Məhkəmə qərarları › İş №2(063)-1086/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1086/2024

21.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1086/2024 21.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X4 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdeh Məmmədova (Novruzova) Günel İslam qızına qarşı yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Ucar rayonu, Gəraybəyli kəndində yerləşən evə istifadə hüququ olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, 22 dekabr 2006-cı il tarixdə övladı X9 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, toydan sonra xüsusi mülkiyyətində olan Ucar rayonu, Gəraybəyli kəndində yerləşən yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan cavabdeh ilə oğlu X13 və Qorxmaz adlı uşaqları dünyaya gəlmişdir. Ailə qurduqları ilk müddətdə cavabdeh ilə oğlu Akşin Məmmədovun münasibətləri normal olmuş, sonradan münasibətləri korlanmış, Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Həmin vaxtdan cavabdeh iki uşağı ilə birlikdə valideynlərinə məxsus ünvan 1 ünvanda yerləşən evdə yaşamağa başlamışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh onun mülkiyyətində olan Ucar rayonu, Gəraybəyli kəndində yerləşən evdə pasport qeydiyyatındadır. Cavabdehin onun mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olması onun yaşayış evi üzərində mülkiyyət hüquqlarını tam həyata keçirməyinə mane olur. Göründüyü kimi tərəflər arasında münasibətlər 22 dekabr 2006-cı il tarixdə yaranmışdır. Cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququ rəsmi nikah münasibətinə daxil olması ilə yarandığından, ailə münasibətlərində olduğu müddətdə də həmin mənzildən istifadə hüququnu realizə etmişdir. Lakin tərəflər arasında nikah münasibətinə xitam verildiyindən cavabdehin Ucar rayonu, Gəraybəyli kəndində yerləşən yaşayış evindən istifadə etməsinin hər hansı hüquqi əsası qalmamışdır. Cavabdeh, Ucar rayonu, Gəraybəyli kəndində yerləşən evə istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, iddiaçının oğlu Akşin Məmmədov ilə 2006-cı ildə ailə qurmuşlar və nikahlarını rəsmi qeydə alınmışdır, birgə nikahdan iki uşaqları olmuşdur. Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Ailə qurduqdan sonra iddiaçının razılığı ilə sonuncuya məxsus evə qeydiyyata düşmüşdür, ailə qurduqdan sonra 5-6 il müddətdə həmin evdə yaşamışdır, sonradan iddiaçı və ailə üzvləri ilə birlikdə kirayədə yaşamışlar, amma ata evi kimi yay tətilində mübahisəli evdə birlikdə yaşamışlar. Ona məxsus cehiz əşyaları da hal-hazırda həmin evdədir. Odur ki, iddianın təmin olunmasına etiraz edir. Əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus evə köçərkən, həmin evdə yaşayarkən iddiaçı ilə mənzildən istifadə hüququ ilə bağlı notariat qaydasında müqavilə bağlamamışlar, iddiaçının razılığı ilə həmin evə qeydiyyata düşmüş, uşaqları da həmin evdə qeydiyyatdadırlar. Üçüncü şəxs Ucar Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Ucar Rayon Polis Şöbəsinin rəisi V.Vəlimətov məhkəməyə məktub göndərib, məhkəmə iclasında müəyyən səbəblərdən iştirak edə bilməyəcəyini göstərib nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayonu, Gəraybəyli kəndində 0.06 ha torpaq sahəsi və fərdi yaşayış evi 25 noyabr 2009-cu il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Ucar Rayonu İcra Hakimiyyəti başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 oktyabr 2024-cü il tarixli, 5-80-26/2- 874/2024 nömrəli məktubundan görünür ki, Cavabdeh2 Ucar rayonu, Gəraybəyli kəndində yerləşən İddiaçı Qəhraman qızına məxsus evdə qeydiyyatdadır. İşdə olan Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 X6 qarşı nikahın pozulması, uşağın himayəyə verilməsi və aliment tələbinə dair ilk iddia, X5 Cavabdeh2 qarşı birgə nikahdan olan uşaqların onun yanında saxlanılması tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh2 ilə X9 arasında 22 dekabr 2006-cı il tarixdə bağlanılmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 26 yanvar 2007-ci il təvəllüdlü X7 və 24 avqust 2010-cu il təvəllüdlü X2 Cavabdeh2 himayəsində saxlanılması, cavabdeh X3 26 yanvar 2007-ci il təvəllüdlü X7 və 24 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh2 ödənilməsi, alimentin tutulmasının başlanğıcının 19 mart 2018-ci il tarixdən hesablanması, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə Cavabdeh2 nikahına 22 noyabr 2018-ci ildə xitam verilmişdir. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatdadır. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, mənzildən istifadə hüququ ilə əlaqədar tərəflər arasında münasibət 22 dekabr 2006-cı ildə yaranmışdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2ci maddəsinə əsasən mənzildən istifadə hüququnun yaranması üçün notariatda təsdiqlənmiş yazılı razılaşmanın olması tələb olunsa da tərəflər arasında belə bir razılaşma olmamışdır. Həmçinin, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının ailə üzvü deyildir, cavabdeh həmin evdə qeydiyyatda olsa da yaşamır və cavabdeh həmin yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək hüququna malik deyildir. Qeyd olunanlara əsasən məhkəmə, cavabdehin iddiaya qarşı etirazını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı və qanunauyğundur, buna görə də iddia təmin edilməli, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan Ucar rayonu, Gəraybəyli kəndində yerləşən fərdi yaşayış evində istifadə hüququ olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Ucar rayonu, Gəraybəyli kəndində yerləşən fərdi yaşayış evində istifadə hüququ olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar