Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1096/2024 14.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı və cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5200 manat və ödədiyi 72 manat dövlət rüsumu olmaqla, cəmi 5272 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ondan 5200 manat pul borc alaraq indiyə qədər qaytarmamışdır. Cavabdeh onunla qonşudur. Cavabdeh 02 yanvar 2023-cü il tarixdə onlara gələrək aldığı evə görə 5200 manat pul borclu qalmasını deyib ondan borc pul istəmişdir. Buna görə o, cavabdehə həmin vaxt 3000 manat pul borc vermişdir. Bundan təxminən dörd gün sonra cavabdeh onun mobil telefonuna zəng edib Bakı şəhərində olduğunu bildirib 2200 manat borc pul lazım olmasını bildirmişdir. O, həmin günü cavabdehin hesab kartına 2200 manat pul köçürmüşdür. Cavabdeh ümumilikdə 5200 manat borclu olduğu pulu ona 2023-cü il mart ayı tarixinə kimi qaytaracağına söz verib üzərinə öhdəlik götürmüşdür. Ancaq cavabdeh ona olan 5200 manat pul borcunu indiyə kimi qaytarmamışdır. Dəfələrə cavabdehdən pulunu geri qaytarmasını tələb etsə də əməl etməyib pulunu qaytarmamışdır. O, buna görə Ucar Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayəti üzrə Ucar Rayon Polsi Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X7 təhqiqat aparıb 03 iyun 2023-cü il tarixdə qərar çıxarmışdır. Ucar Rayon Polis Şöbəsinin təhqiqat bölməsində aparılan araşdırma zamanı cavabdeh ondan 5200 manat pul borc almasını etiraf etmişdir. Buna görə də cavabdehdən 5200 manat pul alınıb ona verilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq bildirdi ki, 2200 manat pulu köçürməsi ilə bağlı qəbzi itirmişdir. Cavabdehə faizlə borc verməmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirdi və izahatında göstərdi ki, iddiaçıdan iki dəfə, əvvəlcə 3000 manat, sonra isə 2000 manat, cəmi 5000 manat borc almışdır, iddiaçı ona pulu faizlə vermişdir. Təxminən iddiaçıya faizə görə hissəhissə olmaqla1500 manat pul qaytarmışdır, hazırda iddiaçıya 5000 manat borcu qalmışdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Ucar Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Y.Xəlilovun cinayət işinin başlanmasının rədd olunması haqqında 03 iyun 2024-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı dəymiş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Ucar şəhəri, Pambıq zavodu yaşayış evində qeydiyyatdadır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Yuxarı Şilyan kəndində qeydiyyatdadır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir Mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 80 və 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə iclasında tərəflərin izahatı və iş materialları ilə müəyyən edildi ki, cavabdeh iddiaçıdan borca görə 5000 manat pul almış, lakin həmin borcunu iddiaçıya qaytarmamışdır. Eyni zamanda, araşdırma zamanı da cavabdeh iddiaçıdan 5000 manat məbləğində borca görə pul aldığını etiraf etmişdir. Cavabdeh borcunu iddiaçıya qaytarmamaqla iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçı cavabdehin ona məhz 5200 manat məbləğində borcunun olması barədə tələbinin, cavabdeh isə borcun faizlər ilə verilməsini şərtləndrilməsi və iddiaçıya 1500 manat pul ödəməsi barədə etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər, mülki prosessual qanunvericiliyinin tələbinə görə də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 72 manat məbləğində dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən borca görə 5000 və ödənilmiş dövlət rüsumuna görə 69,23 manat, cəmi 5069,23 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X2 borca görə 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 69 (altmış doqquz) manat 23 (iyirmi üç) qəpik, cəmi 5069 (beş min altmış doqquz) manat 23 (iyirmi üç) qəpik məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-1096/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1096/2024
14.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver