Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1046/2024 21.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı borcun qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1300 manat məbləğində borcun, 34 manat iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun və bank xərcinin və bu iddia ərizəsinin tərtib edilməsi üçün vəkilə ödədiyi 120 manat məbləğində qonorarın, cəmi 1454 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2022-ci ilin dekabr ayında o, cavabdehə 2000 manat borc pul vermişdir. Cavabdeh söz vermişdir ki, həmin borcunu uzağı 1 ilədək ona qaytaracaqdır. Lakin 1 il ərzində həmin puldan hissə-hissə ona cəmi 700 manat pul qaytarmışdır. Qalan 1300 manat borcunu vermədiyinə görə o, 02 dekabr 2023-cü il tarixdə cavabdehdən Ucar Rayon Polis Şöbəsinə şikayət etmişdir. Həmin vaxt isə cavabdeh izahatında ondan guya 800 manat borc aldığını göstərmişdir. O, bundan sonra 31 yanvar 2024-cü il tarixdə onların evinə getmiş, lakin cavabdeh və onun həyat yoldaşı Zaur onu söyüb təhqir etmişlər. O, bundan sonra Ucar Rayon Polis Şöbəsinə müraciət etmişdir. Ucar Rayon Polis Şöbəsində araşdırma aparılarkən cavabdeh ondan guya ki, faizə 600 manat borc aldığını və ona 700 manat borcunun qaldığını bildirmişdir. Bu da onu göstərir ki, cavabdeh yalan izahatlar verir, belə ki, yalan yadda qalmadığından cavabdeh hər dəfə başqa məzmunlu izahatlar verir. Beləliklə, cavabdeh ona olan 1300 manat borcunu qaytarmır. Cavabdeh, Ucar Rayon Polis Şöbəsinə 09 dekabr 2023-cü il tarixdə verdiyi izahatında ona hər ay 100 manat qaytaracağına söz versə də, həmin sözünü yerinə yetirməmişdir. Halbuki, həmin sözünü yerinə yetirsəydi ötən 8 ayda ona 800 manat qaytarar və cəmi 500 manat borcu qalardı. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq bildirdi ki, cavabdehə faizlə borc pul verməmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirdi və izahatında göstərdi ki, iddiaçı ona müxtəlif vaxlarda 500 manat və 100 manat olmaqla, cəmi 600 manat faizlə borc vermişdir. O da iddiaçıya təxminən 1100-1200 manat pul qaytarmış, hazırda iddiaçıya 600 manat əsas borcu qalmışdır. Ucar Rayon Polis Şöbəsində araşdırma zamanı da 600 manat verildiyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Ucar Rayon Polis Şöbəsindən iddiaçıya ünvanlanmış 04 mart 2024-cü il tarixli məktubdan görünür ki, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququnun olması göstərilmişdir. Ucar Rayon Polis Şöbəsində iddiaçının müraciəti üzrə toplanmış materiallarda olan cavabdehin 13 fevral 2024-cü il tarixli izahatından görünür ki, o, izahatında iddiaçıdan faizlə 600 manat borcla pul götürdüyünü, 12 ay hər ay 120 manat, 2 ay isə 100 manat verdiyini göstərmişdir. İş materiallarında olan şəxsin-iddiaçının fərdi məlumatlarından görünür ki, Ucar şəhəri, Mirzə İbrahimov küçəsi, ev 18-də qeydiyyatdadır. İş materiallarında olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, Ucar şəhəri, H.Əliyev küçəsi, ev 103, mənzil 16-da qeydiyyatdadır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir Mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 80 və 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında tərəflərin izahatı və iş materialları ilə müəyyən edildi ki, cavabdeh iddiaçıdan borca görə pul almış, lakin həmin borcunu iddiaçıya qaytarmamışdır. Eyni zamanda, araşdırma zamanı da cavabdeh iddiaçıdan 600 manat məbləğində borca görə pul aldığını etiraf etmişdir. Cavabdeh borcunu iddiaçıya qaytarmamaqla iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçı cavabdehin ona məhz 1300 manat məbləğində borcunun olması barədə tələbinin, cavabdeh isə borcun faizlər ilə verilməsini şərtləndrilməsi və iddiaçıya 1100-1200 manat pul ödəməsi barədə etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər, mülki prosessual qanunvericiliyinin tələbinə görə də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan mədaxil qəbzlərdən görünür ki, iddiaçı 21 avqust 2024-cü il tarixdə iddia ərizəsinə və bankın xidmət haqqına görə cəmi 34 manat, habelə 21 avqust 2024-cü ildə iddia ərizəsinin tərtib edilməsinə görə qonorar kimi vəkil E.Məcidlinin hesabına 120 manat ödəmişdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 34 manat məbləğində dövlət rüsumu və bankın xidmət haqqı, habelə 120 manat vəkilin göstərdiyi hüquqa görə qonorar, məhkəmə xərclərinə aid edilməli və ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən borca görə 600 manat, ödənilmiş dövlət rüsumuna və bankın xidmət haqqına görə 15,69 manat və vəkilin göstərdiyi hüquqi yardıma görə 55,38 manat, cəmi 671,07 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və bankın xidmət haqqının, habelə vəkilin göstərdiyi hüququ yardıma görə qonorarın qalan hissəsi iddiaçıya aid edilməli, iddianın qalan hissəsi isə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 600 (altı yüz) manat, ödənilmiş dövlət rüsumuna və bankın xidmət haqqına görə 15 (on beş) manat 69 (altmış doqquz) qəpik və vəkilin göstərdiyi hüquqi yardıma görə 55 (əlli beş) manat 38 (otuz səkkiz) qəpik, cəmi 671 (altı yüz yetmiş bir) manat 07 (yeddi) qəpik məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-1046/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1046/2024
21.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver