Məhkəmə qərarları › İş №2(063)-20/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-20/2024

03.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-20/2024 03.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul vəsaitinin tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 15810 manat pul vəsaitinin və 137,43 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, tərəfindən cavabdehə 2021-ci ilin aprel ayında kriptovalyutanın yaradılmasının həyata keçirən 2 ədəd “mayner aparatı”nın gətirilməsi məqsədilə 9300 USD, ümumilikdə 15810 manat pul ödənilmişdir. Ödənişə dair qəbz əlavə edilir. Ödəniş cavabdehin bank hesabına köçürülmüşdür. Bir müddət sonra cavabdeh tərəfindən qeyd edilən aparatların gətirildiyi bildirilsə də bu günə qədər ona təqdim edilməmiş, ödənilmiş məbləğ isə geri qaytarılmamışdır. Həmin məsələ ilə əlaqədar Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində araşdırma aparılmış və polis şöbəsinin təhqiqatçısı Şahin Nurəliyev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara, eyni zamanda cavabdehin polisdə verdiyi ifadə və iddiaçı tərəfindən təqdim edilən ödəniş qəbzinə əsasən yuxarıda qeyd edilən faktlar öz təsdiqini tapır və təkrarən məhkəmədə sübut edilməsi tələb olunmur. Cavabdehlə aralarında hər hansı hüquqi əsas olmadan ona məxsus pulları mənimsədiyindən o, əsassız varlanmış sayılmalı və ona məxsus pulu geri qaytarmalıdır. Bundan başqa, 2021-ci ilin aprel ayından hazıradək ölkədə olan rəsmi infilyasiya faizi 20 faiz nəzərə alınmalıdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq bildirdi ki, iddia ərizəsində 9300 USD göstərilsə də əlavə olunmuş qəbzdə 8604 USD köçürülmüşdür. Müddətin keçməsi nəzərə alınaraq tələb olunan məbləğdə pulun və ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzində, eyni zamanda, tərəflərin və digər şəxslərin “WhatsApp” yazışmalarında cavabdeh iddiaçının ona verdiyi pulun öz hesabında olduğunu və hesabında saxlanıldığını təsdiq etmişdir. Qeyd olunan vəsait iddiaçının həyat yoldaşı X2 istifadəsində olan "xxxx" kartından cavabdehin Böyük Britaniyadakı “Revolut” bankda olan kart hesabına 26 aprel 2021-ci ildə köçürülmüşdür. “WhatsApp” yazışmaları 2021 və 2022-ci illərdə olmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan prokurora və məhkəməyə şikayət etməmişdir. Cavabdeh məhkəməyə mülki iş üzrə iddia ərizəsinə etiraz göndərmiş və etirazda göstərmişdir ki, iddiaçı xarici sayt üzərindən uğursuz alqı-satqı əməliyyatı üzrə itirdiyi vəsaiti ondan almağa cəhd edir, halbuki, onun bu alqı-satqı əməliyyatına heç bir aidiyyəti yoxdur. Hətta iddiaçının təqdim etdiyi qəbz də pulun ona verilmədiyini, xaricə köçürüldüyünü göstərir. Belə ki, iddiaçı ərizədə guya ki, ona 9.300 USD (15.810 manat) pul verdiyini bildirir və bunun sübutu kimi qəbzin surətini əlavə edir. Lakin, əvvəla qəbzdə dollarla qeyd edilmiş məbləğ iddiaçının dediyi məbləğə heç cür uyğun gəlmir. İkincisi, qəbzdən görünür ki, 6.100 funt sterlinqin ekvivalenti olaraq 8.604,20 USD vəsait iddiaçının kart hesabından Böyük Britaniyadakı elektron hesaba köçürülmüşdür. İddiaçıya etdiyi ödənişin müqabilində pulu almış şəxslər tərəfindən heç bir avadanlıq göndərilmədi. Ona bu saytın kimə məxsus olması, pulun kimə çatması barədə heç nə məlum deyil. İddiaçı digər sübut kimi Xətai RPİ-nin 37-ci Polis Şöbəsində ərizəsi ilə aparılmış araşdırma nəticəsində qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar”a istinad edir və bildirir ki, yuxarıda qeyd edilən faktlar öz əksini tapmışdır və təkrarən məhkəmədə sübut edilməsi tələb edilmir. Lakin bu da tutarsız dəlildir. Çünki cinayət təqibi üzrə qüvvəyə minmiş qərar mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi). Sözügedən qərarda nə istinad edilən hadisənin olması, nə də hadisəyə onun aidiyyəti haqqında qeyd yoxdur. Qərarda ümumiyyətlə heç bir hal müəyyən edilməmişdir. Qərarda sadəcə tərəflər arasında əmələ gəlmiş bu münasibətlər mülki xarakterli olduğu, şikayətçinin tələbinin məhkəmə səlahiyyətlərinə aid olması göstərilməklə, cinayət işinin başlanması rədd edilmişdir. Sözügedən qərarda təhqiqatçı bir sıra səhvlərə yol vermiş (onun adı səhv göstərilmiş, verildiyi pul manatla yazılmış və s.), onun dediyi sözləri də təhrif etmişdir. Şərh edilənlərə görə həmin qərar mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçını 2015-ci ildən işə götürmüş və iddiaçı onun yanında işləmişdir. 2021-ci ilin aprel ayında iddiaçı ona müraciət edərək, özünün tapdığı veb sayt vasitəsilə 3 ədəd DCR-mayner serverləri almaqda ona köməklik göstərməyini xahiş etmişdir. O da iddiaçıya bu ödənişin necə edilməsini izah etmişdir. İddiaçı ona heç pul vəsaiti verməmişdir. Daha sonra 2021-ci ilin oktyabr ayında onun vəsaitləri (investorun qoyuluşu ilə), habelə iddiaçı istisna olmaqla, bütün digər işçilərin də vəsait yatırımları hesabına birlikdə cəmi 61 ədəd aşağı qiymətli “Bitcoin” serverləri almışlar və ölkəyə idxal etmişlər. Bu avadanlıqlar Çindən alınmışdır və iddiaçının ödəniş etdiyi saytla heç bir əlaqəsi yoxdur. Bu avadanlıqlardan 2 ədədini o, humanistlik edib, yardım göstərmək üçün iddiaçı üçün nəzərdə tutmuşdur. İddiaçı da daxil olmaqla hamısı razılaşdılar ki, idxal edilən avadanlıqlardan xarab gələni olarsa, onlar proporsional olaraq iştirakçılar arasında bölüşdürüləcəkdir. Çindən gətirilmiş avadanlıqlar, onların çoxunda qüsurlar aşkar olunsa da, aralarında bölüşdürülmüşdür. İddiaçı onun üçün ayrılmış 2 avadanlığı hələ də götürməmişdir. Nəticə olaraq bildirir ki, iddiaçı ona heç bir vəsait verməmişdir, bunu heç bir sübutla təsdiq etmir, ortaya qoyduğu sübut isə iddiaçının iddiasından tam fərqli qənaətə gətirir. İddia tamamilə əsassızdır. İddiaçı istinad etdiyi halları məntiqlə izah etməli və mötəbər sübutlarla sübut etməlidir. Lakin iddiaçı bunu etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı qəbul etməyərək iddia ərizəsinə etirazda göstərilən dəlilləri təsdiq etdiyini bildirdi, əlavə olaraq göstərdi ki, cavabdeh qeyd edir ki, iddiaçı tərəfindən onun hesabına həmin məbləğdə pul köçürülməmişdir. İddiaçının nümayəndəsi və vəkili bildirir ki, həmin pul iddiaçının həyat yoldaşının hesabından köçürülmüşdür, məhkəmədə iddiaçının həyat yoldaşının iddiasına baxılmır. Bir daha bildirir ki, məhkəməyə "xxxx" ASC-dən daxil olmuş məlumat cavabdehə təqdim olunmuşdur, cavabdeh bildirir ki, “Checkout SAS” elektron maliyyə təşkilatında hesabı olmamışdır. Cavabdeh cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan şikayət verməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, iddia ərizəsini və iddia ərizəsinə etirazı iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin təhqiqatçısı Ş.Nurəliyevin cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 noyabr 2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Həmin qərarın təsviri hissəsində göstərilmişdir ki, araşdırma materialından da göründüyü kimi tərəflər arasında əmələ gəlmiş bu münasibətlər mülki xarakterli olduğundan, material üzrə cinayət işinin başlanılması rədd edilməli, İddiaçı tələbinin məhkəmə səlahiyyətinə aid olmasını nəzərə alaraq ona tələbi ilə əlaqədar məhkəmə orqanına müraciət etmək hüquqlarının olması izah olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Verdiktum” Vəkil Bürosunun vəkili Nümayəndə2 tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıqlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 15810 manat pul vəsaitinin 10 yanvar 2023-cü il tarixədək geri qaytarılması xahiş olunmuş, həmin vəsait bütövlükdə qeyd edilən tariəxədək geri qaytarılmadıqda fəaliyyəti ilə əlaqədar digər investorlar da üçüncü şəxs kimi cəlb olunmaqla 15810 mantın, ödəniş edilmiş gündən hazıradək hesablanmaqla əldən çıxmış faydanın (mayner tərəfindən qazanılmış pulu) və vəkil xərclərinin tələb edilməsi üzrə məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 ünvanlanmış 14 iyun 2023-cü il tarixli, 20xx/xx/4704 nömrəli məktubdan görünür ki, T.Qasımlının istifadəsində olan 523915******6943 nömrəli plastik kartdan 24 aprel 2023-cü il tarixdə 6100 GBR (8561,39 USD) məbləğində köçürmə əməliyyatı (əməliyyat üzrə komissiya 42,81 USD) icra edilmişdir. İcra edilmiş əməliyyat üzrə təyinat kart hesabından çıxarışda əks olunur. Məktuba əlavə edilmiş ödəniş kartı üzrə çıxarışda 26 aprel 2021-ci ildə 8561,39 USD məbləğində pulun köçürüldüyü göstərilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 13 mart 2024-cü il tarixli, 2024/111/6961 nömrəli məktubdan görünür ki, qeyd edilən tarixdə X2 istifadəsində olan 523915******6943 nömrəli plastik kartdan məxaric olunan vəsait Checkout SAS elektron maliyyə təşkilatındakı hesaba köçürülmüşdür. Əməliyyat tarixindən uzun müddət keçdiyindən araşdırma aparılması üçün “Master Card”a müraciət mümkün olmamışıdr. İş materiallarından görünür ki, məhkəməyə mobil telefon vasitələri ilə 14 may 2021-ci il-13 dekabr 2021-ci il və 08 may 2022-ci il-05 oktyabr 2022-ci il tarixlərdə aparılmış yazışmalar əlavə edilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, iddiaçı, Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, ev 104-də qeydiyyatdadır. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsində olan məlumatdan və MAPS şöbəsinin 10 yanvar 2023-cü il tarixli arayışından görünür ki, cavabdeh, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatdadır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir Mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, kriptovalyutanın yaradılmasını həyata keçirən 2 ədəd “mayner aparatı”nın gətirilməsi məqsədilə iddiaçının əri X2 istifadəsində olan 523915******6943 nömrəli plastik kartdan 26 aprel 2021-ci il tarixdə 8561,39 USD məbləğində köçürmə əməliyyatı icra edilmişdir. Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, eyni zamanda iddiaçıdan aldığı pul vəsaitini geri qaytarmamış, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin bununla bağlı etirazında göstərilənləri, habelə iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğin məhz 9300 USD olmasını məhkəmə əsaslı hesab etmir. İş materialları ilə iddiaçının iddiasının qismən əsaslı olması müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015ci il 11 fevral tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 137,43 manat məbləğində dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 8561.39 USD məbləğində pul ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, habelə iş üzrə ödənilmiş dövlət rüsumuna görə 137,43 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8561.39 (səkkiz min beş yüz altmış bir, otuz doqquz) USD məbləğində pul ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, habelə iş üzrə ödənilmiş dövlət rüsumuna görə 137 (bir yüz otuz yeddi) manat 43 (qırx üç) qəpik məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar