdır. Belə ki, işin sifarişindən sonra beh verilmiş, beh Emin tərəfindən qəbul edilmiş, Eminin özünün də məhkəmə bildirdiyi məbləğdə, yəni 16.000 manat pul Ələsgər tərəfindən verilmişdir. Buna baxmayaraq məhkəmə iclasında müəyyən edildi ki, idiaçıya 6300 manat məbləğində ziyan dəymişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir. Məhkəmə iclasında dindirilmiş şahid ifadələrini şübhə altına alan hər hansı hallar mövcud deyildir. Məhkəmə xərci ilə bağlı məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 90 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 6300 manat borc və 90 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6390 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 6300 manat borc və 90 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6390 (altı min üç yüz doxsan) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-879/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-879/2024
17.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver