Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-930/2024 24.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi (vəkil) X4, Cavabdeh və etibarnamə üzrə nümayəndəsi (anası) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh borclu olduğu 4180 manat pulun, dövlət rüsumu olaraq ödədiyi 61,80 manat pulun və vəkil xərci kimi ödədiyi 300 manat məbləğdə pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə aralarında olan razılıq üzrə cavabdeh idarə etdiyi VAZ 21060 minik markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobili 4180 manata ona satmışdır. Əvvəllər də cavabdehin ailəsindən maşın aldığı üçün ona inanmışdır. Bu səbəbdən pulu cavabdehə vermişdir. Razılaşmaya əsasən cavabdeh 1-2 gün ərzində avtomobili rəsmiləşdirməyi üçün ona baş etibarnamə verməli idi. Lakin verilən vədə əməl olunmadığı üçün cavabdehə yenidən müraciət etmiş və cavabdeh bildirmişdir ki, valideynləri maşını satmağa razı deyillər. Bu səbəbdən cavabdehdən pulunu tələb etmişdir. Bildirmişdir ki, pulunu aldıqdan sonra avtomobili qaytaracaqdır. Cavabdehin valideynləri təkid etdiyi üçün avtomobil geri qaytarılmışdır. Lakin verdiyi pul ona qaytarılmamışdır. Bu səbəbdən Tovuz rayon Polis Şöbəsinə müraciət etmiş və onun müraciəti üzrə cinayət işinin başlanması rədd edilmiş, habelə, mülki qaydada iddia qaldırmaq hüququ izah edilmişdir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, əvvəllər də tanıdığı Cavabdeh VAZ 2106 minik markalı avtomobil almışdır. Avtomobilin dəyəri kimi cavabdehə 4180 manat pul vermişdir. Pulu 2300 ABŞ dolları və 100 manatlıq əskinaz formasında vermişdir. X14 kəndində «Bizim marketin» qarşısında axşam saatlarında baxış keçirib almışdır. Dəyərini isə kafedə vermişdir. Aradan 2-3 gün keçmiş və maşına etibarnamə tələb etmişdir. Bu zaman cavabdeh bilmişdir ki, anası maşının satılmasına narazıdır və maşının oğurlanması barədə polisə müraciət etmişdir. Bu səbəbdən özü X9 gedərək video çəkiliş ilə avtomobili təhvil vermişdir. Avtomobili cavabdeh Məhəmməd adlı şəxsin vasitəsi ilə satdığını ona bildirmişdir. Hətta maşını 4200 manata demiş, sonradan 20 manat keçərək 4180 manata razılaşmışdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) X7 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddia əsasszdır. Belə ki, onun tərəfindən iddiaçıya hər hansı maşın satılmamış və ya onun qarşılığında pul alınmamışdır. Avtomobili iddiaçının sahibliyinə necə verilməsindən xəbəri olmamışdır. Çünki həmin vaxt içkili olmuşdur. Daha sonra isə çıxıb Bakı şəhərinə getmişdir. Əlavə olaraq göstərdi ki, şahidlər yalan danışır. Çünki o maşın satmamışdır. Marketin qarşısında isə maşına özləri baxmışlar. Yəni onun istəyi olmamışdır. Videoda üzü düşməmişdir. Yalnız saçı görünür. Başqa da deyəcəyi yoxdur. Odur ki, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (anası) X5 iddia ilə bağlı göstərdi ki, iddiaçı olan şəxsi «Göygöz» kimi tanıyırlar. Mübahisəli avtomobil onun digər oğlunun mülkiyyətində olmuşdur. Avtomobilə dair cavabdeh olan oğluna etibarnamə verilməmişdir. Uzağı qısa məsafələrə avtomobili sənədsiz olaraq sürmək üçün vermişlər. Bir dəfə də Rəşad maşını evdən götürərək getmişdir. Digər oğlunu qardaşı Rəşadın arxası ilə göndərmişdir. Sonradan oğlu gəlib bildirmişdir ki, Rəşad avtomobili qumarda uduzmuşdur. Rəşad özü isə hadisədən sonra Bakı şəhərinə çıxıb getmişdir. Bu barədə onun əri Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişdir. Nəticədə avtomobil onlara qaytarılmışdır. İddiaçı nə üçün onu tanıdığı halda gəlib ona bildirmirdi ki, avtomobili almaq istəyir. Hansı ki, əvvəl də iddiaçı onlardan maşın almış və danışıqları onun özü ilə aparmışdır. Onu da qeyd etdi ki, nə üçün iddiaçı maşına baxan zaman sənədlərə də baxmamışdır. Bu zaman bilərdi ki, avtomobil cavabdehə məxsus deyildir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X6 ifadəsində göstərdi ki, İlkinin dostudur. Lakin cavabdehi tanımır. Özü maşın alqı-satqısı ilə məşğul olur. Evdə olan zaman İlkin ona zəng vurmuşdur ki, maşın almaq istəyir, gəlib ona baxış keçirsin. İlkinin xahişi üzrə avtomobilə gəlib mağazanın qarşısında baxmışdır. Bundan sonra kafeyə çay içməyə getmişlər. Orada maşının dəyəri kimi 4200 manata razılaşmışlar və həmin puldan 20 manat keçildiyi üçün 4180 manat avtomobilə pul verilmişdir. Maşını satan olaraq sahibi kimi cavabdeh gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman X2 ifadəsində göstərdi ki, tərəflərin hər ikisini tanıyır. Cavabdeh onun sinif yoldaşıdır. Maşın satılan zaman Rəşadla bir yerdə olmuşlar. Rəşad özü ona demişdir ki, sahibliyində olan maşını satmaq istəyir. Bildirmişdir ki, maddi ehtiyacı vardır. Bundan sonra «Göygöz» olaraq tanıdıqları İlkin adlı şəxsi yığmış və satdıq maşın olduğunu bildirmişdir. Sonuncu da bununla razılaşıb Aşağı Quşçu kəndinə gəlmişdir. Maşına İlkin və yanında usta da baxmağa gəlmiş və maşını bəyənmişlər. Maşını Rəşad 4200 manat demiş, lakin, 20 manat keçdiyi üçün 4180 manata razılaşmışlar. Pulu İlkin sayaraq Rəşada vermişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həm X3, həm də, İddiaçı müraciəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri əsassız varlanma üzrə yaranmış mülki münasibətlərdir. Odur ki, mübahisə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı və əlaqəli olan aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (Mülki Məcəllənin 1091.1 və 1091.2-ci maddələri). Məhkəmə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, cavabdeh mülkiyyət hüququ üzrə özünə məxsus olmayan VAZ 2106 minik markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçı ilə aralarında olan razılıq üzrə 4180 manat müqabilində ona satmışdır. Belə ki, cavabdeh sinif yoldaşı olan Məmməd adlı şəxsə maddi ehtiyacı olduğu üçün avtomobilini satmaq istədiyini bildirmişdir. Bu səbəbdən Məmməd tanışı olan «Göygöz» olaraq tanıdıqları iddiaçını yığmış və satdıq maşın olduğunu bildirmişdir. İddiaçı da öz növbəsində maşın ustası kimi tanışı Adili götürərək gəlib maşına baxış keçirmişlər. Onlar maşına Aşağı Quşçu kəndində «Bizim marketin» qarşısında axşam saatlarında baxış keçirmişlər. Bundan sonra razılaşma üçün kafeyə getmişlər. İddiaçı maşının dəyəri kimi 4180 manat pulu cavabdehə vermiş, cavabdeh isə öz növbəsində avtomobilə dair rəmzi sahiblik hesab edilən açarı iddiaçıya verməklə maşını fakitk onun sahibliyinə vermişdir. Hansı ki, cavabdeh həmin vaxt avtomobilin onun mülkiyyətində olmadığını və satmaq səlahiyyətinin olmadığını dərk edirdi. Çünki onun avtomobilə dair hər hansı hüququnu təsdiq edən sənəd olmamışdır. Bundan sonra cavabdehin ailəsi tərəfindən polisə müraciət edildiyi üçün iddiaçı özü könüllü olaraq mübahisəli maşını onun ailəsinə təqdim etmişdir. Avtomobilin dəyəri kimi verdiyi 4180 manat pul isə cavabdeh tərəfindən ona qaytarılmamışdır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh əsassız olaraq iddiaçıdan satdığı maşına görə aldığı 4180 manat pulu qaytarmır. Pulun iddiaçı tərəfindən cavabdehə verilməsi iş materialları ilə təsdiq olunur. Belə ki, dindirilmiş şahidlərin ifadələri sübut kimi qəbulediləndir. Çünki onlar ifadə verən zaman tərəflər arasında olan hadisəni tam, aydın, ətraflı və müfəssəl təsvir etmiş, habelə, baş verən hadisənin birbaşa içərisində olan şəxslərdir. Digər tərəfdən onların niyyəti həqiqətin aşkar edilməsinə yönəlmişdir. Yəni mübahisənin tərəflərdən hər hansı birinin xeyrinə həll olması üçün həqiqəti gizlərədək zahirən iddianın təmin və ya rəddinə yönəlmiş ifadə deyildir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi videogörüntüdən görünür ki, Aşağı Quşçu kəndində «Bizim marketin» qarşısında axşam saatlarında maşına iddiaçı özünün gətirdiyi usta ilə baxış keçirir. Hansı ki, cavabdeh də özü orada iştirak edir. Cavabdeh həmin durumu belə izah etmişdir ki, maşını saxlamış və təsadüfən maşına oradakı şəxslər baxış keçirmişdir. Daha sonra videoda üzünün aydın görünməməsini və yalnız saçının videoya düşəməsini bildirmişdir. Eyni zamanda həmin an içkili olduğu üçün heç nə xatırlamadığını bildirmişdir. Sonra isə Bakı şəhərinə getdiyini söyləmişdir. Cavabdehin göstərdikləri bütün dəlillər bir-biri ilə uzlaşmayan və məntiqə sığmayan təfəkkürdür. İlk növbədə ona görə ki, əgər cavabdeh maşın satmamışdırsa, nə üçün faktiki olaraq sahibliyində olan avtomobili iddiaçıya verirdi. Yox maşın onun sahibliyindən qeyriqanuni alınmışdırsa, niyə dərhal daxili işlər orqanlarına müraciət edərək hüquqlarının pozulması barədə məkumat vermirdi. Hansı ki, məhkəmə iclasında cavabdeh bu kimi halları məhkəmə sual şəklində soruşan zaman cavablandıra bilməmiş və özünü daim qeyri-səmimi aparmışdır. Cavabdeh iddiaçıya maşın satmadığını və bunun müqabilində pul almadığını iddia etsə də, buna dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. İzahatı yalnız subyektiv mülahizələrə söykənmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan avtomobilə görə aldığı 4180 manat məbləğdə pul vəsaitini ona qaytarmalıdır. Çünki, həmin pulun cavabdehdə qalması əsassızdır. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq büdcəyə ödənilmiş 61,80 manat pulun əvəzinin də cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin vəkil xərci olaraq 300 manat tutulması hissəsi ilə bağlı məhkəmə diqqətə çatdırır ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, vəkil xərcinin əvəzi kimi cavabdehdən 50 manat pul alınaraq iddiaçıya verilməlidir. Beləliklə, iddia qismən təmin olunmalı, Cavabdeh 4180 manat pul, dövlət rüsumu olaraq ödənilmiş pulun əvəzi kimi 61,80 manat pul və vəkil xərci kimi ödənilən pulun əvəzi olaraq 50 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4180 (dörd min bir yüz səksən) manat pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş pulun əvəzi olaraq 61,80 (altmış bir manat səksən qəpik) manat və vəkil xərci kimi ödənilən pulun əvəzi olaraq 50 (əlli) manat məbləğdə pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-930/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-930/2024
24.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver