Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1120/2024 15.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1500 manat pulun və ödənilmiş 41 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə əvvəllər tanışlıq münasibətləri olmuşdur. 2024-cü ilin mart ayında cavabdeh ondan 1500 manat borc pul istəmiş, cavabdehə inandığına və etibar etdiyinə görə cavabdehə borc şəklində nəğd olaraq 1500 manat borc vermişdir. Cavabdeh ona vəd etmişdir ki, borcunu bir ay müddətində qaytaracaqdır. Cavabdeh, Tovuz rayonunda yerləşən hərbi hissədə hərbi xidmətdə olmuşdur. Cavabdeh hərbiçi olduğuna görə də borc verməyi özünə borc bilmişdir. Cavabdeh borcunu vaxtında vermədiyinə görə dəfələrlə borcunu istəmiş, cavabdeh borcunu ödəyəcəyini vəd etsə də müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Dəfələrlə telefon danışıqları olmuşdur. Hesab edir ki, cavabdeh onun etibarından sui-istifadə edərək borcunu könüllü olaraq qaytarmaq fikrində deyildir. Ona görə də borc pul cavabdehdən məcburi qaydada alınıb ona qaytarılmalıdır. O, özü də 1-ci qrup əlildir, heç bir yerdə də işlyə bilmir. Verdiyi borca müalicəsi üçün böyük ehtiyacı da var. Hətta cavabdehin səs yazısı da var və həmin sübutu ərizəsinə əlavə etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq bildirdi ki, məhkəməyə müraciət etdikdən sonra da cavabdeh borcunu qaytarmamış və zənglərə cavab verməmişdir. Həmçinin, bildirdi ki, həmin telefon danışıqları onunla cavabdeh arasında olmuşdur və səs yazıları onun və cavabdehindir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Tovuz rayonu, Əlimərdanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatdadır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 80 və 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı tərəfindən məhkəməyə tərəflər arasındakı səs yazısı olan disk təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə iclasında iddiaçının izahatı və iş materialları ilə müəyyən edildi ki, cavabdeh iddiaçıdan borca görə 1500 manat pul almış, lakin həmin borcunu iddiaçıya qaytarmamışdır. Cavabdeh borcunu iddiaçıya qaytarmamaqla iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı həmçinin, iddia ərizəsində 41 manat dövlət rüsumunun tutulmasını tələb etmiş və təqdim etdiyi qəbzdən görünür ki, o, 09 sentyabr 2024-cü ildə məhkəməyə dövlət rüsumuna görə 40 manat pul ödəmişdir. Odur ki, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 40 manat məhkəmə xərclərinə aid edilməli və həmin məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən borca görə 1500 və ödənilmiş dövlət rüsumuna görə 40 manat, cəmi 1540 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 1500 (bir min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 40 (qırx) manat, cəmi 1540 (bir min beş yüz qırx) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-1120/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1120/2024
15.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver