Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1014/2024 21.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5000 manat pul vəsaitinin, hüquqi yardımın göstərilməsi üçün 90 manat, məhkəmə üçün 70 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 2022-ci ildə tanış olmuşdur. Cavabdeh onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tabeliyində olan Təcili tibbi yardım stansiyasına 5000 manat qarşılığında sürücü kimi işə düzəldəcəyini vəd vermiş və ondan ilk öncə 4500 manat, daha sonra isə 500 manat olmaqla, cəmi 5000 manat almışdır. Aralarındakı pul məsələsi Bakı şəhərində yerləşən 15 saylı notariat ofisində 23 sentyabr 2022-ci il tarixində cavabdehlə kredit müqaviləsi ilə rəsmiləşdirilmişdir. Cavabdeh ondan 2022-ci ilin sentyabr ayında 5000 manat aldıqdan sonra ən azı bir ay ərzində işə düzəldəcəyinə vəd versə də nəticədə vədinə əməl etməmişdir. Cavabdehin hərəkətlərinə hüquqi qiymətin verilməsi üçün tərəfindən aidiyyəti qurumlara müraciəti əsasında cavabdeh, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 1(007)-424/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, hal-hazırda azadlıqdadır. Cavabdehə dəfələrlə onu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ondan aldığı 5000 manat pulun qaytarılması ilə bağlı müraciətləri nəticəsiz qalmışdır. Nəticədə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 5000 manat ziyan dəymişdir, ona görə də hesab edir ki, həmin vəsait cavabdehdən tutularaq ona qaytarılmalıdır. Göstərilən məsələ ilə bağlı hüquqi yardımın göstərilməsi üçün 90 manat və 70 manat məhkəmə üçün dövlət rüsumu xərcləmişdir. Buna görə də hüquqi yardım üçün ödədiyi 90 manat və 70 manat məhkəmə üçün dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş edir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi müvafiq olaraq təqdim edilməsinə və göndərilməsinə (verilməsinə) baxmayaraq məhkəməyə gəlməmişlər, iddiaçı məhkəməyə teleqram göndərib müraciətində məhkəmənin hazırlıq iclasında iştirak edib izahat verdiyini və iş üzrə bütün sübutlarını təqdim etdiyini, yolun uzaqlığı və işi ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilməyəcəyini göstərmiş, odur ki, məhkəmə baxış iclasının keçirilməsini və iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir, cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq iddiaçının və cavabdehin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının müraciətini nəzərə alaraq, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyul 2023cü il tarixli, 1(007)-424/2023 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddətin ona təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin hökmün çıxarıldığı vaxtdan, yəni 20 iyul 2023-cü il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalından həbs edilməsi və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilməsi, barəsində seçilmiş həmin həbs qətimkan tədbirinin dəyişdirilməməsi hökm edilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım xidmətinə görə müvafiq olaraq 70 manat və 20 manat, cəmi 90 manat, habelə dövlət rüsumuna görə 70 manat ödənilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, iddiaçı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, ev 9, mənzil 5-də qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, cavabdeh, Ucar şəhəri, Ucar şəhəri, Azərbaycan küçəsi, ev 28-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.2.1-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda, o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iclasında qanuni qüvvəyə minmiş məhkəmə hökmü və iş materialları ilə müəyyən edildi ki, Cavabdeh özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyində olan təcili tibbi yardım stansiyasına sürücü vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla İddiaçı 23 sentyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ünvan 2ın sonlarında da ünvan 3 ünvanında yerləşən “Maklerlər” bağında 500 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə İddiaçı məxsus 5000 manat pul vəsaitini alıb ələ keçirməklə, zərərçəkmiş şəxs İddiaçı maddi ziyan vuraraq dələduzluq etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 1(007)-424/2023 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddətin ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən sonuncunun törətdiyi cinayət əməli nəticəsində vurduğu ziyana görə 5000 manat məbləğində pulu tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qanunverciliyin qeyd olunan tələbinə əsaslanaraq bu nəticəyə gəlir ki, cavabdehdən ödənilmiş dövlət rüsumuna görə iddiaçının xeyrinə 70 manat və vəkilin göstərdiyi hüquqi yardıma görə 90 manat tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunauyğundur, buna görə də iddia təmin edilməklə cavabdehdən zərərə görə 5000 manat pul, vəkilin göstərdiyi hüquqi yardıma görə 90 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat, cəmi 5160 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh zərərə görə 5000 (beş min) manat pul, vəkilin göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat və ödənilmiş dövlət rüsumuna görə 70 (yetmiş) manat, cəmi 5160 (beş min yüz altmış) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-1014/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1014/2024
21.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver