Məhkəmə qərarları › İş №2(063)-1113/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1113/2024

29.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1113/2024 29.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı borcun qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2330 manat borcun və 43,30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh onun tanıdığı X3 vasitəsi ilə bir neçə dəfə ondan borc pul istəsə də o, cavabdehə rədd cavabı vermişdir. X4 münasibəti olduğu üçün ondan cavabdehə pul verməsini xahiş etmiş və ona demişdir ki, cavabdehdən pulun uzağı bir-iki aya qədər alınıb verilməsinə cavabdehdir, o da Rafiq Musayevə inandığı üçün razılaşmışdır. Cavabdeh ondan sonra müxtəlif vaxtlarda ondan pul alıb qaytarsa da özünü onun yanında düzgün adam kimi göstərərək ondan müxtəlif vaxtlarda cəmi 2330 manat pul almışdır. Cavabdeh ona aldığı pulu qaytaracağına söz versə də sözünə əməl etməmişdir. Cavabdeh işlədiyi işindən məzuniyyətə çıxaraq Rusiyanın şəhərinə qaçmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq bildirdi ki, cavabdehin ona 2330 manat borcu qalmışdır. Həmin məbləğdə pulu müxtəlif vaxtlarda borc kimi vermiş və buna görə də faiz tələb etməmişdir. Məhkəməyə müraciət etdikdən sonra da cavabdeh həmin məbləğdə borcunu qaytarmamış, lakin qaytaracağına söz vermişdir. İş materiallarında olan sənədlərdən başqa sübutu yoxdur. Təqdim etdiyi qəbzdə 330 manat pulu cavabdehin hesabına köçürtmüşdür, həmin hesabın cavabdehə məxsus olması barədə əlavə sübutu yoxdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, iddiaçı və cavabdeh onun tanışlarıdır, cavabdeh ondan iddaçı ilə tanış etməyi xahiş etmişdir. O da onlarla birlikdə xəstəxananın həyətində görüşmüşlər. Cavabdeh ondan iddiaçıdan borca görə pul almağını bildirmişdir. Onun iştirakı ilə iddiaçı cavabdehə borca görə pul vermişdir, amma nə qədər verməyini və tarixini xatırlamır. Əlavə olaraq bildirdi ki, məhkəməyə təqdim edilmiş borc müqavilələrindəki onun adının qarşısındakı imza ona məxsusdur. Həmin müqavilələrdə göstərilənlər düzgündür. Məhkəmə, iddiaçının izahatını və şahidin ifadəsini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan borc müqaviləsindən görünür ki, cavabdeh iddiaçıdan 19 yanvar 2023-cü ildə 500 manat borc pul almış, aldığı pulu 03 fevral 2023-cü il tarixində qaytarmağına söz vermişdir. İş materiallarında olan borc müqaviləsindən görünür ki, cavabdeh iddiaçıdan 20 yanvar 2023-cü ildə 1000 manat borc pul almış, aldığı pulu 20 fevral 2023-cü il tarixində qaytarmağına söz vermişdir. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Ucar şəhəri, M.Əliyev küçəsi, ev 3-də qeydiyyatdadır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Alpı kəndində qeydiyyatdadır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 80 və 88-ci maddələri). Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçıdan borca görə 500 manat və 1000 manat olmaqla, cəmi 1500 manat pul almış, lakin həmin borcunu qaytarmamışdır. Cavabdeh borcunu iddiaçıya qaytarmamaqla iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçı cavabdehin ona məhz 2330 manat məbləğində borcunun olması barədə tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, mülki prosessual qanunvericiliyinin tələbinə görə də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin iddiaçıya 1500 manat borcunun olması həm borc müqavilələri, həm də şahid ifadəsi ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə, iddiaçının vəsatəti ilə məhkəmə iclasında dindirilmiş şahidin ifadəsinə qiymət verərək bu nəticəyə gəlir ki, mübahisə ilə bağlı qeyd olunan şəxsin ifadəsi digər sübutlarla (borc müqavilələri ilə) təsdiq olunduğundan sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 43,40 manat məbləğində dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən borca görə 1500 manat və ödənilmiş dövlət rüsumuna görə 27,94 manat, cəmi 1527,94 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 1500 (bir min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 27 (iyirmi yeddi) manat 94 (doxsan dörd) qəpik, cəmi 1527 (bir min beş yüz iyirmi yeddi) manat 94 (doxsan dörd) qəpik məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar