Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-95/2025 08.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «hasarın sökülməsi və tikilinin bərpa edilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «hasarın sökülməsi və tikilinin bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin ümumi istifadəsində olan 100 kv.m. torpaq sahəsinin ətrafına çəkdiyi dəmir hasarın sökülməsi, onun həmin torpaq sahəsindən normal istifadə etmə hüququnun və cavabdehin qanunsuz sökdüyü ayaqyolunun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış evi kommunal mənzillərdən ibarət olmuş və sonradan həmin mənzillər istifadəçilər arasında özəlləşdirilmişdir. Həmin evin 102,8 kv.m. sahəsi olan mənzili onun və qızının mülkiyyətindədir. Evin həyətində 100 kv.m. torpaq sahəsi vardır və küçəyə çıxış ora ilə təmin edilir. Orada onlar tərəfindən ayaqyolu tikilmişdir. Lakin cavabdeh qeyd olunan 100 kv.m. torpaq sahəsini özbaşına tutmuş, ətrafına dəmir örtüklər çəkmiş və orada inşa etdikləri ayaqyolunu sökmüşdür. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Özü isə məhkəmə iclasına iştirak etməmişdir. Lakin cavabdeh məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, işə mahiyyəti üzrə baxılsın. Ona görə də verilən iddia tələbinə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi əvvəldən onların mülkiyyətində olmuşdur. Belə ki, torpaq sahəsi mərhum babasından miras qaydasında onun atasına, daha sonra isə ona keçmişdir. Dəmir hasar onun mülkiyyətindəki torpaq sahəsinin hüdudları daxilindədir. Habelə, söküldüyü iddia olunan ayaqyolu da mülkiyyətində olan torpaq sahəsinə düşür. İddiaçının özünün giriş-çıxışı vardır. Bundan başqa verilmiş mütəxəssis rəyi ilə razıdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Tovuz şəhəri, Sabir küçəsi, ev 14, mənzil 1 xüsusi mülkiyyət hüququ üzrə ¾ hissədə İddiaçı, ¼ hissədə X1 məxsusdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Tovuz şəhəri, İ.Qasımov küçəsində 0,04 ha torpaq sahəsi və onun üzərindəki bir mərtəbəli, iki otaqlı 1 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, elektron baza məlumatlarına əsasən iddia edilən torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi deyil. İddia edilən torpaq sahəsində çəkilmiş dəmir hasar və cavabdeh tərəfindən söküldüyü iddia edilən ayaqyolu tikilisi elektron baza məlumatlarına əsasən reyestr nömrəsi **********43-10301 olan çıxarış üzrə Cavabdeh mülkiyyətinə verilmiş 372 kv.m. torpaq sahəsinin hüdudları daxilində yerləşir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki və torpaq qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri dəmir hasarın sökülməsi və tikilinin bərpası üzrə yaranan mübahisədir. Mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, habelə mülkiyyət ilə əlaqədar digər hüquq normaları üzrə həll olunmalıdır. Konstitusiyanın 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyət hüququndan bəhs edən Konstitusiyanın 29-cu maddəsini İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007ci il 26 sentyabr tarixli Qərar). İddia tələbinin hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan sübutlar iddia tələbinin rədd edilməsinə əsas verir. İddia tələbindən göründüyü kimi, iddiaçı ümumi istifadə üçün olan torpaq sahəsinin ətrafına cavabdeh tərəfindən çəkilmiş dəmir hasarın sökülməsini, habelə, orada olan ayaqyolu tikilisinin söküldüyü üçün cavabdeh tərəfindən bərpa edilməsinə nail olmağa çalışır. Bu tələbin başlanğıc hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. İddia tələbinin həllində eyni zamanda iddia tələbini şərtləndirən digər hüquq normaları da nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.1 və 180.4-cü maddələri). Bu normaların tətbiq edilməsi üçün, orada əksini tapmış dispozisiya şərtlərinin mövcud olduğunu müəyyən etmək zəruridir. Məhkəmə tərəfindən obyektiv nəticəyə gəlinməsi üçün iş üzrə məhkəmə tikinti-texniki sahədə mütəxəssis dəvət edilmiş və müvafiq mütəxəssis rəyi alınmışdır. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə–mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir. (Mülki Prosessual Məcəllənin 64.1,79.1 və 97.1-ci maddələri). Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi ilə ilə müəyyən edilmişdir ki, elektron baza məlumatlarına əsasən iddia edilən torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi deyil. İddia edilən torpaq sahəsində çəkilmiş dəmir hasar və cavabdeh tərəfindən söküldüyü iddia edilən ayaqyolu tikilisi elektron baza məlumatlarına əsasən reyestr nömrəsi **********43- 10301 olan çıxarış üzrə Cavabdeh mülkiyyətinə verilmiş 372 kv.m. torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi cavabdeh tərəfindən dəmir hasara alınmış torpaq sahəsi özünün mülkiyyətində olan torpaq sahəsidir. Habelə, iddiaçının cavabdeh tərəfindən söküldüyünü iddia etdiyi ayaqyolu tikilisi də cavabdehin mülkiyyətində olan torpaq sahəsindədir. Bir sözlə cavabdeh iddiaçının hər hansı hüququnu pozmamışdır. Cavabdehin bütün gördüyü tədbirlər öz mülkiyyəti daxilində edilmişdir. Hansı ki, onun hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara mülki qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "Nümayəndəanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Bundan başqa iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı «hasarın sökülməsi və tikilinin bərpa edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-95/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-95/2025
08.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver