Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-182/2024 15.02.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "reqres qaydasında pul" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "reqres qaydasında pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1678,51 manat məbləğində pulun və ödənilmiş 37 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdehlə BOKT "xxxx" MMC arasında bağlanmış 03 iyul 2014-cü il tarixli, L-BK- 0026918-F saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 1000 ABŞ dolları məbləğində kredit verməklə yanaşı, kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank onunla eyni tarixdə zaminlik müqaviləsi bağlamışdır. Bundan sonra, cavabdeh tərəfindən kredit ödənilmədiyi üçün BOKT "xxxx" MMC məhkəməyə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2016-cı il tarixli, 2(005)-2074/2016 nömrəli məhkəmə əmrinə əsasən ondan və cavabdehdən müştərək qaydada 692,73 ABŞ dolları məbləğində əsas, 325,52 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1018,25 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Cavabdeh borcunu ödəmədiyi üçün 25 fevral 2016cı il tarixli məhkəmə əmrinin icrasını təmin etmək məqsdilə Nərimanov rayon icra və probasiya şöbəsi tərəfindən borc onun əmək haqqına yönəldilmişdir. Belə ki, əmək haqqından 1678,51 manat məbləğində pul tutularaq BOKT "xxxx" MMC-yə ödənilmişdir (bununla bağlı arayış iddia ərizəsinə əlavə olunmuşdur). Tərəfindən banka ödənilmiş 1678,51 manat pulu hal-hazıradək qaytarılmamış, bununla əlaqədar cavabdehə etdiyi müraciətlər nəticəsiz qalmışdır. Ona görə də, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, 03 iyul 2014-cü il tarixli, L-BK-0026918-F nömrəli kredit müqaviləsinə əsasən BOKT "xxxx" MMC tərəfindən Cavabdeh 18 ay müddətinə 1000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni tarixli, BK-00018804 nömrəli zaminlik müqaviləsindən görünür ki, kreditorla borclu arasında bağlanmış 03 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 1000 ABŞ dolları məbləğində 18 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin İddiaçı borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. İşdə olan Nərimanov Rayon Məhkəməsinin 25 fevral 2016-cı il tarixli, 2(005)- 2074/2016 nömrəli məhkəmə əmrinin surətindən görün ki, Cavabdeh və İddiaçı müştərək qaydada 692,73 ABŞ dolları məbləğində əsas, 325,52 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1018,25 ABŞ dolları məbləğində borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatla və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 1 saylı Xidmət və Əməliyyat Mərkəzi tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli, 355 nömrəli arayışdan görünür ki, cəmi 1678,51 manat məbləğində pul İddiaçı əmək haqqından tutularaq BOKT "xxxx" MMC-yə ödənilmişdir. İşdə olan 12 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia tələbi üzrə 37 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh İddiaçı kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən, zaminlik müqaviləsi gələcəkdə yarancaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 03 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və öhdəliyi icra etmədiyi üçün İddiaçı bir zamin kimi onun əvəzindən BOKT "xxxx" MMC-yə cəmi 1678,51 manat ödəniş etmişdir. Lakin, cavabdeh 1678,51 manat məbləğində olan borcundan iddiaçıya indiyədək heç bir ödəniş etməmişdir. Beləliklə, zamin İddiaçı bank qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirsə də, əsas borclu Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə kreditorun əsas borcluya qarşı kredit müqaviləsi üzrə hüquqları təmin edilmiş pul öhdəliyinə münasibətdə zaminə keçmiş və əsas borclunun zamin qarşısında məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1678,51 manat məbləğində pul, habelə ödənilmiş 37 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1678,51 (bir min altı yüz yetmiş səkkiz manat 51 qəpik) manat, habelə ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1715,51 (bir min yeddi yüz on beş manat 51 qəpik) manat pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №2(063)-182/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-182/2024
15.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver