Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-98/2025 14.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı nümayəndəsi (atası) X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən borc kimi verdiyi 3000 manat pulun və kredit borcu kimi 2500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə N saylı hərbi hissədə hərbiçi kimi bir yerdə işləmişlər. Cavabdeh ondan 2023-cü ilin noyabr ayında 3000 manat borc pul istəmiş və aralarında olan etibarlı münasibətlərə görə ona xx.xx.2023-cü il tarixdə istədiyi məbləğə uyğun olaraq 3000 manat borc vermişdir. Cavabdeh xx.xx.2024-cü il tarixə kimi pulu tam geri qaytaracağına söz vermişdir. Buna dair özləri sadə yazılı formada qəbz tərtib etmişlər. Bundan başqa 2023-cü ilin dekabr ayında cavabdeh ondan əlavə borc pul istəmiş və nağd pulu olmadığı üçün cavabdehə kömək məqsədi ilə 2500 manat olan qızıl komplekti özünün iştirakı ilə Beyləqan rayonunda olan lombarda qoyaraq pul götürmüşlər. Cavabdeh lombarddan 1100 manat məbləğdə pul götürmüş və hər iki borcu 2024-cü ilin fevral ayına kimi qaytarmağa söz vermişdir. Lakin cavabdeh verdiyi vədə əməl etməmiş və aldığı pulları qaytarmamışdır. Bu barədə polisə müraciət etmiş və cavabdeh bütün olanları etiraf etmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (atası) X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, iddiaçıdan 3000 manat borc almamışdır. Doğrudur ki, sadə formada tərtib edilmiş yazılı qəbz onun tərəfindən yazılmış və imzalanmışdır. Lakin həqiqət odur ki, qəbzdə göstərilən pul ona borc verilməmişdir. Bununla belə ona pul lazım olduğu üçün iddiaçıdan pul istəmiş və iddiaçı öz növbəsində Umicodan qızıl sifariş etmişdir. Həmin qızılı iddiaçı ona vermişdir ki, lombarda qoyub pul götürsün. Qızılı iddiaçı Umicodan 1955 manata almış, lombarda qoyub isə 950 manat pul götürmüşdür. Razılaşmaları üzrə isə qızılın krediti onun tərəfindən ödənilməli idi. Kreditin müddəti 24 ay olmaqla aylıq ödənişi 101 manat olmuşdur. Kredit üzrə 800 manat ödəniş etmiş, geri qalan 1650 manat pulu isə ödəyə bilməmişdir. Onun iddiaçıya məhz həmin qızıl krediti üzrə 1650 manat borcu vardır. Tərtib etdiyi qəbz də bununla bağlı olmuşdur. İddiaçı ona borc kimi nağd pul verməmişdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmişdir. Məhkəmə iclasında onu nümayəndəsi kimi atası təmsil etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sadə formada tərtib edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı həmin tarixdə 3000 manat borc pul almış və xx.xx.2024-cü il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, iddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir. Ona görə də bu mübahisə Mülki Məcəllənin borcla bağlı və əlaqəli olan aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir (Mülki Məcəllənin 739.3-cü maddəsi). Mülki Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması halı (90 (doxsan) gündən az olmamaqla) qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb etməsinə əsasdır (Mülki Məcəllənin 742.5.2-ci maddəsi). Mülki Məcəllənin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş və Cavabdeh İddiaçı xx.xx.2023-cü ildə 3000 manat məbləğdə borc pul almışdır. İşin qeyd olunan halı cavabdeh tərəfindən imzalanmış sadə formalı qəbz ilə təsdiqin tapır. Həmçinin əksi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübutlar təqdim edilməmişdir. Cavabdeh borc olaraq 3000 manat borc almamasını göstərsə də, bu hal onun izahatından başqa hər hansı sübut ilə təsdiq edilmir. Odur ki, həmin qəbz sübut kimi qəbul edilir və 3000 manat borc pulun cavabdehdən alınaraq iddiaçıya verilməli olması əsaslı sayılır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbinin kredit qalığı kimi 2500 manat pulun ödənilməsi hissəsi ilə bağlı qeyd olunur ki, cavabdeh özü iddiaçının Umicodan 1955 manat dəyərində qızıl dəsti alıb ona verdiyini, aralarında olan razılaşma əsasında isə həmin qızılın dəyərinin onun tərəfindən ödənilməli olmasını, lakin 800 manat ödəniş edərək geri qalan 1650 manat pulu ödəmədiyini bildirmişdir. Məhz bu hissədə də iddia tələbini qəbul etmişdir. Həmçinin polisdə aparılan araşdırma üzrə izahatı alınan zaman İddiaçı da cavabdehin onun adına olan kredit müqaviləsi üzrə 800 manat ödəniş edərək geri qalan 1650 manatı ödəməməsini göstərmişdir. Hansı ki, tərəflər öz aralarında razılığa gələrək qızıl dəstinin dəyəri kimi Umicoya ödənilməli pulun cavabdeh tərəfindən ödənilməsini razılaşdırmışlar. Ona görə də məhkəmə bu hissədə iddianı qismən əsaslı sayır və 1650 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməli olması nəticəsinə gəlir. Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449-cu maddələri). Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4650 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 66,50 manat pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4650 (dörd min altı yüz əlli) manat pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 66,60 (altmış altı manat əlli qəpik) manat məbləğdə dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-98/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-98/2025
14.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver