Məhkəmə qərarları › İş №2(063)-11/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-11/2024

05.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-11/2024 05.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tikiliyə sərf olunmuş vəsaitin tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı tikiliyə sərf olunmuş vəsaitin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən yaşayış evinə tərəfindən evlilik müddətində sərf olunan 16000 manat vəsaitin üçdə iki hissəsi olan 10666,66 manat vəsaitin, evlilikdən sonra sərf olunan 2000 manat vəsaitin, cəmi 12666,66 manatın cavabdehlərdən alınıb xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 01 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bu nikahdan iki övladları-04 avqust 2009-cu il təvəllüdlü qızı X7 və 09 dekabr 2013-cü il təvəllüdlü qızı X9 doğulmuşlar. Nikahları 11 iyun 2015-ci il tarixdə Ucar Rayon Məhkəməsi tərəfindən pozulmuşdur. Nikaha daxil olduqları tarixdən Cavabdeh1 ata evi olan Ucar şəhəri, Koroğlu küçəsində yerləşən 48 saylı evə (hazırkı mübahisəli ev) gəlin köçüb orada yaşamışdır, ilk gündən hər kəsdə həmin evin onların, yəni ailə olaraq Mahirlə onun evinin olduğu təsəvvürü olmuş və o, həmişə evə öz yurdu kimi baxmışdır. Bu səbəbdən də istər qazandığı, istərsə də yaxınlarının ona etdiyi maddi yardımlarını yemək xərcləri çıxılmaqla hamısını həmin evin təmiri və yaşayışa yararlı vəziyyətdə saxlanmasına sərf etmişdir. Demək olar ki, ailəsinin zəruri yemək xərclərindən başqa heç nəyə vəsait xərcləməmiş, bütün vəsaitini mübahisəli evin təmirinə və yaxşılaşdırılımasına sərf etmişdir. Dəfələrlə bu məqsədlə həm özü, həm də anası tərəfindən bankdan kredit də götürülmüşdür. Dolanışıqlarını təmin etmək məqsədilə keçmiş qaynanasının razılığı ilə 2008-2009-cu illərdə evin həyətində küçəyə açılan 22 kv.metrlik qeyri-yaşayış sahəsi də tikdirmişdir. Həmin qeyri-yaşayış sahəsinin hazırkı dəyəri 30.000 manat olmaqla, cavabdehlər hər ay icarəsindən kifayət qədər gəlir əldə edirlər. Həmin evə gəlin köçüb orada daimi yaşamağa başladıqdan sonra 22 kv.metrlik qeyri-yaşayış sahəsinin tam olaraq tikilib istifadəyə verilməsinə 12000 manat, yaşayış evinin tərəfindən ümumilikdə təmiri üçün isə 6000 manat vəsait sərf etmişdir. Qeyd etdiyi kimi onun tərəfindən qeyri-yaşayış sahəsinin tikilib istifadəyə verilməsi 2008-2009-cu illərdə, yaşayış evinin isə 4000 manat dəyərində əsaslı təmiri 2013-cü ildə həyata keçirilmişdir. 2016-cı ildə məhkəmə yolu ilə evə istifadə hüququ tanındıqdan sonra isə yeni qaz, elektrik xətti çəkdirilməkə digər xərclərə (qaz pulu, işıq pulu, ariston, təmir) tərəfindən 2000 manat vəsait xərclənmişdir. Göründüyü kimi, mübahisəli yaşayış evinə sərf etdiyi vəsaitin (12000 manat qeyri-yaşayış sahəsinin tikintisi, 6000 manat isə evin təmiri) 16000 manatı Cavabdeh1lə evlilik müddətində, 2000 manatı isə ayrıldıqdan sonrakı müddətdə xərclənmişdir. Cavabdehlər onun və iki azyaşlı qız övladlarının həmin evdən çıxarılmaları barədə məhkəmədə iddia qaldırmışlar və həmin iş üzrə tərəfindən Şəki Apelyasiya Məhkəməsinin müvafiq qətnaməsindən kassasiya şikayəti verilmişdir. Həmin şikayət üzrə tərəfindən kompensasiya məbləği mübahisələndirilir. Mübahisə predmetinə aid olmasa da vacib hal kimi, qeyd edir ki, Cavabdeh1 iki azyaşlı övladının saxlanması üçün məhkəmə tərəfindən müəyyən olunmuş alimentdən (2015-ci ildən) bu günə kimi bir manat da olsun ödəniş etməmişdir. Tam əksinə, bu günə kimi, aliment barədə icra işinin qəsdən uzadılması üçün əlindən gələni etməkdədir. Onun 2016-cı ildən mübahisəli mənzilə istifadə hüququ məhkəmə tərəfindən tanınmışdır. Onun vaxtlı-vaxtında mübahisəli tikiliyə sərf etdiyi vəsait hesabına onun qiyməti 5 qat dəyər qazanmış və həmin ev yaşayışa yararlı halda qalıbdır. Hazırda həmin ev əsas olaraq tikdirdiyi qeyri-yaşayış sahəsi hesabına alıcıların diqqətini cəlb edir. Göstərdiyi bütün faktiki hallara və qanunvcricliyin müvafiq normalarına əsasən hesab edir ki, iddia tələbində haqlıdır. Aralarında olan qeyd etdiyi məhkəmə mübahisələrində mübahisəli əmlakın dəyəri 70000 manat qiymətləndirilmişdir. Onun hazırda tələb etdiyi məsrəflərin əvəzi isə 18000 manatdır ki, bunun da 16000 manatı evlilik müddətində sərf olunmuşdur. Məhkəmə tərəfindən iki azyaşlı uşaqla təkbaşına qalmağı, başqa əmlakının olmamağı, cavabdehin isə kifayət qədər əmlaklarının olması, evlilik müdətində ailənin bütün ehtiyacları, o cümlədən hazırkı mübahisəli məsrəfləri təkbaşına qarşılamağı qanunvericiliyin yuxarıda göstərilən diqqətəlayiq mənafelər və hallar kimi nəzərə alınaraq, tikiliyə sərf olunan vəsaitin onun payına düşən hissəsi hesablanan zaman ona üstün pay hüququ, yəni üçdə iki hissə verilməsinə səbəb olmalıdır. Hazırda iddia tələbi mübahisəli tikiliyə evlilik müddətində sərf etdiyi 16000 manatın payına düşən üçdə iki hissəsinin, yəni 10666,66 manatın, evlilikdən sonra sərf eldiyi 2000 manatın, cəmi 12666,66 manatın cavabdehlərdən alınıb ona verilməsindən ibarətdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, birgə nikah dövründə 12000 manat fərdi yaşayış evinin qarşısında, yəni yolun kənarında inşa olunmuş qeyri-yaşayış sahəsinin tikintisinə, 6000 manat isə yaşadığı evin təmirinə, qalan 2000 manatı isə o, məhkəmə qərarı ilə evə köçürüldükdən sonra xərcləmişdir. Həmin evdə o və uşaqları yaşayırlar, cavabdehlər başqa yerdə yaşayırlar. İnşa olunmuş qeyri-yaşayış sahəsi 2014-2015-ci illərdən fəaliyyət göstərmir, evin təmiri zamanı orada o və Cavabdeh1 uşaqlarla birlikdə yaşamışlar, evin təmirinə cavabdehlər maddi cəhətdən köməklik etməmişlər, bankdan kredit götürmüş və işləyərək təmirə xərcləmişdir, kredit sənədlərini saxlamamışdır, yəqin ki, bankda olar, 2015-ci ildə nikahları pozulduqdan sonra həmin evdə yaşamışdır, həmçinin, ona qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edildiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hazırkı məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etdi və nümayəndəsinin və vəkilinin məhkəməyə göndərdiyi ərizə ilə razı olduğunu bildirdi. Cavabdehlərin nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi əsassızdır, belə ki, iddiaçı ilə Cavabdeh1 arasında nikah Ucar Rayon Məhkəməsinin 11 iyun 2015-ci il tarixli, 2(063)-192/2015 saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçı cavabdehlərdən hər hansı bir əmlak və ya pul tələb etməsi müddətini ötürdüyündən tələbi əsassızdır, buna görə də rədd edilməlidir (3 illik müddət). Həmçinin, izahatında göstərmişdir ki, həmin ev cavabdehlər Cavabdeh2 və Cavabdeh1 daimi yaşayış yeri olmuşdur, Cavabdeh1 ilə iddiaçı arasında nikah pozulduqdan sonra milli adətə görə iddiaçı uşaqlarla orada yaşamışdır. Əvvəllər yaşadıqları evdə təmir işlərinin aparılması labüddür, bilavasitə iddiaçı tərəfindən təmir işlərinin aparılması əsassızdır, iddiaçı təmir işlərinin aparılmasına görə bankdan kredit götürməyini bildirsə də buna görə hər hansı sənəd təqdim etməmişdir, həmçinin, iddiaçı tibb bacısı işləyir və onun əmək haqqısı o qədər də çox olmamışdır, cavabdehlər Kamran və Cavabdeh1lər, onların mərhum anası Cavabdeh3 həmin vaxt həmin evdə yaşamışlar, yaşadıqları müddətdə də təmir işlərinə pul xərcləmələri mümkündür. Həmçinin, Cavabdeh2 həmin evdə yaşamaqla qazancı və gəliri yüksək olmuşdur. Bundan əlavə, iddia ərizəsində qeyri-yaşayış sahəsinin 2008-2009-cu illərdə inşa olunduğu göstərilmiş və iddiaçı izahatında 2014-2015-ci ilə qədər fəaliyyət göstərdiyini bildirmişdir. Göründüyü kimi əldə edilən gəlir də təmirə və ailənin ehtiyacına xərclənmişdir. Əlavə olaraq bildirdi ki, 2008-2009-cu illərdə qeyri-yaşayış sahəsi inşa olunmuşdur, həmin qeyri-yaşayış sahəsinin tikintisinə dair xərci Cavabdeh2 ödəmişdir. Cavabdehlərin həmin evdə mülkiyyət hüquqları mərhum analarının ölümündən sonra vərəsəlik qaydasında yaranmışdır. Cavabdeh2 başqa yaşayış yeri olmamışdır. Həmin evdə anası və qardaşı yaşamışlar, qeyri-yaşayış sahəsinin də inşa olunması gəlir əldə etmək üçün olmamışdır. 2008-2009-cu illərdə qeyd olunan qeyri-yaşayış sahəsinə 12000 manat məbləğində pulun xərclənməsi ağlabatan deyildir. Cavabdehlərin vəkili hazırkı məhkəmə iclasında iddiaçının tələbini əsassız hesab etdi, əlavə olaraq göstərdi ki, məhkəmə qətnaməsi ilə iddiaçıya kompensasiya ödənilmişdir və Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2-1(116)-576/2024 nömrəli qərarı ilə iddiaçının həmin evdən qeydiyyatdan çıxarılması barədə Ucar Rayon Polis Şöbəsinin üzərinə öhdəlik qoyulmuşdur. Qərardan şikayət verilməmiş və qərar qüvvəyə minmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, iddiaçının keçmiş əri Cavabdeh1 onun dayısının nəvəsidir, yəni atası dayısı oğlu olmuşdur. İddiaçı 2008-ci ildə ailə qurmuş, Ucar şəhəri, Koroğlu küçəsində yerləşən 48 nömrəli evə gəlin köçmüşdür. Əvvəllər münasibətləri yaxşı olmuş, sonradan ailə mübahisələri olmuşdur. İddiaçı ailə qurub evə köçdükdən sonra mağaza inşa olunmuş və həmin evdə təmir işləri aparılmışdır. Həmin vaxt evdə iddiaçının qaynanası da yaşamışdır, həmçinin, bir müdət iddiaçının baldızı Mahirə də ev tikdirdiyindən uşaqları ilə birlikdə həmin evdə yaşamışdır. Həmin müddətdə Mahir işləmirdi. Kamran da həmin evdə yaşamışdır, Kamran anasının sağlığında Rusiyaya getmiş, anası öləndən sonra qayıtmışdır. Əlavə olaraq bildirdi ki, təmir işlərinin aparılmasına iddiaçı xərc çəkmişdir. Çünki iddiaçı həmin vaxt işləmişdir. Əvvəllər cavabdehlərlə mübahisələri olmuşdur. Günel boşandıqdan sonra məhkəmə qərarı ilə həmin evə yenidən köçmüşdür, yenidən köçəndən sonra qaz, su xətti çəkdirmiş, hamamda müəyyən işlər gördürmüş, evin daxilində də təmir işləri gördürmüşdür. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, iddiaçının yaşadığı Ucar şəhəri, Koroğlu küçəsində yerləşən evdə təxminən 2017-ci ilin payız vaxtı qaz xətti çəkmiş və sayğac qurmuşdur, buna görə də xərci Günel ödəmişdir, amma dəqiq məbləği xatırlamır. Əvvəllər həmin evdə sayğac olmuş və kəsilmişdir, layihə təsdiq olunduqdan sonra qaz xətti çəkilmiş, bunun üçün materiallar da alınmışdır. Əlavə olaraq bildirdi ki, qaz xəttinin uzunluğu 40 metr olardı, mətbəxə və bir otağa qaz xətti çəkmişdir. Materialın pulunu iddiaçı ödəmişdir. Məhkəmə, iddiaçının və cavabdehlərin nümayəndəsinin və vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sübutları tədqiq etməklə, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 11 iyun 2015-ci il tarixli, 2(063)- 192/2015 nömrəli qətnaməsi ilə X11 ilə Cavabdeh1 arasında Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 295 nömrə ilə qeyd edilmiş olan 01 noyabr 2008-ci il tarixli nikahın pozulması, tərəflərin birgə nikahlarından olan uşaqları Məhruzənin və Əsmanın anası G.Hacıyevanın himayəsində saxlanılması və Cavabdeh1 10 fevral 2015-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 140 manat, hər uşağa 70 manat alimentin tutulub 04 avqust 2009-cu ildə anadan olmuş Məhruzənin və 09 dekabr 2013-cü ildə anadan olmuş Əsmanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ucar şəhəri, D.Qorqud küçəsi, bina 7, mənzil 8-də yaşayan X8 verilməsi qət edilmişdir. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 25 fevral 2016-cı il tarixli, 2(063)- 43/2016 nömrəli qətnaməsi ilə X5 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbi barədə iddiası təmin olunmuş, X5 uşaqları Məhruzə və Əsma ilə birlikdə Cavabdeh1 ilə nikah münasibətlərində olduğu zaman yaşadığı və hal-hazırda qeydiyyatda olduğu ünvan 1 saylı evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(063)- 784/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı 10.000 (on min) manat məbləğində kompensasiya verilməklə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İş materiallarında olan 19 oktyabr 2019-cu il tarixli, ******* nömrəli və 21 avqust 2014-cü il tarixli, ******* nömrəli qaimələrindən görünür ki, alıcı İddiaçı müvafiq olaraq 1154,90 manat və 1044,70 manat dəyərində tikinti materialları satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin 15 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Ərazi İdarəsinin mövcud arxiv materiallarında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə 04 may 2007-ci il tarixli tərtib edilmiş texniki pasporta hamam binasından başqa hər hansı bir həyət tikilisi qeyd edilməmişdir. Həmçinin, sözügedən köhnə hamam binası hazırda həyət tikilisi kimi mövcuddur. Həmin ilin ortafoto məlumatlarına əsasən sözügedən fərdi yaşayış evinə məxsus həyətyanı torpaq sahəsi üzərində hamam tikilisindən başqa hər hansı tikilinin olmaması aşkar edilmişdir. Hazırda həmin torpaq sahəsi üzərində əlavə olaraq qeyri-yaşayış binası mövcuddur. Həmçinin, məhkəməyə həmin idarə tərəfindən Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair illər üzrə əldə edilməsi mümkün olan ortafoto görüntüləri təqdim olummuşdur. İş materiallarında olan Ucar Bələdiyyəsinin 08 sentyabr 2022-ci il tarixli, 93 nömrəli arayışından görünür ki, Ucar şəhər sakini Cavabdeh1 mərhum anası X3 məxsus ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsində 2009-cu ildə 47,5 kv.metrdən ibarət sahibkarlıq obyekti tikmişdir. İş materiallarında olan "xxxx" MMC-nin hesabatından görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmir-tikinti xərclərinin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 11921,9 manat təşkil edir. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Ucar şəhəri, Dədə Qorqud küçəsi, ev 11, mənzil 3-də qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir əmlakın ərarvadın birgə mülkiyyəti hesab edilə bilməsi üçün həmin əmlak məhz nikah müddətində ər-arvadın qazancları hesabına əldə edilmiş olmalı, hədiyyə və ya vərəsəlik qaydasında aldıqları əmlak isə onların hər birinin ayrıca mülkiyyətidir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli Qərarına əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olan aktivlərin siyahısı Ailə Məcəlləsinin 32.2-ci maddəsində göstərilmişdir: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak. Qanunverici ər-arvadın hər birinin əmlakının onların ümumi mülkiyyəti hesab edilməsi ilə bağlı xüsusi qayda da müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, ərə (arvada) ayrıca məxsus olan əmlaka nikahda olduqları dövrdə onların ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına onun dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Bu məsələni tənzimləyən analoji norma Mülki Məcəllənin 225.4-cü maddəsidir. Ərin-arvadın hər birinin əmlakına istənilən yaxşılaşdırma deyil, yalnız onun dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın edilməsi və bu yaxşılaşdırmanın məhz nikah dövründə onların ümumi əmlakı və ya digər tərəfin ayrıca əmlakı hesabına həyata keçirilməsi müəyyən edilərsə, bu maddənin tətbiqi mümkündür. Mübahisəli əmlakın dəyərini artıran vəsait nikah dövründə qoyulsa belə, ər-arvadın ümumi əmlakı və ya onların ayrıca əmlakı hesabına deyil, əmlakın məxsus olduğu tərəfin şəxsi vəsaiti hesabına həyata keçirildiyi müəyyən edilərsə, Ailə Məcəlləsinin 35-ci maddəsi mübahisəyə tətbiq edilə bilməz. Mülki Məcəllənin 225.4-cü və Ailə Məcəlləsinin 35-ci maddəsinin dispozisiya şərtləri baxımından nəzərə alınmalıdır ki, ərin (arvadın) ayrıca əmlakının onların ümumi mülkiyyəti sayılması üçün əsas şərt qoyulan vəsaitin həcmi olmayıb, məhz qoyulmuş bu vəsait hesabına ər-arvadın hər birinin əmlakının dəyərinin xeyli və yaxud əhəmiyyətli dərəcədə artmasıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, bu cür əmlakda tərəflərin payları ərin (arvadın) diqqətəlayiq mənafeyi nəzərə alınaraq, fərqli şəkildə müəyyən edilə bilər. Belə ki, həmin mübahisələrə baxan məhkəmələr ayrıca əmlakın ümumi əmlak sayılmasını tələb edən tərəfin payını ərə (arvada) ayrıca məxsus olan əmlakın dəyərini artıran vəsaitin qoyulduğu dövrdə həcmi və həmin vəsaitdə mübahisə edən tərəfin iştirak dərəcəsini nəzərə alaraq (buna mütənasib olaraq) müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında iş materialları və şahid ifadələri ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 nikahlarını 01 noyabr 2008-ci ildə bağlamışlar. Onların birgə nikahda olduqları vaxtda ünvan 1 ünvanında yerləşən yaşayış evinin həyətində qeyri-yaşayış sahəsi tikilmişdir (inşa olunmuşdur). İddiaçı, ünvan 1 ünvanında yerləşən yaşayış evinə tərəfindən evlilik müddətində sərf olunan 16000 manat vəsaitin üçdə iki hissəsi olan 10666,66 manat vəsaitin, evlilikdən sonra sərf olunan 2000 manat vəsaitin, cəmi 12666,66 manatın cavabdehlərdən alınıb xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiш etmişdir. Məhkəmə hesab edir ki, həmin qeyri-yaşayış sahəsinin inşası (tikintisi) ilə bağlı çəkilən xərc iddiaçı ilə Cavabdeh1 birgə nikahda olduqları dövrdə olmuşdur. Buna görə də mütəxəssis rəyi nəzərə alınmaqla iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmir-tikinti xərclərinin həcmi və dəyəri olan 11921,90 manat məbləğində pulun ikidə bir hissəsi, yəni 5960,95 manat məbləğində pul cavabdehlərdən alınıb iddiaçıya verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə, iddiaçının qalan hissədə iddiasını əsaslı hesab etmir və bununla bağlı qeyd edir ki, iddiaçının həmin evdə yaşadığı müdətdə cari təmir işlərinin aparılması və kommunal xərclərin ödənilməsi ilə bağlı çəkdiyi xərclərin cavabdehlərdən tutulması barədə tələbi əsaslı hesab oluna bilməz. Belə ki, iddiaçı həmin evdə yaşamış, yaşadığı müddətdə də həmin evdən və kommunal xidmətlərdən istifadə etmişdir. Həmçinin, məhkəmə cavabdehlərin vəkilinin etirazı ilə bağlı qeyd edir ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 2019-cu il 29 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq, müvafiq nəticəyə gəlməlidirlər. Məsələyə başqa cür yanaşma, yəni nikah dövründə ər-arvadın əldə etdiyi ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımının nikah pozulduğu andan hesablanması ər-arvadın ümumi əmlakla bağlı mülkiyyət hüquqlarının realizə imkanlarının qeyri-mütənasib və qanunvericiliyin mahiyyətinə zidd məhdudlaşdırılmasına səbəb olardı. Beləliklə, ər-arvadın əmlak bölgüsünə dair mübahisələrə baxarkən məhkəmələr nəzərə almalıdır ki belə mübahisələr üzrə hər bir halda nikahın pozulması ilə iddia müddətinin axımı başlanmır. Məsələn, nikah pozulduqdan sonra keçmiş ər-arvad ümumi əmlakdan birlikdə istifadə etməyə davam edirlərsə, yaxud ər (arvad) ümumi əmlakın mövcudluğu barədə məlumatsızdırsa, iddia müddəti ər-arvaddan biri tərəfindən digərinə mübahisəli əmlaka münasibətdə öz hüquqlarını həyata keçirməyə maneə yaratdığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Mülki prosessual qanunvericiliyinin tələbinə görə də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının vəsatəti ilə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinə qiymət verərək bu nəticəyə gəlir ki, qeyd olunan şəxslərin ifadələri digər sübutlarla təsdiq olunduğundan sübut kimi qəbul edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmir tikinti xərclərinin həcmi və dəyəri olan 11921 (on bir min doqquz yüz iyirmi bir) manat 90 (doxsan) qəpik məbləğində pulun ikidə bir hissəsi, yəni 5960 (beş min doqquz yüz altmış) manat 95 (doxsan beş) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar